Əsas Səhifə > Ana xəbər / Güney Press > İranın əsas hədəfi İsrail deyil, Türkiyə və Azərbaycandır
İranın əsas hədəfi İsrail deyil, Türkiyə və AzərbaycandırBu gün, 07:14 |
“İran nüvə silahı əldə etməyəcəyini və bu məqsədlə uranın zənginləşdirilməsi aparmayacağını bildirir. “Bizim uranı zənginləşdirmək istəyimiz silah məqsədli deyil, həyatın digər sahələri və sağlamlıqla bağlıdır” kimi müxtəlif izahlar verməsi çox inandırıcı deyil. İranın bu mövzuda dürüst olmadığını düşünmək məntiqlidir. Əgər İran həqiqətən inandırıcı olsaydı, məsələnin ilk günündən razılığa gələrək, həm öz ölkəsində, həm də İsraildə belə dağıdıcı nəticələrin qarşısını ala bilərdi. Hazırda İran İsrail qarşısında çox da davam gətirə bilməyəcəyini başa düşmüş kimi görünür. Çünki texnologiya, imkanlar və qabiliyyət baxımından İsrail ilə İranı müqayisə etmək düzgün deyil”
Bunu Moderator.az-a açıqlamasında türkiyəli politoloq İsmayıl Cingöz deyib.Onun sözlərinə görə, 1979-cu ildən bəri İran bir çox sanksiyalara məruz qalıb, texnoloji baxımdan geridə qalıb və məhdud imkanlarla bir şeylər etməyə çalışan bir dövlət vəziyyətindədir:
“Bəzi məhdud imkanlarla hərbi texnika istehsal etməyə çalışır, eyni zamanda nüvə silahı əldə etmək məqsədilə uranı zənginləşdirməyə çalışdığı da məlumdur. Bu məsələdə Amerika, İsrail və Qərb kəşfiyyatının dəqiq məlumatlar əldə etməsi ehtimalı yüksəkdir. Məsələn, Mossad-ın İran kəşfiyyatına nə qədər sızdığı, münaqişə və savaş mühiti zamanı bir daha özünü göstərdi. Belə ki, İran kəşfiyyatının Mossadın əlində olduğu vəziyyət müşahidə olunub.
Əgər İran nüvə silahı hazırlasa, onun hədəfi İsrail, Amerika və ya Qərb olmayacaq. İranın əsas hədəfi Türkiyə, Azərbaycan və ümumilikdə türk dünyası olacaq. Buna görə də, Qərbin öz-özünə yaratdığı qorxu və narahatlıq əsassızdır. Əgər İran nüvə məsələsində Amerika ilə razılığa gəlsə, münaqişələrin qısa zamanda sona çatacağı şübhəsizdir. Çünki Amerika da bu müharibənin uzanmasını istəmir. Əgər müharibə uzansa, Amerika İranla böyük maddi, mənəvi və hərbi enerji sərf etməli olacaq. Əksinə, Amerika da İrana sülh yolunu təklif edir. Amerika, İran ilə birlikdə İsrail, Rusiya və Hindistanı Çinə qarşı mübarizədə bir blok yaratmağa çalışarkən, İsrail İranı vurdu. Çünki İsrail hesab edir ki, əgər Amerika İranla razılığa gəlsə, Yaxın Şərqdə Amerikanın rahatlaması baş verəcək və Amerika Çinə qarşı mübarizə aparmaq üçün bölgədən çəkiləcək. Amerika bölgədən çəkilsə, İsrail müdafiəsiz qalacaq – bu qorxu Netanyahu rəhbərliyindəki İsraili belə hücuma sövq etmişdir. Müharibənin ilk dəqiqələrindən etibarən Amerika rəsmi açıqlamalarında İsrailin İran hücumlarında iştirak etmədiyini, tərəf olmadığını bildirsə də, İranın İsrail hücumlarına qarşı tutumu “mütləq qoruyacağıq” mövqeyi ilə ortaya qoyulub. Digər bir məqam isə budur ki, Amerika İranı razılığa gətirmək üçün İsrailin İrana hücum etmiş olması ehtimalı da yüksəkdir. Bu məsələ nəzərdən qaçırılmamalıdır. Yəni Tramp Netanyahunu, yaxud Netanyahu Trampdan istifadə etmişdir – bu suala müxtəlif aspektlərdən yanaşmaq lazımdır. Amma əsas məsələ İsrail üçün Amerikanın Yaxın Şərqdən çıxmamasıdır. Əgər bir razılıq əldə olunarsa, Amerika tezliklə İrana tərəf olaraq İsrail, Rusiya və Hindistanla birlikdə Çin üzərinə təzyiqi davam etdirəcək”.
Türkiyəli politoloqun fikirincə, ABŞ İsrailə İrana bir daha belə hücum etməmək və Yaxın Şərqdən çıxmamaqla bağlı zəmanət verə bilər:
“Başqa cür İsraili dayandırmaq çox çətin görünür. Ancaq yaxın gələcəkdə İsraildə hökumət dəyişikliklərinin olması ehtimalı yüksəkdir. İsrailin əsas xarici siyasəti isə kim gələrsə, gəlsin dəyişməyəcək. Amma milli və geniş koalisiya hökumətləri ilə həm Qəzza zolağında, həm də İran məsələsində yumşalma təmin etmək üçün Amerika vasitəçi ola bilər. Texniki cəhətdən isə İranın ABŞ qarşısında ciddi imkanı yoxdur. İran Hörmüz boğazını bağlamaqla hədələyir. Əgər İran boğazı bağlasa, bu, Çindən Avropaya qədər bir çox ölkəyə mənfi təsir göstərəcək. Bu ölkələrdən biri də Amerika olacaq. Dünya enerji tələbatının təxminən 40%-i Hörmüz boğazı vasitəsilə keçdiyindən, hazırda iqtisadi böhran şəraitində belə bir enerji təchizatının kəsilməsi ciddi nəticələrə yol açacaq. Əgər boğaz bağlanarsa və enerji böhranı yaranarsa, bunun səbəbkarı İran olacaq və bütün dünyada inflyasiya problemi meydana çıxacaq. Iran bunu gözə ala bilərmi? Bu, çox çətindir, çünki İran artıq İsrail və Amerika ilə mübarizə apararkən, beynəlxalq ictimaiyyəti qarşısına almaq istəməyəcək. Bu, eyni zamanda onun qonşuları olan körfəz ölkələrinə də mənfi təsir göstərəcək. İranın fəaliyyəti səbəbindən artıq sünni və sələfi ölkələr arasında problemlər var. Onlar artıq enerji böhranı kimi əlavə, ağır bir problemlərlə qarşılaşmaq istəməzlər. İran yaxın zamanda bir razılıq əldə etməlidir”.
Geri qayıt |