Əsas Səhifə > Ana xəbər / Güney Press > Tehran xəbərdarlıq mesajı ilə hesablaşmaq məcburiyyətindədir
Tehran xəbərdarlıq mesajı ilə hesablaşmaq məcburiyyətindədir1-06-2025, 06:53 |
Ərdoğanın açıqlamasını Sherg.az-a təhlil edən politoloq Elçin Xalidbəyli deyib ki, Zəngəzur dəhlizi türk dünyası üçün böyük önəm daşıyır. Ekspert diqqətə çatdırıb ki, türk dünyasının və türk dövlətlərinin inteqrasiyasında həlledici faktorlardan biri məhz Zəngəzur dəhlizidir: "Böyük ehtimalla, yaxın gələcəkdə bu nəqliyyat-kommunikasiya xətti açılacaq. Dəhlizin açılmasında Avropa və Asiya ölkələri də maraqlıdır. Bu yol Orta Dəhlizin əsas komponentlərindən biridir. Zəngəzur dəhlizi Avropa qitəsini Asiya qitəsi ilə birləşdirəcək önəmli nəqliyyat-kommunikasiya xəttidir. Dəhlizin açılmasına müqavimət göstərənlər olsa da, daha böyük qlobal güclər fəaliyyətə başlamasında maraqlı olduqlarını açıq bəyan edirlər. Xüsusən, Avropanın inkişaf etmiş ölkələri, Çin başda olmaqla Asiyanın aparıcı dövlətləri Zəngəzur dəhlizinə böyük önəm verirlər. Türkiyə Prezidenti R.T.Ərdoğanın dedikləri də ciddi əhəmiyyət kəsb edir". E.Xalidbəyli vurğulayıb ki, Ərdoğanın açıqlamasında İrana dolayısı yolla, üstüörtülü şəkildə xəbərdarlıq mesajı verildi: "Ərdoğan İranın nəzərinə çatdırır ki, Tehran hökuməti Zəngəzur dəhlizinin işə düşməsinə maneə göstərsə də, Zəngəzur dəhlizi istənilən halda açılacaq və İran bu reallıqla barışmaq məcburiyyətində qalacaq. Zəngəzur dəhlizinin açılmasında Türkiyə də maraqlıdır. Ankara Tehranı balanslaşdırma gücünə malik güclü NATO dövlətidir. Türkiyə prezidenti İrana mesaj verir ki, müqavimət göstərmək, etiraz etmək tamamilə mənasızdır. Türkiyə Azərbaycanla birlikdə bu dəhlizin işə düşməsinə nail olacaq, heç kim qarşısını ala bilməz. Ərdoğan Zəngəzur dəhlizinin önündəki əngəllərdən birini tam dəqiqliyi ilə işarə etdi, rəsmi Tehrana mesajını göndərdi. Rəsmi Tehran xəbərdarlıq mesajı ilə hesablaşmaq məcburiyyətindədir". Analitik hesab edir ki, əslində, Ermənistan da Zəngəzur dəhlizinin açılmasında maraqlıdır: "Ermənistanın blokadadan çıxmasında bu dəhliz xüsusi rol oynayacaq mühüm geoiqtisadi layihədir. Zəngəzur dəhlizi ilə bərabər digər nəqliyyat-kommunikasiya xətlərinin açılması da reallaşa bilər. Ermənistanda radikal-revanşist qüvvələr buna qarşı çıxırlar. Paşinyan hakimiyyəti dəhlizin hələlik Azərbaycanın şərtləri daxilində açılmasına cəsarət edə bilmir və sülh sazişindən sonrakı mərhələyə saxlamaq istəyir. Böyük ehtimalla, sülh sazişi imzalandıqdan sonra Zəngəzur dəhlizi Azərbaycan və Ermənistan arasında əsas müzakirə mövzusuna çevriləcək". Geri qayıt |