Yay aylarında adətən canlanan tikinti bazarında bu il qiymət artımı xüsusi ilə diqqət çəkir. Bəs bu artımın səbəbləri nədir?
Moderator.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda tikinti materialları sektoruna baxdıqda, ənənəvi olaraq yay aylarında daha çox canlanma müşahidə olunur.
O qeyd edib ki, bu, əsasən bağ evlərinin tikintisi, şəhərkənarı fərdi evlərin inşası və ümumi təmir işləri ilə bağlıdır:
“İnsanlar təmir-tikinti proseslərini məhz yay aylarına salmağa çalışırlar ki, havanın əlverişli olduğu dövrdə bu işləri başa çatdırıb daha rahat istirahət edə bilsinlər. Lakin son illərdə tikinti materialları bazarına ən güclü təsir göstərən amil işğaldan azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləridir. Artıq bu məqsədlə dövlət büdcəsindən 25 milyard manata yaxın vəsait xərclənib. Təbii ki, bu proses tikinti materiallarına olan tələbatı ciddi şəkildə artırıb. Tələb artdıqca isə qiymətlərdə də yüksəlmə müşahidə olunur.
Bununla yanaşı, tikinti materiallarının, xüsusilə də taxta və şalban məhsullarının böyük hissəsi Rusiyadan idxal olunur. Son dövrlərdə Rusiyadan gətirilən məhsullarla bağlı müəyyən logistika və tədarük problemləri yaranıb. Bu da əlavə olaraq qiymət artımına təkan verir.
Bütün bu amilləri nəzərə alaraq demək olar ki, tikinti materialları bazarında qiymət artımı meyilləri davam edir. Hətta istisna deyil ki, bu proses payız aylarında daha da güclənsin və qiymətlər pik nöqtəsinə çatsın”.