Əsas Səhifə > Güney Press > Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi

Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi


Bu gün, 17:03

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təsirləndirilən Ali Şıxbabayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2001-ci il təvəllüdlü Ali Şıxbabayev 12 mart 2025-ci il tarixdə, saat 20:40 radələrində Qusar rayonu Mucuq-oba kəndində yerləşən məsciddə Müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edib. İşa namazından sonra həmin məscidə ibadət üçün gələn, onun keçmiş həyat yoldaşının atası, zərərçəkmiş Rövşən Mustafayev ilə aralarında mübahisə yaranıb.

İş materiallarına əsasən, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi məscidin həyətinə, giriş qapısının qarşısına çağırıb. Bu zaman tərəflər arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı Rövşən Mustafayev əvvəlcədən götürdüyü ağac parçası ilə Aliyə zərbə endirib. Bundan sonra vəziyyət gərginləşib və tərəflər əlbəyaxa dava ediblər.

İttihama görə, Ali Şıxbabayev hiddətlənərək üzərində gəzdirdiyi bıçağı çıxarıb zərərçəkmiş şəxsin döş qəfəsi, sol qoltuqaltı və sinə nahiyələrinə ardıcıl olaraq üç bıçaq zərbəsi endirib. Nəticədə Rövşən Mustafayev döş boşluğuna nüfuz edən, həyat üçün təhlükəli ağır xəsarətlər alıb.

Məlumata görə, təqsirləndirilən şəxs niyyətini davam etdirərək Rövşən Mustafayevə yenidən zərbə endirmək istəyən zaman məsciddə olan digər şəxslər müdaxilə edib. Şahidlərdən biri onun bıçaq tutduğu əlindən tutaraq qarşısını alıb, daha sonra digər şəxslərin köməyi ilə tərəflər aralanıb. Bıçaq Alinin əlindən alınaraq hadisənin davam etməsinin qarşısı alınıb.

Zərərçəkmiş şəxs dərhal Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona təxirəsalınmaz cərrahi yardım göstərilməsi nəticəsində həyatı xilas edilib. Bu səbəbdən təqsirləndirilən şəxs qəsdən adam öldürməyə yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib.

Məhkəmə iclasında Ali Şıxbabayev özünü təqsirli bilməyərək fərqli mövqe sərgiləyib. O, ifadəsində deyib ki, həmin gün Bakıdan rayona gələrək iftar süfrəsi təşkil edib və məsciddə ibadət etdikdən sonra zərərçəkmiş şəxs onu çölə çağırıb. Təqsirləndirilən şəxsin sözlərinə görə, məsciddən uzaqlaşdıqdan sonra Rövşən Mustafayev heç bir izahat vermədən əvvəlcədən gizlətdiyi taxta parçası ilə baş nahiyəsindən ona zərbə endirib.

Ali Şıxbabayev söyləyib ki, aldığı zərbədən sonra şok vəziyyətinə düşüb, başından güclü qanaxma olub və özünü müdafiə etmək məqsədilə cibində olan bıçağı çıxararaq havada yelləyib. Dediyinə görə, həmin anda zərərçəkmiş şəxs onun üzərinə gəldiyindən təsadüfən yaralanıb.

Ali əlavə edib ki, üzərində olan bıçaq məişət təyinatlı “piknik bıçağı” olub və iftar süfrəsinin hazırlanması üçün götürülüb. Təqsirləndirilən şəxs hadisə zamanı özündə olmadığını, baş verənləri tam xatırlamadığını bildirib.

İfadəsində o, Rövşən Mustafayev ilə əvvəlcədən ciddi münaqişəsinin olmadığını, lakin keçmiş həyat yoldaşından ayrıldıqdan sonra müəyyən gərginlik yaşandığını qeyd edib. Onun sözlərinə görə, zərərçəkmiş şəxs əvvəllər atasına zəng edərək hədə xarakterli fikirlər də səsləndirib.

Ali hadisə zamanı digər şəxslərin müdaxiləsi ilə dayandırıldığını, bıçağı yerə atdığını və daha sonra evə getdiyini bildirib. O, zərərçəkmiş şəxsin ağır xəsarət aldığını sonradan öyrəndiyini deyib.


Geri qayıt