Əsas Səhifə > Güney Press > Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaq
Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaqBu gün, 16:42 |
|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa Siyasi Birliyinin mayın 4-də İrəvanda keçiriləcək sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib. Bu barədə BBC-nin Türkiyə xidməti məlumat yayıb. “Türkiyə tərəfi hələlik Prezident Ərdoğanın İrəvana mümkün səfəri ilə bağlı rəsmi açıqlama verməyib. Avropa İttifaqı nümayəndələri bildiriblər ki, iştirakçıların son siyahısı hələ dəqiqləşdirilir. Türkiyə Prezidenti Praqa, Budapeşt və Tirana sammitlərində iştirak etsə də, bir sıra görüşləri (İspaniya, Moldova, Böyük Britaniya, Danimarka) buraxıb. Mövcud qaydalara görə, Ərdoğan İrəvana gəlməsə, Türkiyə nazirlik və ya digər aşağı səviyyədə təmsil oluna bilməz”, - mənbə qeyd edib. Qeyd edək ki, Ermənistan hökuməti Türkiyə Prezidentini Avropa Siyasi Birliyinin sammitinə dəvət edib. Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Sherg.az-a bildirib ki, Türkiyə Prezidentinin İrəvanda keçiriləcək Avropa Siyasi Topluluğu (AST) sammitində iştirak ehtimalı həm regional, həm də beynəlxalq səviyyədə ciddi strateji əhəmiyyət daşıyır: "Məlumatlara görə, rəsmi Bakı bu sammitdə iştirak etməyəcəyini artıq bəyan edib; bu da Ankaranın qərarına birbaşa təsir edən əsas amillərdən biridir. Ərdoğanın İrəvana mümkün səfəri 2008-ci ildəki “futbol diplomatiyası”ndan sonra ən böyük simvolik addım ola bilər. Lakin bu, sadəcə protokol xarakterli səfər deyil, konkret nəticələrə hesablanmış siyasi gediş kimi qiymətləndiriləcək. Son dövrlərdə diplomatik pasport sahibləri üçün vizasız keçid, həmçinin dəmir yolu və infrastrukturun bərpası kimi texniki məsələlər müzakirə olunur. Ərdoğanın səfəri bu prosesi hüquqi mərhələdən faktiki tətbiq mərhələsinə keçirə bilər. Həmçinin bu səfər Ankaranın Ermənistanla münasibətləri üçüncü tərəflərin (məsələn, Fransa və ya Rusiya) vasitəçiliyi olmadan, birbaşa həll etmək iradəsini nümayiş etdirər. Analitik əlavə edib ki, Ərdoğan İrəvana gedərsə, bu, Ankaranın çoxşaxəli xarici siyasət kursunun göstəricisi olacaq. "Yəni bununla Türkiyə Avropa siyasi məkanının mühüm hissəsi olduğunu və Cənubi Qafqazın sabitliyində əsas aktorlardan biri kimi çıxış etdiyini göstərmiş olar. Hətta bu səfər Ankaranın Avropa İttifaqı ilə münasibətlərindəki soyuqluğu yumşaltmaq üçün əlavə imkan yarada bilər. digər tərəfdən Türkiyə Ermənistana “sülh üçün qapımız açıqdır, lakin bu proses Azərbaycanla koordinasiyalı aparılmalıdır” mesajını verir. Ancaq Azərbaycan Prezidenti İlham Aliyevin sammitə qatılmaması fonunda bu səfər Ankaranın İrəvana yönəlik “müstəqil jesti” kimi də qəbul oluna bilər ki, bu da Bakı ilə münasibətlərdə həssas balans tələb edir. H.Oktayın sözlərinə görə, Ərdoğan İrəvana getməzsə (BBC-nin qeyd etdiyi kimi, qaydalara əsasən Türkiyənin daha aşağı səviyyədə təmsil olunması mümkün deyil), bu, bir neçə siyasi mesaj daşıyacaq: " Azərbaycanla tam həmrəylik: Bakının iştirak etmədiyi platformada Türkiyənin də yer almaması “bir millət, iki dövlət” prinsipinə sadiqliyin növbəti təsdiqi olar. * Ermənistandan gözləntilər: Ankara əsas məsələlərdə, xüsusilə Zəngəzur dəhlizi və Ermənistan konstitusiyasında Azərbaycana qarşı dolayı ərazi iddiaları ilə bağlı müddəalar üzrə İrəvandan daha konkret addımlar gözlədiyini göstərər. * AST-nin effektivliyinə şübhə: Ankara bu platformanı strateji qərarların verildiyi əsas mexanizm deyil, daha çox siyasi müzakirə platforması kimi gördüyünü nümayiş etdirər və əsas qərarların ikitərəfli və ya üçtərəfli formatda həllinə üstünlük verdiyini göstərər. Mövcud geosiyasi şəraitdə Ərdoğanın İrəvana getməsi “tarixi dönüş”, getməməsi isə “strateji ehtiyatlılıq” kimi qiymətləndiriləcək. Hər iki halda Türkiyənin verəcəyi qərar Cənubi Qafqazda sülh sazişinin imzalanma tempinə birbaşa təsir göstərəcək. Türkiyə regionda dayanıqlı və qalıcı sülhün təmin olunması üçün üçtərəfli sülh modelini -Türkiyə, Azərbaycan və Ermənistan arasında paralel normallaşma və koordinasiyalı barış formulunu dəstəkləyir". Geri qayıt |