Əsas Səhifə > Güney Press > Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar?

Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar?


Bu gün, 15:22

Gizli cinayətlərin, mürəkkəb hadisələrin məntiqi təhlili, sübutların toplanması və araşdırılmasında dedektivlərdən (xəfiyyə) istifadə edilir.

Xəfiyyələr həm tarixi kontekstdə gizli agent kimi, həm də detektiv janrında hadisələri açan şəxs kimi xarakterizə olunur.

Ümumiyyətlə, xəfiyyələrdən istifadə praktikasının tətbiq olunduğu ölkələr, əsasən onların qanunvericiliyi və təhlükəsizlik ehtiyacları ilə müəyyən edilir.

Xəfiyyə xidmətlərinin ən geniş yayıldığı və tənzimləndiyi ölkələrdən biri olan ABŞ dünyada özəl detektivlik sənayesinin ən inkişaf etmiş olduğu ölkədir. Burada xüsusi lisenziya ilə fəaliyyət göstərən minlərlə agentlik mövcuddur.

Digər ölkə Böyük Britaniyadır ki, burada gizli araşdırmalar və korporativ xəfiyyə fəaliyyətləri geniş yayılıb. Hindistan isə özəl təhlükəsizlik və araşdırma sahəsi sürətlə inkişaf edən ölkələrdəndir.

Avropa İttifaqı ölkələrində (Almaniya, Fransa və s.) qanuni çərçivədə özəl detektiv fəaliyyətlərinə icazə verilir.

Azərbaycanda qanunvericilikdə özəl dedektivlərin fəaliyyətinə icazə verilirmi? Boşanma prosesi zamanı vətəndaş həyat yoldaşı ilə yaranmış problemə görə dedektiv fəaliyyətindən yararlana bilərmi?

Məsələ ilə bağlı hüquqşünas Ruslan Mustafayev “Cebheinfo.az”-a bildirib ki, əslində bir çox hallarda məhz ailə məsələləri ilə bağlı problemlər zamanı, yoldaşının xəyanət etməsi və yaxud digər fəaliyyətləri haqqında araşdırma aparılması, sübutların toplanması üçün dedektiv xidmətindən istifadə etmək məqsədilə vəkillərə müraciətlər olunur:

“Bizdə qanunvericilikdə dedektiv fəaliyyətindən istifadəni qadağan edən və yaxud da birbaşa olaraq imkan verən qaydalar müəyyən edilməyib. Ancaq Avropa təcrübəsinə əsaslanaraq qeyd etmək istəyirəm ki, ola bilər gələcəkdə müəyyən islahatlar aparılsın, qanunvericilikdə dəyişikliklər olsun.

Hazırkı situasiyada kiminsə izlənilməsi, onun icazəsi olmadan səsinin və ya videogörüntüsünün çəkilməsi, yazılması, fotoların çəkilərək kiməsə, hətta ailə üzvü olsa belə, təqdim olunması, şəxsi məlumatların qanunsuz əldə edilməsi və yayılması kimi qiymətləndirilə bilər.

Ümumiyyətlə, bizdə qanunvericilikdə şəxsin icazəsi olmadan aparılmış videoçəkiliş, səs yazısı sübut kimi qiymətləndirilə bilməz. Hətta fərz etsək ki, bu gün kimsə öz həyat yoldaşını izlədir, onun videogörüntülərini, səs yazısını əldə edir, onun icazəsi olmadan həyata keçirildiyi üçün gələcəkdə sübut kimi qiymətləndirilə bilməz.

Bunun ancaq mənəvi tərəfi ola bilər və əmin olur ki, ortada xəyanət var. Düşünürəm ki, gələcəkdə qanunvericilikdə islahatlar aparılsa, müəyyən qaydalar dəyişdirilsə, orada artıq dedektiv fəaliyyətini həyata keçirən şəxslər, lisenziya əsasında fəliyyət göstərməlidir.

Çünki bu fəaliyyəti hər kəs həyata keçirə bilməz. Bunun üçün xüsusi bilik, bacarıq, təcrübə olmalıdır. Çünki bu, müəyyən qədər təhlükəli fəaliyyət növüdür. Lisenziya əsasındadırsa, bir müqavilə olmalıdır. Müqavilədə artıq şərtlər qabaqcadan müəyyən olunmalıdır.

Qanunvericilikdə də aparılacaq müəyyən dəyişikliklərə görə, həmin müqavilə əsasında aparılmış fəaliyyət nəticəsində əldə olunan sübutlar ola bilər ki, məhkəmədə də sübut kimi qiymətləndirilə bilsin”.


Geri qayıt