Əsas Səhifə > Güney Press > “Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?”

“Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?”


Bu gün, 12:48

“Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?” - FOTO+ÖZƏL

“Bu gün əvvəlkinə baxanda efirlər nisbətən yaxşılaşıb, heç olmasa qulağımız normal bir mahnı eşidir. Əvvəl efirdə ancaq anormal mahnılar səsləndirilirdi. O ki, qaldı xanəndələrə.. Bəzi bölgələri təbliğ edən xanəndələr qışqırırlar. Hər xanəndənin, hər bölgənin özünəməxsus dəst-xəttti var da. Xanəndə qışqırmaz.. Güllü Muradova çox gözəl xanəndədir, mən ona pis deyə bilmərəm. Səsi yerindədir. Onu haradasa bəyənirəm. Hacıbaba Hüseynovun repertuarından “Bərəyə bax bərəyə” mahnısını oxudu. Rəydə də yazmışdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?! Bu qışqırılmalı mahnı deyil axı. Mahnının bir yeri var ki, orada səsini göstərməlisən. Mən səninlə razıyam. Burada qışqırmaq lazım deyil. Sən onu gözəl ifa edirsən. Elə bil səs göstərirlər”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, mərhum sənətkar Hacıbaba Hüseynovun qızı Sədaqət Hüseynova deyib.
O daha sonra əlavə edib:
“Heyif ki, mənim musiqi savadım yoxdur. Yoxsa bunların hamısına deyərdim ki, oxumaq qışqırmaq demək deyil. Əlibaba Məmmədov da bu sözü deyirdi. Oxuyun da, səsləriniz də var, amma niyə qışqırırsız?! “Bezdarnıy” oxuyanlardansa heç olmasa gənc xanəndələr efirlərə çıxır. Cavanların da içərisində yaxşı oxuyanlar var. Bu o demək deyil ki, hamısı pisdir. Bundan əvvəl efirlərdə oxunan mahnılar əsəblərimi pozmuşdu. Onsuz da incəsənət pis gündədir. Bəlkə ümid edirəm ki, belə getsə düzələr”.
Sədaqət Hüseynova iddia edir ki, gənc xanəndələrin əksəriyyəti qaval ifa edə bilmir:
“Xanəndələrin çoxu qavalda ifa etməyi öyrənib. Amma həm oxumaq, həm özünü müşayiət etmək çox çətindir. İkisi bir yerdə çətindir. Zabit Nəbizadə, Səkinə İsmayılova, Mələkxanım Əyubova və s. peşəkar xanəndələr bunu gözəl bilir. Cavanların əksəriyyəti qavalsız oxuyur. Lap muğamı da qavalsız oxuyurlar. Bu mənim şəxsi fikrimdir ki, yəqin ikisini bir yerdə ifa etmək onlar üçün çətinlik törədir. Ona görə də ansambıla nağara əlavə ediblər, özləri də rahat oxusunlar. Gənclər klassik mahnıları yeni üslubda təqdim edirlər. Bu gözəl addımdır. Amma muğam ifa edəndə eyni qəzəllər oxunur. Çünki axtarmaq istəmirlər. Axtarıb yeni-yeni qəzəllər üzə çıxarmaq lazımdır. Atam da, digər xanəndələr də ömür boyu axtarışda idilər. Mənim atam bu gün oxuduğu qəzəli, sabah oxumurdu. 5 gün Nardaranda toyda idisə, hər günün öz qəzəli olmalı idi. Ona görə də elə Hacıbaba Hüseynov idi. 35 il ard-arda Nardaranda kənd toylarına gedirdi. Bu bilirsiniz nə deməkdir?! Hələ digər kəndləri demirəm. Həmişə yenilik axtarışında idi. Bugünki gənclər axtarmaq istəmir. Baxıram eyni qəzəllər, eyni muğamlar. Vahidin bir qəzəlini götürüb, 50 dəfə deyirlər. Qulaq asıram, təəssüflənirəm. Bəlkə onları da hardasa qınamıram. Çünki dinləyici tələbi yoxdur. O orada ağzına gələni də oxuyur qulaq asırlar, ana, baba, ata mahnısı oxuyur, evdə oturub ağlayırlar. Onun nəyinə ağlayırsan? Xanəndələr də görüb deyir ki, bununla yola verərəm də. Dinləyici tələbatı yoxdur”, - deyə sənətkarın övladı bildirib.

Geri qayıt