Əsas Səhifə > Güney Press > Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı

Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı


Bu gün, 16:44

Ali Məhkəmədə Hacıqabul rayonunda yol qəzası törətməkdə təqsirləndirilən Nizami Binnətovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 12 avqust 2024-cü il tarixdə saat 02:45 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Hacıqabul rayonu Nəvahi kəndi ərazisindən keçən 97-ci kilometrində qeydə alınıb.

Belə ki, Tərtər rayonu, Cəmilli kənd sakini Nizami Binnətov idarə etdiyi “DAF” markalı yük avtomobili ilə təkərində yaranmış nasazlıq səbəbindən yol kənarında dayanmış Orxan Həsənova məxsus “Hyundai” markalı maşını və həmin nəqliyyat vasitəsindən düşən sərnişin – Ağcabədi rayon sakini Nahid Səfərovu vurub. Qəza nəticəsində Nahid Səfərov hadisə yerində həyatını itirib.

Hadisədən sonra Nizami Binnətov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Hacıqabul Rayon Məhkəməsinin hökmü ilə o, 5 il 1 ay müddətə azadlıqdan məhrum edilib və təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınıb. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.

Qeyd: Məlumata görə, qəzada vəfat edən Nahidin 5 gün sonra toyu olacaq imiş.


Geri qayıt