Əsas Səhifə > Güney Press > Bakını hədəf alan agent ifşa edildi:

Bakını hədəf alan agent ifşa edildi:


Bu gün, 15:14

Avropa siyasəti uzun illər özünü şəffaflıq, hüququn aliliyi və demokratik dəyərlər üzərində qurulmuş sistem kimi təqdim etsə də, son dövrlərdə üzə çıxan qalmaqallar bu imicin arxasında fərqli reallıqların gizləndiyini göstərir. Xüsusilə Avropa İttifaqı (Aİ) strukturlarında korrupsiya, gizli lobbiçilik və şəxsi maraqların dövlət siyasətinə təsiri ilə bağlı iddialar artıq sistemli problemin əlamətləri kimi görünməyə başlayıb.

Bu kontekstdə yüksək vəzifəli məmurların qərarlarının hansı maraqlara xidmət etdiyi, siyasi institutların nə dərəcədə müstəqil olduğu və maliyyə təsirinin qərarvermə prosesinə necə nüfuz etdiyi müzakirə mövzusuna çevrilib. Rəsmi bəyanatlarla real siyasi davranış arasındakı ziddiyyət isə Avropa siyasətində “ikili standartlar” anlayışını getdikcə daha açıq şəkildə üzə çıxarır.

Bu prosesin mərkəzində dayanan şəxslərdən biri də sabiq beynəlxalq prokuror Luis Moreno Okampodur. Uzun illər hüquq müstəvisində fəaliyyət göstərmiş bu şəxsin siyasi mövqe tutması və müəyyən dairələrin maraqlarına uyğun çıxış etməsi faktlar və dəlillər ilə gün üzünə çıxıb. Okamponun fəaliyyət trayektoriyası göstərir ki, o, klassik hüquqşünas rolundan çıxaraq lobbi və təsir mexanizmlərinin aktiv iştirakçısına çevrilib. Okamponun Avropa Parlamentinə çıxış imkanları, oradakı əlaqələri və müxtəlif hüquqi təşəbbüslərlə proseslərə təsir etmək niyyətinə dair ciddi faktlar var.

Bu kontekstdə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsiCozef Borrel ətrafında səslənən iddialar da diqqət çəkir. Ümumiyyətlə, Luis Okamponun özünün açıqlamalarında deyilir ki, Borrel hazırda onun üçün Avropa Parlamentində işləyir. “Mən orada çıxış edə, suallar qaldıra, onları yönləndirə və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə təzyiq göstərə, beləliklə Avropa siyasətini formalaşdıra bilərəm”, – deyə, Okampo etiraf edir.

Avropa diplomatiyasının yüksək səviyyəli simalarından biri ilə bağlı belə iddiaların ortaya çıxması qərarvermə mexanizmlərində qeyri-rəsmi təsir kanallarının mövcud olduğunu deməyə əsas verir. Avropa institutlarının obyektivliyi və müstəqilliyi ciddi şübhə altına düşür. Bu isə yalnız Brüsselin problemi deyil, onun qərarlarından asılı olan regionlar üçün də birbaşa riskdir.

Məsələnin daha təhlükəli tərəfi isə Cənubi Qafqaz kontekstində açılır. Azərbaycan artıq uzun müddətdir ki, yalnız regional aktor deyil, həm də Avropanın enerji təhlükəsizliyində açar rol oynayan tərəfdaşdır. Məhz bu səbəbdən ölkəyə qarşı hüquqi müstəvidə təzyiq təşəbbüslərinin artması, müqavilələrin sual altına alınması və paralel şəkildə informasiya kampaniyalarının güclənməsi təsadüfi görünə bilməz. Bu, koordinasiyalı təsir modelinin klassik əlamətləridir. Yəni əvvəlcə informasiya fonu formalaşdırılır, sonra hüquqi mexanizmlər işə salınır, ardınca siyasi təzyiq artırılır.

Bu zəncirin digər halqası Ermənistan daxilində baş verən proseslərdir. Baş nazir Nikol Paşinyan hakimiyyətinə yönəlik kənar təsir iddiaları sadəcə daxili siyasi mübarizə deyil. Əgər xaricdən koordinasiya olunan dəyişiklik planları mövcuddursa, bu, artıq regionun ümumi təhlükəsizlik arxitekturasına müdaxilə deməkdir. Ermənistan daxilində qeyri-sabitlik yaratmaq cəhdi birbaşa olaraq Azərbaycanla aparılan sülh prosesini zəiflətməyə xidmət edir.Yəni hədəf təkcə bir hökumət deyil, bütövlükdə regionda formalaşmaqda olan yeni balansdır.


Turan Rzayev
Globalinfo.az


Geri qayıt