Əsas Səhifə > Güney Press > Moskva 4 may ərəfəsi İrəvanı sıxır

Moskva 4 may ərəfəsi İrəvanı sıxır


Bu gün, 13:03

Xəbər verdiyimiz kimi, Rusiyanın "Çestnıy znak" dövlət markalanma sistemi Ermənistandan idxal edilən "Cermuk" mineral sularının mağazalarda satışını dayandırıb. Heç şübhəsiz ki, “Rospotrebnadzor”un bu qadağası iqtisadi deyil, siyasi qərardır. Çünki “Rospotrebnadzor” Rusiya ilə problemi olan ölkələrdən ixrac edilən məhsullara ilk dəfə deyil qadağa qoyur.Bu, artıq Gürcüstan və Moldova şərabı, Latviya şprotları, Gürcüstan Borjomi mineral suyu və sair ilə bağlı baş verib. İndi isə növbə Ermənistan məhsullarıdır. Çünki İrəvan-Moskva münasibətlərinə çoxdan “qurd düşüb”.
Belə görünür ki, İrəvanın Rusiya və Avropa İttifaqı arasında balans saxlaması getdikcə çətinləşir. Artıq 4 mayda Avropa Siyasi Birliyi sammitinə ev sahibliyi edəcək Ermənistan artan geosiyasi gərginliyin mərkəzinə çevrilir. Moskva isə İrəvanın Brüssellə yaxınlaşmaq cəhdlərindən narazılığını gizlətmir.
Baş nazir Nikol Paşinyan son aylarda açıq şəkildə Qərbyönlü ritorika nümayiş etdirir və KTMT çərçivəsində keçirilən tədbirləri faktiki olaraq boykot edir. Praktiki olaraq Ermənistan Rusiya ilə əsas əlaqələri qurmağa tələsmir. Söhbət həm ikitərəfli hərbi əməkdaşlıqdan, həm də Aİİ üzvlüyündən gedir ki, bu da ölkəyə enerji resurslarını və xammalı daxili Rusiya qiymətlərinə yaxın şərtlərlə əldə etməyə imkan verir.
Bununla yanaşı, bəzi sərhəd-keçid məntəqələrindən rus sərhədçilərinin çıxarılması kimi addımlara baxmayaraq, İrəvan hələ də Rusiya ilə inteqrasiya layihələrindən əldə etdiyi iqtisadi və strateji üstünlüklərdən faydalanır. Moskvadakı bu xətt “iki stulda oturmaq” cəhdi kimi qiymətləndirilir – həm Rusiyadan faydalanmaq, həm də Avropa İttifaqı ilə paralel münasibətlər qurmaq.
Kremlin narazılığı xüsusilə Paşinyanın Rusiyaya səfərindən və onun Vladimir Putin ilə apardığı danışıqlardan sonra daha aydın hiss olunmağa başladı. Formal olaraq Ermənistan öz xarici siyasətini müstəqil müəyyən etmək hüququna malikdir. Lakin reallıqda Avropa siyasi və iqtisadi məkanına inteqrasiya etmək istəyən ölkə əvvəlcə Rusiya ilə bağlı inteqrasiya layihələrindən çıxmalı və bu çərçivədə əldə etdiyi imtiyazlardan imtina etməlidir.
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı Musavat.com-a dedi ki, Cənubi Qafqazın geosiyasi mənzərəsində növbəti gərginlik dalğası özünü iqtisadi rıçaqlar vasitəsilə büruzə verməyə başlayıb: “Rospotrebnadzor”un Ermənistanın mineral su markasına tətbiq etdiyi qadağa, ilk baxışda sanitariya-epidemioloji nəzarət tədbiri kimi görünsə də, əslində Kremlin xarici siyasət arsenalında sınaqdan çıxmış köhnə metodun, iqtisadi təsiretmənin düşməsidir. Tarixi təcrübə göstərir ki, Rusiya ilə siyasi trayektoriyası kəsişən Gürcüstan, Moldova və Baltikyanı ölkələrin kənd təsərrüfatı və qida məhsulları hər zaman bənzər sanksiyaların hədəfinə çevrilib. Bu gün Ermənistanın eyni aqibəti yaşaması, İrəvan və Moskva arasındakı münasibətlərin artıq kritik qırılma nöqtəsinə çatdığını göstərir. Xüsusilə 4 may ərəfəsində Ermənistanın Avropa Siyasi Birliyi sammitinə ev sahibliyi etməyə hazırlaşması, Moskvanın səbr kasasını daşıran əsas amillərdən biri kimi çıxış edir. Nikol Paşinyanın KTMT-dən uzaqlaşma, Qərblə təhlükəsizlik sahəsində yeni axtarışlara çıxma və ölkə daxilindəki Rusiya hərbi-siyasi mövcudluğunu (sərhədçilərin çıxarılması və s.) məhdudlaşdırma cəhdləri Kreml tərəfindən "geosiyasi xəyanət" kimi kodlaşdırılır. Buna baxmayaraq, İrəvanın “iki stulda oturmaq” manevri kifayət qədər riskli və ziddiyyətli xarakter daşıyır. Ermənistan bir tərəfdən Avropa İttifaqı ilə strateji yaxınlaşma kursu götürsə də, digər tərəfdən Avrasiya İqtisadi İttifaqının təqdim etdiyi ucuz enerji resurslarından və Rusiya bazarına güzəştli çıxış imkanlarından imtina etməyə cəsarət etmir. Paşinyan administrasiyası yaxşı anlayır ki, Rusiya ilə iqtisadi asılılıq zəncirinin qırılması Ermənistan iqtisadiyyatı üçün fəlakətli sarsıntılar yarada bilər. Lakin Moskva üçün bu "yarımçıq sadiqlik" artıq qəbuledilməzdir. Vladimir Putinlə son təmaslardan sonra Moskvanın İrəvana münasibətində fərqlilik hiss olunur. İqtisadi məhdudiyyətlərin gündəmə gətirilməsi də onu göstərir ki, Kreml artıq Ermənistandan qeyri-müəyyənlik deyil, konkret seçim gözləyir. Avropa məkanına inteqrasiya istəyi Ermənistan üçün Rusiya ilə mövcud ağır iqtisadi və hərbi asılılıq zəncirlərindən qopmaq məsuliyyəti deməkdir. Mövcud mənzərə onu deyir ki, 4 may sammitinə doğru irəliləyən Ermənistan üçün iqtisadi sıxıntıların başlanğıcdır. Görünən odur ki, Moskva öz təsir rıçaqlarını daha sərt şəkildə işə salmaqda tərəddüd etməyəcək”.


Geri qayıt