Əsas Səhifə > Güney Press > Siyavuş Novruzovdan daha az müxalif olan müxalif deputatımız
Siyavuş Novruzovdan daha az müxalif olan müxalif deputatımızBu gün, 10:54 |
|
Xüsusilə Azərbaycan siyasətində müəyyən fiqurlar var ki, onların ictimai obrazı ilə siyasi praktikası arasında dərin bir uçurum da var. Məsələn, Erkin Qədirli kimi. Erkin Qədirli uzun illər özünü hüquqşünas, siyasi analitik, sistem tənqidçisi və “fərqli düşünən intellektual” kimi təqdim etməyi bacardı. Allah var, elə həm də bir zamanlar belə idi. Yəni onun siyasi bilgilərinə, analitikliyinə, intellektuallığına heç bir şübhə etmək mümkün deyil. Fəqət məsələ başqadır. Xüsusilə deputat seçilməzdən əvvəlki dövrdə Erkin Qədirli hakimiyyətin hüquqi-siyasi əsaslarını sərt tənqid edən, demokratik institutların zəifliyini qabardan, vətəndaş hüquq və azadlıqlarını ön plana çıxaran ritorikası ilə müəyyən auditoriyada ümid fiquruna da çevrilmişdi. Obrazlı desək, onun çıxışları çoxları üçün sistem daxilində olmayan alternativ düşüncə modeli təsiri bağışlayırdı, olduqca fundamental idi. Lakin məhz bu nöqtədə də əsas sual yaranır: Erkin Qədirli həqiqətənmi siyasi alternativ idi, yoxsa sadəcə alternativ görüntüsü? Doğrudanmı o “maket” rolunu oynamışdı? Deputatlıqdan sonrakı fəaliyyətinə baxsaq, əslində, alternativliyin görüntüsü olduğunu açıq-aşkar sezmək olur. Deputat olmazdan əvvəl Erkin Qədirlinin əsas siyasi kapitalı onun intellektual ritorikası idi. Bəs olandan sonra nə oldu? Görünən odur, heç nə. Məsələn, bu dəqiqə Siyavuş Novruzov Milli Məclisdə Erkin Qədirlidən daha çox müxalifətdir. Siyavuş Novruzovun belə xalqın xeyrinə çıxışları olduğu halda, Erkin Qədirlinin səsini eşidən cənnətlik olur. Məgər Erkin Qədirli deputat olmazdan əvvəl həm də dolayısı ilə deputatları danışmamaqda, iş görməməkdə günahlandırmıdımı? O, hüququn aliliyindən, siyasi islahatlardan, parlamentarizmdən və institusional dəyişiklikdən danışırdı. Bu çıxışlar cəmiyyətin xüsusilə siyasi məyusluq yaşayan təbəqəsində rezonans yaradırdı. Ancaq bütün bunların fonunda ciddi bir təşkilatlanma da olmadı. Real Partiyasının nüfuzu belə əsasən İlqar Məmmədovun azadlığa çıxmasından sonra dəyişdi. İndiyə qədər olan çıxışlar, fəaliyyətlər sadəcə nəzəri olaraq qaldı. Başqa sözlə, Erkin Qədirli sistemin sərhədlərini aşan siyasi risk alan fiqurdan çox, sistemin nöqsanlarını sadəcə terminlərlə təsvir edən, lakin bu nöqsanlara qarşı müqavimət göstərməyən obraz oldu. Konkret desək, əslində o, çox yaxşı müşahidəçi idi. Lakin deputatlıqdan sonra gözlərini ədəbiyyən yumdu. Erkin Qədirlinin deputatlığının tərəfdarı olanların əsas arqumenti budur ki, parlament müxalifətiyik. Ancaq mənzərə odur ki, onun deputatlığa gedən yolu mübarizə platformasından, yolundan çox, inteqrasiya platformasıdır. Erkin Qədirli Milli Məclisdə müəyyən qanunların fonunda səs verməməklə fərqlənirdi. Ancaq artıq bu da cəmiyyətdə səssiz ötüşür. Çünki Erkin Qədirli dedikdə heç kimin ağlına parlament müxalifəti gəlmir. Ondan xalqın hansısa üzvünün müxalif kimi gözlədiyi nəsə yoxdur. Erkin Qədirli ən yaxşı halda xaricə göstərilən “müxalif deputatdır”. Bir sözlə, Erkin Qədirli deputat seçilməklə bir çox seçici üçün “sistemi dəyişəcək adam” obrazından “sistemdə yer alan adam” obrazına keçdi. Görəsən, ona bu lazım idimi? Bu qədər fəaliyyət bu cür susmaq, yox olmaq, unudulmaq üçün idi? Bu transformasiya Azərbaycan cəmiyyətində tez-tez rast gəlinən siyasi fenomeni bir daha göstərdi. Yəni tənqidçi olaraq yüksələn fiqurun sistemə daxil olduqdan sonra əvvəlki kəskinliyini itirməsi məsələsi. Onsuz da, Azərbaycan siyasətində ən çox müşahidə olunan hal budur. Erkin Qədirlinin də bunu təkrarlaması yaxşı olmadı. İndi onun deputatlığı həm də alternativ siyasətə inanan seçici üçün məyusluq nümunəsinə çevrildi. Əgər bu gün kimlərsə ölkədəki müxaliflərə inanmır, dəstəkləmirsə, bir az da Erkinlərə görə haqlıdır. Gərək ki, Erkin Qədirli ən çox özünün yaratdığı siyasi obrazın kölgəsində qalmazdı. Orxan Saffari Geri qayıt |