Əsas Səhifə > Güney Press > “Quli”nin tərəfini seçdi, Moskvanı itirdi…
“Quli”nin tərəfini seçdi, Moskvanı itirdi…Bu gün, 20:12 |
|
Şimali Kiprdə 66 yaşlı “qanuni oğru” Otari Tototçiyanın ölümü ilə bağlı məlumat yayılıb. Məlumatı Rusiya kriminal dairələrinə yaxınlığı ilə tanınan “Prime Crime” yayıb. Həmin dairələrdə “Batya” ləqəbi ilə tanınan Otari Tototçiya uzun sürən ağır xəstəlikdən vəfat edib. Otari Tototçiya Suxumidə doğulub, gənclik illərindən etibarən kriminal mühitə daxil olub. O, Tbilisidə fəaliyyət göstərib, daha sonra Sibirdə cəzaçəkmə müəssisələrində olub. 1992-ci ildə azadlığa çıxdıqdan sonra Moskvaya köçərək orada kriminal dairələrdə möhkəmlənib. Mənbələrin yazdığına görə, o, Rusiya Cinayət Məcəlləsinə “qanuni oğrulara qarşı” maddələr daxil edilənə qədər Moskva kriminal iyerarxiyasında müəyyən mövqeyə sahib olub. Kriminal dairələrə yaxın mənbələrin iddiasına əsasən, Otari Tototçiyanın taleyində dönüş nöqtəsi onun “qanuni oğrular” arasında baş vermiş qarşıdurmada mövqe seçməsi olub. Məlumatlara görə, o, nüfuzlu kriminal avtoritet Nadir Səlifovun - “Quli”nin tərəfini tutub. Bəzi mənbələrə görə, məhz bu səbəbdən Otari Tototçiya Rusiyanı tərk etməyə məcbur olub və daha sonra Şimali Kiprdə məskunlaşıb. Qeyd edək ki, Nadir Səlifov postsovet məkanında kriminal aləmin ən nüfuzlu fiqurlarından biri hesab olunurdu və onun ətrafında formalaşan qruplaşma uzun illər müxtəlif kriminal münaqişələrin mərkəzində olub. 2019-cu ildən etibarən Rusiya qanunvericiliyində dəyişiklikdən sonra Nadir Səlifov Türkiyədə məskunlaşıb. O, postsovet məkanında ən təsirli fiqurlardan biri sayılırdı. 1972-ci ildə Tbilisi şəhərində doğulan Nadir Səlifov gənc yaşlarından kriminal mühitə daxil olmuş, 1990-cı illərdə törətdiyi ağır cinayətlərə görə uzunmüddətli həbs cəzası almışdı. O, illərlə həbsdə olsa da, hətta dəmir barmaqlıqlar arxasından belə kriminal şəbəkəsini idarə etməyi bacarmış, geniş əlaqələr qurmuşdu. 2000-ci illərin sonlarından etibarən azadlığa çıxan Nadir Səlifov qısa müddətdə Rusiyada və digər ölkələrdə kriminal iyerarxiyanın ən üst pillələrinə yüksəldi. Onun təsir dairəsi xüsusilə Moskva və ətraf regionlarda hiss olunurdu. “Quli”nin rəhbərlik etdiyi qruplaşma bir çox nüfuzlu “qanuni oğru”larla açıq və gizli qarşıdurmalarda iştirak edib, bu da kriminal aləmdə ciddi parçalanmalara səbəb olub. Onun həyatı isə qəfil sonlanıb. 20 avqust 2020-ci ildə Antalya şəhərində yerləşən otellərdən birində yaxın çevrəsinə daxil olan Xan Əhmədov tərəfindən silahlı hücuma məruz qalıb. Bu hadisə kriminal aləmdə böyük sarsıntı yaradıb. Məlumatlara görə, Nadir Səlifov özünə ən yaxın bildiyi adam tərəfindən arxadan güllələnərək qətlə yetirilib. Bu sui-qəsd həm onun qurduğu sistemin daxilindəki ziddiyyətləri, həm də kriminal iyerarxiyada gedən amansız mübarizəni açıq şəkildə üzə çıxarıb. “Quli”nin ölümü postsovet kriminal aləmində güc balansını dəyişib, onun ətrafında birləşən qruplaşmalar parçalanıb və yeni qarşıdurmalar üçün zəmin yaranıb. Bu baxımdan Otari Tototçiya kimi fiqurların taleyində də məhz həmin parçalanmanın izlərini görmək mümkündür. Musavat.com Geri qayıt |