Əsas Səhifə > Güney Press > Azərbaycanda ağartı məhsulları BAHALAŞIR

Azərbaycanda ağartı məhsulları BAHALAŞIR


Bu gün, 16:00

Son aylarda ağartı məhsullarının qiymətində artım müşahidə olunur və bu tendensiyanın yaxın aylarda da davam edəcəyi gözlənilir.

Mövzu barədə Yenicag.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bazarda kəskin bahalaşma ehtimalı aşağı olsa da, tam sabitlik real görünmür və daha çox yüngül qiymət artımı proqnozlaşdırılır.

Onun sözlərinə görə, əsas səbəblərdən biri idxal xərclərinin artmasıdır: “Ağartı məhsullarının idxal qiymətlərində təxminən 19,3 faiz bahalaşma müşahidə edilir. Eyni zamanda, Azərbaycanda süd istehsalında istifadə olunan qarışıq yemin 40-50 faizi idxal olunur. Qarğıdalı, soya və premikslərin dünya bazarı qiymətləri son bir ildə 15-20 faiz artıb. Bundan əlavə, daşıma xərcləri də yüksəlib. Xüsusilə Qara dəniz limanlarında yük daşımalarının riskli sayılması sığorta haqlarını artırıb”.

Ekspert qeyd edib ki, logistika xərcləri də qiymətlərə ciddi təsir göstərir: “Dizel yanacağının bahalaşması, soyuducu nəqliyyat vasitələrinin istismarı və anbar xərcləri artır. Ağartı məhsulları tez xarab olduğu üçün ‘soyuq zəncir’ vacibdir və bu, ümumi maya dəyərinin 10-12 faizini təşkil edir”.

Akif Nəsirli əlavə edib ki, qablaşdırma xərcləri də artan amillər sırasındadır: “Süd qutuları, yoğurt qabları və etiket kağızı əsasən idxal olunur və valyuta faktorundan asılıdır. İdxalçı ölkələrdə inflyasiya səbəbindən qablaşdırma materialları 8-10 faiz bahalaşıb”.

Onun sözlərinə görə, fermerlər artıq 1 litr südün maya dəyərinin 0,70-0,80 manata çatdığını bildirirlər: “2023-cü ildə bu rəqəm 0,55-0,60 manat idi. Zavodlar südü daha baha alır, üzərinə emal, qablaşdırma və paylama xərcləri gəldikdə isə mağazalarda 1 litr südün qiyməti 2 manatı keçir”.

Ekspert yaxın aylarla bağlı proqnozlarını da açıqlayıb: “Ucuz seqmentdə 5-8 faiz civarında bahalaşma mümkündür. Gündəlik tələbat məhsullarında istehsalçılar qiyməti kəskin artırmaqdan çəkinir, çünki bu, satışa mənfi təsir edir. Ona görə də bəzən qiyməti sabit saxlayıb məhsulun çəkisini azaldırlar. Məsələn, 900 qramlıq məhsul 850 qram olur. Bu, gizli bahalaşmadır”.

Onun fikrincə, premium məhsullarda isə artım daha çox olacaq: “Xüsusilə pendir, kərə yağı və xarici brendlərdə bahalaşma daha yüksək ola bilər. Çünki bu məhsullarda idxal payı böyükdür”.

Akif Nəsirli dövlət müdaxiləsinin mümkünlüyünü də istisna etməyib: “Əgər yem idxalına subsidiya artırılsa və ya ƏDV güzəşti tətbiq edilsə, qiymət artımının qarşısı qismən alına bilər. Amma hazırda belə qərarlar yoxdur”.

Ekspert vurğulayıb ki, bazarda qiymətlərin kəskin artmamasının əsas səbəbi alıcılıq qabiliyyətinin zəif olmasıdır: “Əhali bahalaşmaya həssasdır. Satış azalan kimi mağazalar kampaniyalar təşkil edir. Buna görə də istehsalçılar qiymətləri birdən yox, mərhələli şəkildə artırır”.

Nəticə etibarilə, yaxın 3-4 ayda ağartı məhsullarında 5-10 faiz aralığında bahalaşma gözlənilir. Bununla yanaşı, istehlakçılar həm qiymət artımı, həm də məhsulların çəkisinin azalması və aksiyaların çoxalması kimi hallarla qarşılaşa bilər.


Geri qayıt