Əsas Səhifə > Güney Press > Əlixan Rəcəbov necə uğursuz oldu?

Əlixan Rəcəbov necə uğursuz oldu?


Bu gün, 11:01

Elə aktyorlar var ki, onlar sənətə əvvəlcə uğursuz, daha dəqiq desək, təbii olaraq xam başlayırlar, tanınmaq, rolu yaxşı oynamaq çətin olur. Ancaq püxtələşdikcə, inkişaf etdikcə hər şey düzəlir. Görürsən ki, bu adam əsl inkişaf yolu keçdi. Biri də var, başlayanda uğuru, istedadı, işığı görünən, ancaq getdikcə pisə doğru mətin addımlar atan, o işığı öləziyən aktyorlar.

Əlixan Rəcəbov ikinci kateqoriyadadır.

Bəlkə də, bir anın içindəki məşhurluq, müəyyən uğur, kütləvi sevilmək özünü realizə etməyə imkan vermədi ona. Bəli, şöhrətin bu cür bir ziyanı da var. Bir də görürsən, şöhrət adamı Əlixan Rəcəbovun gününə qoyur.

O ilk dəfə videoblogerlikdə seçildi, sonra aktyorluqda, sonra da seçilib qurtardı, çıxıb getdi ruhən.

Əlixan Rəcəbov sima olaraq Azərbaycan filminə çox uyğundur, ancaq istedad olaraq indi ən yaxşı halda elə videoblogerdir.

Görünür, mahiyyət etibarı ilə başladığı yerə qayıdıb.

Obrazlı desək, Əlixan Rəcəbov aktyorluq etməsə, əslində, çox yaxşı aktyordur.

Hətta deyərdim, çəkilmədiyi filmlərdə ən yaxşı aktyor oyunu da ona məxsusdur.

Bu gün çəkilən filmlərdə kənardan keçən adamlar daha çox aktyordur, nəinki Əlixan Rəcəbov.

Əlixan Rəcəbovun bir neçə problemi var. Əsas problemlərdən biri odur ki, o, aktyor kimi düşünə bilmir. Bəli, məhz düşünə bilmir. Aktyor kimi oynamaq, özünü aktyor kimi aparmaq ayrı, ancaq bir aktyoru həqiqi aktyor edən nəsnə elə aktyor kimi düşünməkdir.

Ancaq Əlixan Rəcəbov belə məsələlər haqqında düşünmür. Tək o yox, bir sıra aktyorlara aid etmək olar bunu.

Hazırda Azərbaycan filminə, efirinə Əlixan Rəcəbov lazımdır, ancaq sima olaraq. Pis-yaxşı bir məşhurluğu var və bu məşhurluq kommersiyaya işləyə bilir.

Bəlkə də, Əlixan Rəcəbov təkcə videobloger olaraq qalsaydı, bu gün ən yaxşı vayner o idi.

Nə rejissor, nə ssenarist, nə də aktyor kimi özünü doğrulda bilmədi. Eləcə məşhurlaşdı, böyük iddialar, di gəl, altı da boş.

Əlixan ixtisasca Aviasiyanı bitirib. Yaxşı olardı ki, uçsun. Məncə, Əlixan Rəcəbov super uça bilərdi səmada. Gül kimi pilot itirmişik bəlkə də. Uçardı və deyərdi: Sən ey mavi göylər, səmavi göylər…

Ya da uzun müddət davam etdiyi futbolda qalardı. İndi gül kimi topuyla oynayırdı.

Bilməyənlər üçün deyim ki, Əlixan Rəcəbov Rusiyanın Həştərxan şəhərində, “Neftçi Bakı” ŞHK-nun heyətində çempionata qatılıb. Daha sonra bir çox ŞHK liqalarında komandasıyla birlikdə iştirak edib. O cümlədən Azərbaycan yığmasında Belarusun Minskşəhərində 1-ci liqada oyuna qatılıb.

Əlixan Rəcəbov elə bil Azərbaycan kinosunun “yarımçıq tikilmiş villasıdır”. Fasadı bahalı, qapısında parlaq lövhə, içəri girəndə isə görürsən ki, divarlar suvaqsız, işıq sistemi çəkilməyib, mətbəxdə də qaz yoxdur.

Əlixan məsələsində problem budur ki, kamera onu sevir, amma sənət onunla ciddi münasibət qurmaq istəmir. Bir növ, sənət deyir: “Sən yaxşı oğlansan, amma biz dost qalaq”.

Günlərin bir günü istedad qayıdıb Əlixan Rəcəbova deyib ki, sən məndən yaxşılarına layiqsən.

Fikrimcə, aktyor odur ki, girdiyi rolun içində özünə şərait qursun. Əlixan Rəcəbovun girdiyi rollarda şərait var, ancaq o şərait Nail Kəmərlin çəkdiyi yerlər kimidir.

Hansı rolda olursa olsun, Əlixan ancaq özüdür. Obraz dəyişir, adam dəyişmir. Aktyor odur ki, rola girsin. O isə rolun içinə mebel kimi qoyulub. Hərdən birini yerini dəyişirlər.

Obrazın dəyişib ancaq adamın dəyişməməsi texniki yox, daxili problemdir. Çünki aktyor sənəti imitasiya yox, daha çox transformasiya tələb edir. Bu mənada, Əlixanın problemi bəlkə də istedadsızlıq yox, özünü yenidən qurmaq istəməməsidir. Komfort zonasından çıxmamaq. İnsan bir dəfə tamaşaçı sevgisini “asan yolla” qazananda, onu itirmək qorxusu risk etməyə mane olur.

Mənə elə gəlir ki, Əlixan heç bir rejissoru başa düşmür. Məsələn, rejissor ona desə ki, psixoloji dərinlik yarat, Əlixan azı qırx dəqiqə tavana baxar. Elə bilər ki, dərinlik bu cür olur.

Əlixan bir çox hallarda o aktyorlardandır ki, hər layihəyə “mən burdayam” demək üçün girir, “mən kiməm?” sualını vermək üçün yox.

Halbuki onun olduqca geniş nəfəsi var idi. Kim bilir, bəlkə də, zamanla düzələr, onu aldadan nəsnənin adı nədirsə, parıltısına aldanmaz, özünü toparlaya və fərqli rollara girə bilər.

Orxan Saffari

Gununsesi.info


Geri qayıt