Əsas Səhifə > Güney Press > Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi

Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi


Bu gün, 10:15

“Bir klinika pasiyenti əzmək üçün görün hansı saxtakarlıqlara əl atır. “LIV Bona Dea Hospital”ın mənə qarşı 222 395 manat təzminat iddiası ilə bağlı mayın 5-də Nəsimi Rayon Məhkəməsində növbəti iclas keçiriləcək. Klinika məhkəməyə təqdim etdiyi iddiada bildirir ki, guya mən heç bir əlaqə nömrəsi qeyd etməmişəm və buna görə də xəstəxanada gözləyən həyat yoldaşıma heç bir məlumat verilməyib”.

"Yenisabah.Az" xəbər verir ki, bu sözləri “Əli və Nino” kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, əsas şikayətçi olduğu məqam anesteziya ilə bağlı laqeyd münasibət və ümumi diqqətsizlikdir:

“Yanvarın 12-də, əməliyyatdan iki gün əvvəl, hazırlıq üçün “Liv Bona Dea” xəstəxanasına getdim. Müayinə, qeydiyyat və sənədləşmə prosesini tamamladım. Buna baxmayaraq, müqavilənin bir nüsxəsi və ya hər hansı sənəd mənə təqdim olunmadı (yalnız EKQ verildi).

Mənə bir blank verildi və bildirildi ki, burada iki ailə üzvünün əlaqə nömrəsi qeyd olunmalıdır. Birinci nömrə kimi Şahbaz bəyin nömrəsini yazdım. İkinci nömrə üçün anamı qeyd etməkdə tərəddüd etdim — 82 yaşı var və əməliyyat barədə məlumat alıb narahat olmasını istəmirdim. Lakin klinika əməkdaşı israr etdi ki, mütləq iki nəfərin əlaqə nömrəsi yazılmalıdır. Buna görə anamın da nömrəsini qeyd etdim.

Əməliyyatla bağlı narazılığımı daha əvvəl yazdığım paylaşımda qeyd etmişdim: əməliyyat günü saat 07:30-da məni Şahbaz bəydən ayırdılar və sonrakı 7 saat ərzində o, mənim vəziyyətim və əməliyyat barədə heç bir adekvat məlumat ala bilmədi. Halbuki normal praktikada əməliyyatdan sonra həkim və ya klinika nümayəndəsi xəstə yaxınlarına məlumat verir.

Bu halda isə əməliyyatı həyata keçirən həkim, öz sözlərinə görə, saat 10:30-da xəstəxananı tərk edib. Mən isə bundan sonra bir neçə saat ərzində ayılma otağında ağrıdan əziyyət çəkmiş, əlavə anesteziya verilməsi üçün yalvarmışam. Mənə bunun əlavə ödənişli olacağı bildirilib və razılaşmışam. Buna baxmayaraq, uzun müddət heç bir yardım göstərilməyib.

Əsas şikayətim də məhz bu — anesteziya ilə bağlı laqeyd münasibət və ümumi diqqətsizlikdir.

Bu müddətdə Şahbaz bəy hər yarım saatdan bir qeydiyyata yaxınlaşaraq vəziyyətimlə maraqlanıb. Üstəlik, öz əlaqə nömrəsini də qeydiyyata təqdim edib ki, həkimlə əlaqə yaradılsın. Nəhayət, yaxınların narahatlığı həkimə çatdırıldıqdan sonra, saat 13:53-də həyat yoldaşıma zəng edilib (2-ci fotoda göstərilib)”.

N.Köçərli qeyd edib ki, xəstəxananın özü ilə bağlı səsləndirdiyi iddialar əssasız və ziddiyyətlidir:

“Məhkəmə prosesi başlayandan sonra, müqavilə və əməliyyatla bağlı sənədləri vəkil vasitəsilə, böyük çətinliklə əldə edə bildim. İndi isə mayın 5-də keçiriləcək iclasa hazırlaşarkən sənədlər arasında diqqətçəkən bir fakt ortaya çıxıb.

Həmin o blank, həqiqətən, yoxa çıxıb. Amma əlavədəki 3-cü fotoya diqqət yetirin. Bu, Liv Bona Dea tərəfindən təqdim olunan “xəstəlik tarixçəsi”dir. Burada qeyd etdiyim hər iki əlaqə nömrəsi mövcuddur. Qeyd edim ki, bu yazı mənə məxsus deyil — sənəd qeydiyyat əməkdaşı tərəfindən doldurulub. Bu isə o deməkdir ki, mən həqiqətən də əlaqə nömrələrini təqdim etmişəm.

Belə çıxır ki, klinika yaxınlarımın əlaqə nömrələrinin qeyd olunduğu ilkin blankı aradan qaldırsa da, digər sənəddə bu məlumatlar təsadüfən qorunub saxlanılıb.

Digər iddialar da eyni dərəcədə əsassız və ziddiyyətlidir. Vaxt tapdıqca onları da ayrıca təqdim edəcəyəm”.

Xatırladaq ki, N.Köçərli bir müddət öncə sosial media hesabında paylaşım edərək “Liv Bona Dea” xəstəxanasından şikayət etmişdi. O, adı çəkilən xəstəxanada pis rəftarla üzləşdiyini demişdi. Xəstəxana iddiaları qəbul etməyib.

Məsələ ilə bağlı LIV Bona Dea Hospital xəstəxanası Nigar Köçərlinin şikayəti ilə bağlı Nəsimi Rayon Məhkəməsində iddia qaldırıb.


Geri qayıt