Əsas Səhifə > Güney Press > Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi
Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldiBu gün, 08:42 |
|
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində quldurluqda və talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmədə təqsirləndirilən İsmət İbrahimovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü o, 4 il 2 ay müddətə azadlıqdan məhrum edilib. İttihama görə, təqsirləndirilən şəxs əvvəlcə nəqliyyat vasitəsini qanunsuz ələ keçirib, daha sonra isə aptekdə quldurluq əməli törədib. Belə ki, İsmət İbrahimov 17 may 2025-ci il tarixdə saat 17:30 radələrində Qusar rayonu Lanqi kəndin ərazisində yolun kənarında həmin rayonunun Urva oba kənd sakininə məxsus “MTZ 82” markalı traktorun nəzarətsiz vəziyyətdə qaldığını görüb. Təqsirləndirilən şəxs traktorun qapısını açaraq açarın üzərində olmadığını müəyyən edib və nəqliyyat vasitəsini itələyərək mühərriki işə salıb. Daha sonra talama məqsədi olmadan traktoru qanunsuz ələ keçirərək idarə edib və Quba şəhəri istiqamətində hərəkətə başlayıb. Lakin onun hərəkətləri uzun çəkməyib. İsmət Quba rayonunun Aşağı Atuc kəndi ərazisində Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İstintaq materiallarında qeyd olunur ki, hadisə bununla bitməyib. Belə ki, 23 may 2025-ci il tarixdə, saat 12:30 radələrində o, Qusar çayının sağ sahilində yerləşən “Zəfəran” aptekə daxil olub. Təqsirləndirilən şəxs resept əsasında müxtəlif dərman vasitələri alıb. Ümumi dəyəri 22,98 manat olan dərmanları götürdükdən sonra pulu ödəmədən apteki tərk etmək istəyib. Bu zaman aptekdə çalışan satıcı və nəzarətçi ondan dərmanların pulunu ödəməyi tələb ediblər. İsmət isə özü ilə gəzdirdiyi mətbəx bıçağını nümayiş etdirərək həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq edəcəyi görüntüsü yaradıb. Bununla da o, hədə-qorxu yolu ilə qeyd olunan dərmanları ələ keçirərək quldurluq əməli törədib. Məhkəmə istintaqı zamanı İsmət İbrahimov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib. O, ifadəsində söyləyib ki, yol kənarında dayanarkən pulu olmadığı üçün evə getmək məqsədilə traktoru götürüb. Onun sözlərinə görə, traktorun sahibi nəqliyyat vasitəsini saxlayaraq çay içməyə getdiyini deyib və həmin vaxtdan istifadə edərək traktoru işə salıb. Təqsirləndirilən şəxs qeyd edib ki, məqsədi traktoru oğurlamaq deyil, yalnız evə getmək olub və ertəsi gün onu geri qaytarmağı planlaşdırıb. İsmət polis tərəfindən saxlanılanadək yolun yarısını qət etdiyini bildirib. Aptekdə baş verən hadisə ilə bağlı isə o, dermatoloqun yazdığı resept əsasında dərman almaq istədiyini, lakin pulu olmadığını söyləyib. Bildirib ki, aptek işçilərindən kömək istəmək niyyətində olub. Onun sözlərinə görə, müəssisə rəhbərliyi polis çağıracağını dedikdə təşvişə düşüb və özünü qorumaq məqsədilə bıçağı çıxarıb. İsmət İbrahimov əlavə edib ki, hadisə zamanı kiməsə xəsarət yetirmək niyyəti olmayıb, polis əməkdaşlarına müqavimət göstərməyib və saxlanıldıqdan sonra şöbəyə aparılıb. Geri qayıt |