Əsas Səhifə > Güney Press > Tikintidə artan “qara bazar”

Tikintidə artan “qara bazar”


Bu gün, 15:57

Son illər Azərbaycanda tikinti sektorunda əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində müəyyən irəliləyişlər qeydə alınsa da, qeyri-formal məşğulluq problemi tam aradan qalxmayıb. Azərbaycanda son 9 ildə tikinti obyektlərində 1677 nəfərin əmək müqaviləsi olmadan işlədiyi müəyyən olunub. Bu, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin tikinti obyektlərində əmək münasibətlərinin vəziyyətinin araşdırılması məqsədilə keçirdiyi yoxlamaların nəticəsində məlum olub.

Aparılan 380 səyyar yoxlama nəticəsində minlərlə işçi və yüzlərlə işəgötürən yoxlanılıb, pozuntulara görə milyonlarla manat cərimə tətbiq olunub. Eyni zamanda, görülən tədbirlər nəticəsində tikinti sektorunda qeyri-rəsmi məşğulluğun səviyyəsinin əvvəlki dövrlə müqayisədə dörd dəfədən çox azaldığı bildirilir. Bu isə müəyyən nəzarət mexanizmlərinin effektivliyindən xəbər verir.

Bəs tikinti sektorunda qeyri-rəsmi məşğulluğun geniş yayılmasının əsas səbəbləri hansılardır? Son illərdə müşahidə olunan ciddi azalma hansı amillərlə bağlıdır? Görülən tədbirlər problemi tam həll etmək üçün yetərli sayılırmı?

Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov Musavat.com-a deyib ki, tikinti sektorunda qeyri-rəsmi məşğulluğun səviyyəsi uzun illər struktur problemlərdən qaynaqlanıb: “Layihə əsaslı iş modeli, xərclərdən yayınma meylləri, subpodrat zəncirində nəzarətin zəifliyi və bəzi hallarda işçilərin də qeyri-rəsmi işləməyə razı olması bu sahədə əmək müqavilələrinin geniş tətbiqinə mane olub. Bununla yanaşı, son illərdə vəziyyətdə ciddi müsbət dinamika müşahidə olunur. Xüsusilə Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən həyata keçirilən səyyar yoxlamalar, maarifləndirmə tədbirləri və tətbiq olunan maliyyə sanksiyaları qeyri-formal məşğulluğun əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Rəsmi məlumatlara əsasən, tikinti sektorunda qeyri-rəsmi məşğulluğun səviyyəsi son dövrlə müqayisədə dörd dəfədən çox azalıb ki, bu da həyata keçirilən siyasətin effektivliyini göstərir. Onu da deyim ki, 2,5 milyon manatdan artıq cərimələrin tətbiqi və yüz minlərlə əmək müqaviləsinin rəsmiləşdirilməsi əmək bazarında şəffaflığın artmasına xidmət edib. Bu, həm işçilərin sosial müdafiəsinin güclənməsi, həm də dövlət büdcəsinə daxilolmaların artması baxımından mühüm nəticədir”.

Ekspertin sözlərinə görə, mövcud vəziyyət göstərir ki, problem tam aradan qalxmayıb, xüsusilə kiçik podratçı seqmentində qeyri-rəsmi məşğulluq halları hələ də qalmaqdadır: “Bu baxımdan, subpodrat münasibətlərinə nəzarətin gücləndirilməsi, rəqəmsal qeydiyyat sistemlərinin geniş tətbiqi və stimullaşdırıcı mexanizmlərin artırılması növbəti mərhələdə əsas prioritetlər olmalıdır. Düşünürəm ki, əldə olunan irəliləyişlər müsbət qiymətləndirilməli, lakin davamlı və sistemli islahatlarla bu sahədə tam şəffaflığın təmin olunmasına nail olunmalıdır”.


Geri qayıt