Əsas Səhifə > Güney Press > Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər

Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər


Bu gün, 11:05

“Ermənistan əhalisinin əksəriyyəti sülh və əmin-amanlıq istəyir. Şübhəsiz ki, sülh istəyən tərəf indiki baş nazir Nikol Paşinyana səs verəcək. Paşinyana qarşı dayanan “Qarabağ” klanı isə həmişəki kimi nifrət və kin bəsləyir. Onlar hakimiyyəti ələ keçirmək üçün hər şeyə gedə bilərlər”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə Ermənistanda gözlənilən parlament seçkilərindən danışarkən deyib.

O, Ermənistanda Rusiya qoşunlarının olduğunu da xatırladıb: “Buna paralel olaraq, Ermənistanın xaricdəki diasporu aqressiv mövqe tutur, revanşist və müharibə əhval-ruhiyyəsini dəstəkləyir. Yəni bu qüvvələr anti-Azərbaycan mövqeyində dayanır və müharibə barədə danışırlar. Onlar xarici havadarlarının köməyi ilə Ermənistanda vəziyyəti kəskinləşdirməyə və təxribatlar törətməyə çalışırlar. Ümid edirəm ki, Ermənistanın hüquq-mühafizə orqanları bu qrupların qanunsuz hərəkətlərinə imkan verməyəcək”.

Mollazadənin fikrincə, əgər söhbət Ermənistanda sərbəst və azad seçkilərdən gedirsə, sözsüz ki, Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə qalib gələcək. Çünki ölkədəki mövcud vəziyyət bunu deməyə əsas verir.

Deputatın iddiasına görə, Rusiyaya bağlı qüvvələr Ermənistanda qeyri-siyasi yollarla hərəkət edərək terror və təxribatlar törədə bilərlər: “Onların siyasi təcrübəsində bu kimi hallar olub. Ancaq erməni əhalisinin əksəriyyəti sülh istəyir. Ümid edək ki, sülh tərəfdarları qalib gələcək”.

Mollazadə qeyd edib ki, Azərbaycan hər zaman bölgədə və qonşu ölkələrdə sabitliyin olmasında maraqlıdır:

“Azərbaycan sülh gündəliyi ilə çıxış edir və Ermənistanda sülh istəyən mütləq əksəriyyətlə bu baxımdan həmfikirdir. Əlbəttə, terroru dəstəkləyən keçmiş klan var. Onlar Qarabağda böyük anti-insani və anti-bəşəri cinayətlər törədiblər. İndi isə bunu Ermənistanda etməyə cəhd göstərə bilərlər. Əslində, onlar siyasi qüvvə deyil, hansısa ölkənin kəşfiyyat və casus şəbəkəsidir”.


Geri qayıt