Əsas Səhifə > Güney Press > Azərbaycan–Çexiya münasibətləri inkişafdadır

Azərbaycan–Çexiya münasibətləri inkişafdadır


Bu gün, 08:29

Aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana baş tutan rəsmi səfəri ölkələrimiz arasında genişmiqyaslı əməkdaşlıq üçün ciddi potensialın mövcudluğunu təsdiqləməklə yanaşı, mövcud əlaqələrin dərinləşdirilməsi məqsədinə xidmət edir. Ölkəmiz bu Mərkəzi-Şərqi Avropa ölkəsi ilə qarşılıqlı faydalı əlaqələrin yüksələn xətlə inkişafında maraqlıdır. 
Çex Respublikasının Mərkəzi və Şərqi Avropanın kecmiş sosialist ölkələri arasında ən sürətlə inkişaf edənlərdən biri olması bu əməkdaşlığın daha da genişlənməsinə müsbət impulslar verib. Ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə təkan verən digər mühüm amil isə Çexiyanın Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyanlardan olmasıdır. 1992-ci ilin 8 yanvarında belə bir mühüm qərar qəbul edən rəsmi Praqa respublikamızın müstəqilliyinin möhkəmlənməsinə mühüm töhfə verməklə yanaşı, Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanla əməkdaşlığa yüksək marağını nümayiş etdirmişdir. Ölkələrimiz arasında diplomatik münasibətlər isə 29 yanvar 1993-cü il tarixdə qurulub, sonrakı illərdə bir sıra sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri yaradılıb.
Azərbaycan və Çexiya arasında ikitərəfli əlaqələrin sürətli inkişafına əsaslı təkan verən mühüm təsir amillərindən biri də hər iki dövlətin mövqelərinin beynəlxalq və regional məsələlərdə üst-üstə düşməsidir. Çexiya Azərbaycanın transqafqaz nəqliyyat-kommunikasiya sistemi vasitəsilə Qərbi Avropaya çıxışının təmini baxımından əlverişli geosiyasi məkandır. Azərbaycanın malik olduğu zəngin neft-qaz ehtiyatları isə dost ölkənin enerji təhlükəsizliyində, habelə tranzit-kommunikasiya əhəmiyyətinin artmasında mühüm rol oynayır. Enerji təhlükəsizliyi məsələlərinin ciddiliklə gündəmə gəldiyi bir zamanda rəsmi Çexiya Azərbaycanın bilavasitə iştirakı ilə gerçəkləşən strateji əhəmiyyətli enerji layihələrində iştiraka xüsusi maraq göstərir. Rəsmi Praqa respublikamızın zəngin karbohidrogen ehtiyatlarının Qərb bazarlarına ixracı prosesində fəal iştirakçı olmaq arzusunu gizlətmir.
İqtisadi əlaqələrə nəzər salsaq görərik ki, keçən il 814,73 milyon ABŞ dollarına çatan ticarət dövriyyəsi bu əlaqələrin dinamik inkişafını göstərir. Çexiya Azərbaycanın 6-cı ən böyük ixrac tərəfdaşı olmaqla yanaşı, Avropa İttifaqı daxilində 4-cü yerdə qərarlaşıb. Bu fakt Azərbaycanın Avropa bazarındakı mövqeyinin gücləndiyini nümayiş etdirir.
Ölkələrimizin energetika sahəsində əməkdaşlığı isə xüsusi önəm daşıyır. Azərbaycan Çexiyaya xam neft ixrac edir və 2025-ci ildə bu ölkə İtaliyadan sonra ikinci ən böyük idxalçı olub. Bununla yanaşı, Çexiya tərəfi bərpaolunan enerji, enerji səmərəliliyi və hidrogen sahələrində əməkdaşlıqda maraqlıdır. Bu isə münasibətlərin ənənəvi enerji modelindən daha innovativ istiqamətlərə keçdiyini göstərir.
Çex şirkətlərinin Azərbaycanda, o cümlədən bərpaolunan enerji sahəsində fəal iştirakı diqqət çəkir. Naxçıvanda 500 MVt gücündə fotoelektrik stansiya layihəsində iştirak və hidroelektrik avadanlıqların təchizatı imkanlarının araşdırılması bu əməkdaşlığın konkret nümunələridir.
İnvestisiya göstəriciləri də balanslı əməkdaşlığı əks etdirir: 1995-2025-ci illər ərzində qarşılıqlı investisiyalar təxminən eyni səviyyədə olub. Azərbaycanda fəaliyyət göstərən Çexiya kapitallı şirkətlərin müxtəlif sahələri əhatə etməsi iqtisadi əlaqələrin şaxələndiyini göstərir.
Prezident İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişlə Qəbələ şəhərində mətbuata bəyanatında Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərirdiyini söyləyib. Bizim çox fəal siyasi dialoqumuz var. “Bu gün bir çox məsələlər ətrafında - həm regional, həm ikitərəfli, həm daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır”, - deyə dövlətimizin başçısı əlavə edib.
Bildirilib ki, iki ölkə arasında əməkdaşlığın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Azərbaycan və Çexiya çox etibarlı tərəfdaşlardır. Dövlətimizin başçısı deyib ki, Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur.
Bu gün Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Dövlətimizin başçısı qeyd edib ki, bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqına üzv ölkədir. O cümlədən Çexiyaya qonşu olan ölkələrə Azərbaycan təbii qaz ixrac edir.
Ümumilikdə, səfərin yekunları deməyə əsas verir ki, Çexiya Mərkəzi-Şərqi Avropada Azərbaycanın yaxın tərəfdaşlarından birinə çevrilir. Eyni zamanda, hər iki ölkənin rəhbərliyi siyasi iradə nümayiş etdirərək əməkdaşlıq üçün mövcud potensialın açılmasına xidmət edən kompleks tədbirlər həyata keçirməyə çalışır. Əldə olunmuş razılaşmalar isə münasibətlərin bundan sonrakı mərhələdə daha sürətli templə inkişafına yaxşı imkanlar yaradır.
 
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
"DİA-AZ"

Geri qayıt