Əsas Səhifə > Güney Press > Paşinyanın korteji hamilə qadını belə vurub

Paşinyanın korteji hamilə qadını belə vurub


Bu gün, 15:02

Ermənistanda 4 il əvvəl baş vermiş səs-küylü hadisə yenidən gündəmə gəlib.

Musavat.com xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyanın kortejinin 2022-ci ildə hamilə qadın Sona Mnatsakanyanı vuraraq öldürdüyü hadisə ilə bağlı yeni açıqlamalar verilib.

Mərhumun ailəsinin vəkili Tatevik Soqoyan hadisənin dördüncü ildönümünə həsr olunmuş müzakirədə bildirib ki, kortej həmin gün fövqəladə dövlət tədbirinə deyil, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatları ilə adi işçi görüşünə tələsirmiş.

Onun sözlərinə görə, bu görüşün xüsusi dövlət əhəmiyyəti daşıyan gündəliyi olmayıb.

Xatırladaq ki, faciə 26 aprel 2022-ci il axşam saatlarında baş verib. Hamiləliyinin yeddinci ayında olan Sona Mnatsakanyan İrəvanda Paronyan-Leo kəsişməsində piyada keçidindən yolu keçərkən yüksək sürətlə hərəkət edən kortej tərəfindən vurulub.

Vəkilin sözlərinə görə, qadını vuran avtomobildən sonra kortejin heç bir maşını dayanmayıb və yardım göstərməyib.

Soqoyan bildirib ki, yaralı qadına təsadüfən ərazidən keçən təcili yardım avtomobili kömək edib. Lakin Sona Mnatsakanyan yaxınlıqdakı “Nairi” Tibb Mərkəzinə artıq həyatını itirmiş vəziyyətdə çatdırılıb.

Vəkil əlavə edib ki, hadisədən sonra yayılan “kəsişmə tam bağlanmışdı” iddiaları da həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, video görüntülərdə kortej keçməzdən əvvəl digər avtomobilin həmin əraziyə daxil olduğu, daha sonra isə piyadanın yolun üzərində göründüyü müşahidə olunur. Bu isə təhlükəsizlik tədbirlərinin lazımi səviyyədə qurulmadığını göstərir.

İş üzrə istintaq təxminən üç il davam edib.

Məhkəmə qarşısına yalnız avtomobilin sürücüsü Aram Navasardyan çıxarılıb. O, 1 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və eyni müddətə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum olunub.

Həm mərhumun ailəsi, həm də sürücünün müdafiə tərəfi hökmə narazıdır.

Sona Mnatsakanyanın atası daha sərt – 4 il həbs cəzası gözlədiyini bildirib. Sürücünün vəkili Ruben Baloyan isə müttəhimin günahsız olduğunu iddia edir.


Geri qayıt