İqtisadiyyat.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında deyilir.
ABŞ-nin ötən il hərbi xərcləri 954 milyard dollar təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 7,5% azdır. Ekspertlərin fikrincə, azalma əsasən il ərzində Ukraynaya yeni maliyyə hərbi yardımının təsdiqlənməməsi ilə bağlıdır. Hesabatda deyilir ki, ABŞ Qərb yarımkürəsində dominantlığı qorumaq və Çinin Hind-Sakit okean bölgəsindəki mövqeyini cilovlamaq üçün həm nüvə, həm də ənənəvi hərbi imkanlara investisiyaları artırıb ki, bunlar da yeni Milli Təhlükəsizlik Strategiyasının əsas məqsədləridir.
Dünyada hərbiyə ən çox pul xərcləyən ikinci ölkə olan Çin bu xərclərini 7,4 faiz artıraraq 336 milyard dollara çatdırıb.
Hesabat dövründə Rusiyanın hərbi xərcləri 5,9% artaraq 190 milyard dollara çatıb ki, bu da ÜDM-in 7,5%-ni təşkil edir.
Qeyd edilib ki, ABŞ, Çin və Rusiya ümumilikdə 1,48 trilyon dollar və ya qlobal hərbi xərclərin 51%-ni xərcləyiblər.
ABŞ-də hərbi xərclər azalsa da, Avropada 14 faiz, Asiya və Okeaniyada isə 8,1 faiz artıb.
2025-ci ildə hərbi xərclərin artmasının əsas səbəbi Avropa olub. Belə ki, bu regionun hərbi xərcləri 14% artaraq 864 milyard dollara çatıb.
29 NATO üzvü ümumilikdə 559 milyard dollar xərcləyib və onlardan 22-sinin hərbi xərcləri ÜDM-in ən azı 2 faizini təşkil edib. Almaniya qrupda hərbiyə ən çox pul xərcləyən ölkə olub və onun xərcləri illik müqayisədə 24 faiz artaraq 114 milyard dollara çatıb.
İspaniyanın hərbi xərcləri isə 50% faiz artaraq 40,2 milyard dollara çatıb və bu da onun hərbi yükünü 1994-cü ildən bəri ilk dəfə ÜDM-in 2 faizindən yuxarı qaldırıb.
Ötən il hərbiyə ən çox pul xərcləyən yeddinci ölkə olan Ukrayna xərclərini 20 faiz artıraraq 84,1 milyard dollara və ya ÜDM-nin 40 faizinə çatdırıb.
Yaxın Şərqdə hərbi xərclər 2025-ci ildə təxminən 218 milyard dollara çatıb ki, bu da 2024-cü illə müqayisədə cəmi 0,1 faiz çoxdur. Hesabat dövründə İsrailin hərbi xərcləri 4,9 faiz azalaraq 48,3 milyard dollara çatıb ki, bu da Qəzzadakı müharibənin intensivliyinin azalmasını əks etdirir. Buna baxmayaraq, ölkənin xərcləri 2022-ci illə müqayisədə 97 faiz yüksək olaraq qalır.
Eyni zamanda, Türkiyənin hərbi xərcləri 7,2 faiz artaraq 30 milyard dollara çatıb ki, bu da qismən İraq, Somali və Suriyada davam edən hərbi əməliyyatları ilə bağlıdır.
İranın xərcləri isə ardıcıl ikinci ildir ki, azalır. Belə ki, ötən il ölkənin hərbi xərci 5,6 faiz azalaraq 7,4 milyard dollara enib. Real ifadədə azalma illik inflyasiyanın 42 faiz olması və xərclərin nominal olaraq artması ilə əlaqədardır.