Əsas Səhifə > Güney Press > BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib

BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib


Bu gün, 14:09

Bu ilin ilk iki ayı ərzində Azərbaycana Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) duzlanmış, qurudulmuş və ya hisə verilmiş ət məhsulları, eləcə də ət məhsullarından hazırlanan ərzaq unu gətirilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, BƏƏ-dən gətirilən məhsulun miqdarı açıqlanmasa da, onun gömrük dəyərinin 100 dollar (170 manat) olduğu qeyd olunub.
Məlumat üçün bildirək ki, bir çox ölkənin qida sənayesində heyvan ətindən də un hazırlanır. Bu məhsul ətin qurudulub yağsızlaşdırılmasından sonra çox narın şəkildə üyüdülməsi nəticəsində əldə olunan toz halında maddədir. Bu un əksər hallarda hazır şorbaların və bulyon kublarının tərkibində dadverici kimi istifadə edilir.
Onu da qeyd edək ki, ət əsasında hazırlanan ərzaq unu ilə yanaşı, heyvan yemləri üçün nəzərdə tutulan texniki unlardan da geniş istifadə olunur.
Xatırladaq ki, 2024-cü ildə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Belarusda ət və sümük unu istehsalı ilə məşğul olan “Qomelskiy belkovo-jirovoy zavodu” (ОАО «Гомельский белково-жировой завод») adlı şirkəti Azərbaycana ixrac həyata keçirməsi üçün qida obyektlərinin təsdiqi reyestrinə daxil edib.
Ət və sümük unu heyvan tullantılarının emalı (üyüdülməsi) nəticəsində əldə olunur. Bu məhsul bitkiçilikdə fosfor gübrəsi kimi istifadə edilir. Eyni zamanda, heyvandarlıqda kalsiumla zəngin yem əlavəsi kimi də tətbiq oluna bilər. Xüsusilə broyler toyuqlarının və ev heyvanlarının (it və pişiklərin) qidalanmasında sümük unundan geniş istifadə olunur.


Geri qayıt