Əsas Səhifə > Güney Press / Partiya > Müxalifət partiyaları QIŞDAN necə çıxdı?

Müxalifət partiyaları QIŞDAN necə çıxdı?


Bu gün, 08:21

Azərbaycanda müxalifət partiyalarının fəaliyyəti uzun illərdir siyasi müzakirələrin diqqət mərkəzindədir. Formal olaraq ölkədə çoxpartiyalı sistem mövcud olsa da, müxalifətin real siyasi təsir imkanları, ictimai dəstək bazası və təşkilatlanma gücü tez-tez sual doğuran məqamlardandır. Bu vəziyyət həm daxili siyasi mühit, həm də regiondakı ümumi proseslərlə sıx bağlıdır. Müxalifət partiyalarının fəaliyyəti əsasən ictimai-siyasi bəyanatlar və seçkilərdə iştirak üzərində qurulub. Partiyalar gündəlik siyasi proseslərə münasibət bildirir, sosial-iqtisadi məsələlərlə bağlı mövqe ortaya qoyur və bu fikirləri daha çox media və sosial şəbəkələr vasitəsilə ictimaiyyətə çatdırır. Bu fəaliyyət onların əsas kommunikasiya vasitələrindən biri hesab olunur. Seçkilərdə iştirak müxalifətin digər əsas fəaliyyət istiqamətidir. Prezident, parlament və bələdiyyə seçkilərində müxtəlif partiyalar iştirak etsə də, seçki nəticələri və ümumi siyasi mühitlə bağlı fərqli yanaşmalar mövcuddur.

Cəmiyyətlə əlaqə məsələsi də müxalifət üçün mühüm problemlərdən biridir. Sosial bazanın məhdudluğu, regionlarda zəif təşkilatlanma və gənc seçici kütləsi ilə effektiv ünsiyyətin qurulması sahəsində çətinliklər müxalifətin ictimai təsir imkanlarını məhdudlaşdırır.Nəticə etibarilə, Azərbaycanda müxalifət partiyalarının fəaliyyəti əsasən tənqidi mövqe bildirişləri, məhdud siyasi iştirakla xarakterizə olunur. Bununla belə, siyasi proseslərin dinamikliyi gələcəkdə bu mənzərənin dəyişə biləcəyini də istisna etmir.

AG Partiyanın sədri Tural Abbaslı Musavat.com-a bildirib ki, müxalifət partiyalarının fəaliyyəti dünya standartları ilə müqayisədə ürəkaçan olmasa da reallıqlar ortadadır: “Müxalifətə münasibət cəmiyyətin siyasi proseslərdə iştirakını xeyli azaldıb ki, bu da partiyalara təsirini göstərir. Amma buna baxmayaraq hələ də Azərbaycanda 26 siyasi partiya var. Onlardan ən azı onu özünü müxalifət partiyası kimi xarakterizə edir və bu və ya digər formada fəaliyyət göstərirlər. Gələcəkdə siyasi proseslərin dinamikliyi artarsa və müxalif siyasi fəaliyyət üçün daha münbit şərait yaradılarsa əminəm ki, ən azından AĞ Partiya kifayət qədər güclü mövqelər əldə edə biləcək. Uğura əldə edə biləcəyimizə inanıram. Potensial var”.

Azad Vətən Partiyasının sədri Akif Nağı isə deyib ki, partiyalara seçkilərarası dövrlərdə cəmiyyətin həyatında aktiv iştirak eləməlidirlər: “Dinamiklik artdı-artmadı partiyalar öz məsuliyyətlərini bilməlidirlər. Təkcə tənqidçiliklə fəaliyyət yetərli deyil. Bir sahəni tənqid edirsənsə o sahə ilə bağlı öz proqramını ortaya qoymalısan, təkliflərini verməlisən. Qanunvericilik təşəbbüsü ilə çıxış eləmək partiyanın fəaliyyətində xüsusi yerlərdən birini tutmalıdır. Müxalifət partiyalarına münasibət müəyyən qədər dəyişərsə partiyaların təkliflərindən də istifadə olunar. Azərbaycanda partiyalar fəaliyyət göstərirlər. Ancaq fəallaşmaları və dövlətə daha böyük faydaları olması üçün onlardan gələn təkliflər, proqramlar nəzərə alınmalıdır”.

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli isə bildirib ki, son vaxtlar müxalifət partiyaların ölkənin ictimai-siyasi həyatında daha fəal iştirakını müşahidə etmək mümkündür: “Ənənəvi inkarçı mövqe getdikcə elmi, siyasi və milli maraqlar müstəvisinə keçir. Müxalifətçilik məsuliyyəti deyilən anlayış öz yerini tutmaqdadır. Bununla belə müxalifət partiyaların fəallığı cəmiyyətin tələbi ilə müəyyən olunur. Cəmiyyətin dəyişiklik istəyi yoxdursa müxalifətin fəaliyyəti də passivləşir. Və yaxud müxalif siyasi partiyaların çağırışları ictimai fikirdə təsirli olmursa reallığı obyektiv dəyərləndirmək lazımdır. Qəbul etməliyik ki, siyasi partiyalar fövqəladə güc sahibi deyil və fəaliyyətini də cəmiyyətin "sifarişləri" əsasında qurur. Müşahidələr göstərir ki, Azərbaycanda müxalifət heç bir zaman siyasi proseslərdən kənarda qalmayıb. Ona uyğun olaraq fəaliyyətini qurub. İctimai fikirdə də partiyalara adekvat münasibətin formalaşması zəruridir. Partiyalar inqilab etmək, iğtişaş yaratmaq üçün deyil. Siyasi institutlaşmanı dərinləşdirərək cəmiyyətin yad hücumlardan qorunması ilə təbii və axıcı inkişafı dəstəkləmək, ölkənin kadr ehtiyaclarını qarşılamaq üçün fəaliyyət göstərməkdir”.


Geri qayıt