Əsas Səhifə > Güney Press > "Hər aktyordan müəllim olmaz...

"Hər aktyordan müəllim olmaz...


Bu gün, 16:52

“Ad günümü xüsusi olaraq qeyd etmirəm. Mənim üçün adi günlərdən biridir. Yubiley də deyil ki, xüsusi hazırlaşım. Sıradan bir gündür. Gələn il inşallah 55 yaşım tamam olacaq. İlk təbriki əlbəttə ki, ailə üzvlərimdən alıram. Sənətlə, obrazlarla bağlı heç bir arzum yoxdur. Amma xalqımla, tamaşaçılarla, ailəmlə bağlı arzularım çoxdur və inanıram ki, onlar həyata keçəcək”.
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Rafael İsgəndərov deyib.
O daha sonra film və seriallara çəkilməməsinin səbəblərindən danışıb:
“Əlbəttə ki, dəvətlər çox olur. Sadəcə olaraq işimiz, qastrol səfərlərimiz çox olur deyə o cür çəkilişlərə vaxt ayıra bilmirik. İstərdik ki, çəkilək. Biz o vaxt universiteti bitirəndə fakültəmizin adı “Dram, kino və teatr aktyoru” adlanırdı. Yəni biz kinoda da, filmdə də, serialda da çəkilə bilərik. Coşqun da, mən də teatrı daha doğma bilirik. Bu gün müəyyən filmlərə də seçimimizi edib, razılığımızı verib çəkilirik”.
Rafael İsgəndərov Coşqun Rəhimovun pedaqoji fəaliyyətlə məşğul olduğunu bildirib:
“Mən pedaqoji fəaliyyətlə məşğul olmuram. O vaxt İncəsənət universitetindən mənə müəllim kimi qalıb işləməyim üçün dəvət də gəldi. Amma mən bu işi çox ağır sayıram. Hər aktyordan müəllim olmaz. Hər adam müəllim işləyə bilməz. İstedadlı insan ola bilərsən, amma sənətinin müəllimi ola bilməzsən. Amma buna baxmayaraq Coşqun özəl məktəblərdən birində aktyorluq dərsləri keçir”.
Rafael İsgəndərov “Bu şəhərdə”-nin növbəti konsertinə hazırlaşdığını bildirib:
“May ayının 30-da Gəncə Dövlət Filarmoniyasında “Bu şəhərdə”-nin “Gül Əndam” adlı konserti baş tutacaq. Hələ ki, masa arxasında hazırlıq işləri gedir. Bir-neçə gündən sonra səhnədə məşqlərə keçəcəyik. Yeri gəlmişkən bütün gəncəliləri konsertimizə dəvət edirəm”, - deyə o bildirib.

Geri qayıt