Əsas Səhifə > Güney Press > "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu"

"Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu"


Bu gün, 16:27

Bakıda qadın gözəllik salonunda tanışını öldürməyə cəhddə təqsirləndirilən Samir Həsənovun cinayət işi üzrə məhkəməsi başlayıb.

"Unikal"ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs Cahan Çələbiyeva bildirib ki, təqsirləndirilən şəxs Samir Həsənovla 7 ay münasibətləri olub:

"Samir özünü mənə tamam başqa cür qələmə vermişdi. Bundan sonra mənə fərqli nömrələrdən qadın zəng edib bildirirdi ki, onun həyatındayam. Daha sonra təhdidlər oldu. Mən də ayrılmaq qərarına gəldim. Samir məni izləməyə başladı. Telefonumdan ailəmin və mənim şəxsi fotolarımı götürüb onlarla şantaj etməyə başladı. O məni dəfələrlə ictimaiyyət içində döyüb təhqir edib. O məni öldürəcəyi ilə bağlı təhdidlər etməyə başladı. Buna görə də bir neçə dəfə polisə müraciət etmişəm və onu başı qanlı barəsində inzibati həbs cəzası verilib. Hadisə günü salona gəldi və mənə 9 bıçaq zərbəsi ilə xəsarət yetirdi.

Onun ailəsi indiyə qədər mənim iş yerimə gəlib təzyiqlər göstərirlər. Təqsirləndirilən şəxsdən şikayətçiyəm və heç bir barışıq yoxdu. Məhkəmədən ona ən ağır cəzanın verilməsini xahiş edirəm".

Təqsirləndirilən şəxs isə zərərçəkmiş şəxsin yalan ifadə verdiyini bildirib.

Məhkəmənin növbəti iclası mayın 7-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2025-ci il noyabrında paytaxtın Nizami rayonu ərazisində yerləşən gözəllik salonunda baş verib.

Məlumata görə, 39 yaşlı Samir Həsənov həmin salonda çalışan, tanışı - 30 yaşlı Cahan Çələbiyevaya şəxsi münasibətlər zəminində kəsici alətlə xəsarətlər yetirib.

Hadisəni törətməkdə şübhəli bilinən S.Hasanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Qadın kafi vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Samir Həsənova qarşı 29,120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.


Geri qayıt