Əsas Səhifə > Güney Press > MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək?
MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək?Bu gün, 11:45 |
|
Mərkəzi Seçki Komissiyasının (MSK) hazırkı tərkibinin 5 illik səlahiyyət müddətinin başa çatmasına 4 gün qalır. 2021-ci il aprelin 27-də formalaşdırılmış mövcud heyətin fəaliyyət müddəti qanunvericiliyə uyğun olaraq, bu il aprelin 27-də yekunlaşır. Bu səbəbdən MSK-nın yeni tərkibi seçilməlidir. Artıq MSK-nın yeni tərkibinin formalaşdırılması prosesində mühüm mərhələ geridə qalıb. Belə ki, ötən gün hakim Yeni Azərbaycan Partiyası, parlamentdə azlıq təşkil edən siyasi partiyalar və bitərəf deputatlar öz namizədlərini müəyyən ediblər. Hazırda prosesin yekunlaşması üçün məsələnin Milli Məclisin iclasında müzakirə edilməsi və yeni tərkibin rəsmən təsdiqlənməsi tələb olunur. Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, aprel ayının sonunadək, parlamentdə sözügedən məsələyə baxılacaq: “Milli Məclisin son toplantısında spiker Sahibə Qafarova bildirdi ki, növbəti iclasın vaxtı ilə bağlı məlumat veriləcək. Hələlik iclasın vaxtını bilmirik. Amma Mərkəzi Seçki Komissiyasının yeni tərkibinə seçiləcək namizdələr irəli sürülüb və sadəcə məsələyə plenar iclasda baxılması qalıb. Hər halda, aprel ayının sonunadək bu məsələyə baxılması gözlənilir”. Deputat Aydın Hüseynov isə qeyd edib ki, hələlik növbəti plenar iclasın gündəliyi ilə tanış deyil: “Əlbəttə, Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyəcək. Həm Yeni Azərbaycan Partiyası, həm parlamentdə azlıq təşkil edən partiyalar, həm də bitərəflər öz namizədlərini açıqladı. Prosedur qaydalarına uyğun olaraq, yəqin ki, parlamentin növbəti iclasında MSK-nin yeni tərkibi təsdiqlənəcək”. Xatırladaq ki, Seçki Məcəlləsinə görə, MSK-nın 18 yerlik tərkibinin 6 üzvü parlamentdə çoxluq təşkil edən partiyanın, 6 üzvü müstəqil deputatların, 6 üzv isə azlıqda olan partiyaların təqdim etdiyi siyahı əsasında formalaşdırılır. Hazırda Milli Məclisdə YAP daxil olmaqla, 11 partiya var. Ona görə də MSK-da 6 yer YAP-ın təmsilçilərindən ibarət olacaq, 6 yer azlıqda olan digər 10 partiya məxsusdur. Həmin partiyalar 6 namizədi öz aralarında müəyyənləşdirməlidirlər. MSK üzvlüyünə 6 namizədi isə parlamentdəki bitərəf deputatlar təqdim edəcək. Geri qayıt |