Əsas Səhifə > Güney Press > “Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!”

“Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!”


Bu gün, 09:45

“Mənzil İstismar Sahəsindən zəng ediblər ki, illik ödənişi 3 dəfə artırmışıq. Bu hansı ağılın məhsuludur? Durduq yerə bunu necə artıra bilirsən? Ötən il də Mənzil İstismar Sahəsinə pulu ödədiyimə baxmayaraq deyirlər ki, keçən ildən borcunuz qalıb. Deyirəm, ilin əvvəlində hamısını ödəmişəm axı. Cavab verirlər ki, sonradan artırmışıq”.

Pravda.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Azər Həsrət Media Türk Tv-yə danışıb.

O, qiymətlərin xəbərdarlıq etmədən 3 dəfə qaldırılmasını sərt tənqid edib: “Onlayn ödəmək üçün bank hesabı istədikdə isə vermirlər ki, yoxdur, gəlin burada ödəyin, biz sizə qəbz verək. Maliyyə nazirimiz Sahil Babayevə çağırışımdır: bu “JEK”lər hələ də vətəndaşa necə nəğd pul ödətdirə bilir? Hər şeyi rəqəmsal etmişik, amma “JEK”lər deyir ki, siz nağd ödəməlisiniz. Necə bacarırlar? Bunun arxasında kim var?! Axtarsanız, elə bu baş nazirə kimi gedib çıxacaq. Çünki bu cür qeyri-şəffaf yollarla toplanan pullar hardasa kimlərinsə cibinə axır. Ötən ilin avqust ayında istilik xidməti 3 dəfə qiyməti qaldırıb. Əvvəl 12 manat verirdim, indi 36 manat verirəm. Dövlət rəsmilərinə sual verirəm. Azərbaycanda əmək haqlarının 3 dəfə artdığını görən olmayıb. Necə oldu ki, heç kimin əmək haqqısı 3 dəfə yox, 30 faiz artmadığı halda bu xidmətlərin qiyməti 3 dəfə artırılır. Bu adamlar yerində olmayan adamlardır. Vətəndaşın qanını sorur və nəticədə Prezidentdən narazılıq yaradırlar. Azərbaycan Prezidenti deyir ki, vətəndaş yönümlü olaq, əlimizdən gələni edək ki, vətəndaş məmnunluğu yüksək səviyyədə olsun. Bunlar gizlincə belə qiymət artımına gedirlər. Elan belə verməyə ehtiyac görmürlər. Amma vətəndaşa zəng edib deyirlər, qiymət qalxıb. Düşünürəm ki, ciddi islahatlara gedilməlidir. Vətəndaş məmnunluğunu ayaq altına atmaq olmaz. İki il bundan qabaq internetin qiymətini yüksəltdilər. Rabitə nazirliyində görün adamlar nə qədər maaş alır?! Adi şöbə müdirləri minlərlə maaş alır. Nəyin hesabına? Dağın başında ehtiyacı olmadan 100 mb internet üçün 25 manat ödəyən Fatmanisənin hesabına...Vətəndaş narazı olmasın nə etsin?!”


Geri qayıt