Əsas Səhifə > Güney Press > Bu gün BMT canlı meyitdir
Bu gün BMT canlı meyitdirBu gün, 17:55 |
|
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT Nizamnaməsinin prinsiplərinin beynəlxalq hərbi münaqişələrə seçici şəkildə tətbiq edilməməsinin vacibliyini bildirib. Bu barədə o, Astanda keçirilən Regional Ətraf Mühit Sammitində danışıb. Tokayev qeyd edib ki, BMT və digər əsas beynəlxalq təşkilatların müasir dünyanın reallıqlarını tam şəkildə əks etdirməsini təmin etməliyik: “ Dünya elə bir təbiət və geniş miqyaslı transformasiya dövrünə qədəm qoyub ki, bu, tamamilə görünməmiş və gözlənilməzdir. BMT Nizamnaməsinin prinsiplərini beynəlxalq hərbi münaqişələrə seçici şəkildə tətbiq etməkdən çəkinməliyik”. Qazaxıstan liderinin sözlərinə görə, 80 il əvvəl təsis edilmiş BMT dialoq üçün yeganə universal platforma kimi əvəzolunmaz olaraq qalsa da, o vaxtdan bəri dünya kökündən dəyişib: “Beynəlxalq hüququn təməl daşı olaraq qalan BMT Nizamnaməsinin toxunulmazlığı haqqında çox şey danışılır. Amma BMT Nizamnaməsi seçmə yanaşmalar üçün platforma kimi xidmət etməməlidir. Əksinə, BMT Nizamnaməsi vahid, hərtərəfli sənəd kimi qəbul edilməli və bütün müddəaları ilə tanınmalıdır”. Qeyd edək ki, BMT qətnamə qəbul etməklə kifayətləndikcə, onların icrasını təmin edən konkret sanksiya mexanizmləri, məhkəmə prosedurları və effektiv beynəlxalq hüquqi alətlər tam gücü ilə işləmədikcə qlobal münaqişələrin davam etməsi qaçılmaz olaraq qalır. Politoloq Natiq Miri Sherg.az-a açıqlamasında Birləşmiş Millətlər Təşkilatının funksionallığı əhəmiyyətli dərəcədə zəifləyib və təşkilat artıq bir çox məsələlərdə təsir göstərmək iqtidarında olmadığını deyib. Onun sözlərinə görə, dünyanı 5 dövlətin barmaq işarəsinə bağlamaq burada buraxılan ən böyük yanlışlıqdır: “Onun nəticəsidir ki, bu gün BMT canlı meyitdir. BMT, əslində, II Dünya müharibəsindən sonra gerçəkdə ortaya çıxan reallığın nəticəsi olaraq mövcuddur. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri avtoritar və despotik rejimlərlə demokratik dünya arasında tarazlığın nümunəsi kimi ortaya çıxıb. Dünyanın nizamlı və sülh şəraitində yaşaması üçün güc mərkəzlərinin geosiyasi maraqlarını təmin etmək və onlara hər şeyin üstü olaraq hüquq vermək buraxılan ən böyük yanlışlıqdır. BMT kimi mötəbər bir qurum hazırda dünyada cərəyan edən problemlərin öhdəsindən gəlməkdə acizdir. Onun nəticəsidir ki, BMT müasir münaqişələri həll etməkdə çətinlik çəkir. Ona görə də son zamanlar BMT-də islahatların vacibliyi məsələsi önə çəkilir. Məsələ xeyli müddətdir ki, gündəmdədir. Türkiyə, hətta ABŞ-nin özü islahatların vacibliyini dəfələrlə gündəmə gətiriblər. Lakin buna baxmayaraq, hələ ki bu istiqamətdə real addımlar atılmır. İslahatların vacibliyi sadəcə sözdə bildirilir. Reallıqda isə yenə də əsas güc mərkəzləri veto hüququndan istifadə etməklə təşkilatdan öz maraqları naminə yararlanmaqda davam edirlər”. N. Miri qeyd edib ki, hüquqi qərarlarla onların icrası arasında boşluğun qalması beynəlxalq münasibətlərdə ikili standartların yaranmasına gətirib çıxarır: “Bu səbəbdən BMT Nizamnaməsinin vahid və hərtərəfli şəkildə tətbiqi çağırışı hüquqi baxımdan doğru olsa da, onun praktik reallaşması mövcud geosiyasi reallıqlar fonunda kifayət qədər çətindir. Tokayevin mövqeyi beynəlxalq hüququn zəifləməsini deyil, daha çox onun transformasiyasını göstərir. Hüquq hələ də mövcuddur və vacibdir, lakin onun effektivliyi birbaşa güc balansı və siyasi razılaşmalarla şərtlənir”. Geri qayıt |