Əsas Səhifə > Güney Press > “Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir”

“Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir”


Bu gün, 16:48

“Ermənistanın geosiyasi seçim qarşısında qalması, yaxud seçim qarşısında qaldığını nümayiş etdirməklə vaxt qazanmağa çalışması yeni deyil. Lakin hazırkı mərhələdə geosiyasi ziddiyyətlərin dərinləşdiyini nəzərə alsaq, əvvəlki illərdən daha kəskin və risklidir. Bu baxımdan, Aleksey Şevtsovun “ÜDM-in 23%-ə qədər azalması” iddiası iqtisadi hesablamalardan daha çox siyasi mesaj xarakteri daşıya bilər”.

Deputat Elçin Mirzəbəyli bu fikirləri Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsovun Ermənistana sərt xəbərdarlıqlarını Musavat.com-a şərh edərkən bildirib.

Milli Məclis üzvünün sözlərinə görə, bu cür açıqlamalar adətən Kremlin ənənəvi təsir alətlərindən biri kimi - çəkindirmə və ictimai rəyə təsir məqsədilə istifadə olunur:

“Şevtsovun turizm və viza rejimi ilə bağlı arqumentləri qismən real göstəricilərə söykənsə də, burada da müəyyən qədər şişirtmə var. Ermənistan iqtisadiyyatında Rusiya mühüm yer tutur, xüsusilə də əmək miqrasiyası və pul köçürmələri baxımından”.

Rusiya rəsmisinin “Ermənistan Avropa İttifaqına daxil olarsa, ÜDM-in təxminən 23 fazini itirə bilər” kimi xəbərdarlıqlarından bəhs edən Elçin Mirzəbəyli məsələnin ciddiliyinə diqqət çəkib:

“Əgər İrəvan həqiqətən də Avropa İttifaqı ilə dərin inteqrasiya xəttini seçərsə, Moskva cavab olaraq iqtisadi məhdudiyyətlər, enerji qiymətlərinin artırılması, logistika çətinlikləri və miqrasiya rejiminin sərtləşdirilməsi kimi addımlar ata bilər. Bu isə qısamüddətli perspektivdə iqtisadi sarsıntı yaratmaqla yanaşı, Ermənistanın daxili ictimai rəyində də narazılıqları artıra bilər. Bununla yanaşı, Ermənistanın manevr etmək imkanlarının qorunub saxlanılmasına xidmət edən Aİ istiqamətini də sürətli xilas yolu kimi dəyərləndirmək mümkün deyil. Ermənistanın Aİ-yə tamhüquqlu üzvlüyü yaxın perspektivdə real görünmür. Ən yaxşı halda, bu, uzun illər davam edə biləcək institusional, hüquqi və iqtisadi transformasiya prosesidir. Bu zaman kəsiyində isə ölkə yekun inteqrasiya təminatı olmadan “aralıq zonada” qala bilər. Məhz bu “aralıq vəziyyət” Ermənistan üçün ən böyük riskdir. Tarix göstərir ki, geosiyasi keçid dövründə olan dövlətlər xarici təzyiqlərə daha açıq olur. Moskva bunu çox yaxşı anlayır və təsir imkanlarını maksimum səfərbər edir: informasiya təzyiqi, iqtisadi alətlər, daxili siyasi qüvvələrlə işləmə və ictimai rəyə təsir mexanizmləri aktivləşdirilir”.

Deputatın fikrincə, Ermənistandakı seçkiöncəsi dövrdə Kremldən bu təzyiqlərin artması təsadüfi deyil:

“Məqsəd Ermənistanın daxili siyasi kursunu formalaşdırmaqdır. İrəvanda planlaşdırılan Aİ və Avropa Siyasi Birliyi sammitləri də bu kontekstdə simvolik və siyasi əhəmiyyət daşıyır. Bu tədbirlər Ermənistanın Qərbə yaxınlaşmasının nümayişidir və Kreml bunu açıq şəkildə “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir. Ona görə də qarşıdakı dövrdə bir neçə paralel prosesin şahidi ola bilərik. İlk növbədə bu özünü iqtisadi təzyiqlərin mərhələli şəkildə artırılması, xüsusilə də enerji və ticarət sahəsində büruzə verə bilər. Bununla yanaşı, Ermənistanın daxilində qərbyönümlü kursa qarşı siyasi və informasiya kampaniyalarının gücləndirilməsi ehtimalı da az deyil və bunun ilkin işartıları görünməkdədir. Yaxın zamanlarda şimal istiqamətindən Ermənistanın təhlükəsizlik boşluğuna düşə biləcəyi tezisinin qabardıla biləcəyi də az deyil”.

Elçin Mirzəbəyli Brüsselin Ermənistan siyasəti ilə bağlı da maraqlı fikirlər səsləndirib:

“Zənnimcə, Aİ də bütün dəstək xarakterli açıqlama və bəyanatlarına rəğmən, mümkün qədər ehtiyatlı davranacaq. Brüssel Ermənistanı tam şəkildə Rusiyadan “qoparmaq” riskini dərhal üzərinə götürmək istəmir. Bu səbəbdən daha çox yumşaq inteqrasiya istiqamətlərindən, yəni maliyyə dəstəyi, institusional islahatlar, vizasız rejim perspektivi kimi alətlərdən istifadə oluna bilər. Nəticədə Ermənistanın geosiyasi cazibə mərkəzləri arasında balans axtarışı getdikcə daha da çətinləşəcək. Əgər İrəvan kəskin və hazırlıqsız dönüş edərsə, qısamüddətli iqtisadi və sosial şoklar qaçılmaz olacaq. Yox əgər ehtiyatlı və mərhələli siyasət yürüdərsə, uzunmüddətli perspektivdə diversifikasiya imkanları yarana bilər. Amma bu da ehtimaldır. Çünki digər geosiyasi qütbün ata biləcəyi kəskin addımlar da hesablanmalıdır. Cənubi Qafqaz artıq böyük güclərin rəqabət meydanına çevrilib və Ermənistan bu rəqabətin ən həssas nöqtəsində yerləşir. Bu isə o deməkdir ki, qarşıdakı aylarda həm təzyiqlər, həm də geosiyasi manevrlər daha da intensivləşəcək”.


Geri qayıt