Əsas Səhifə > Güney Press > Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU"
Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU"Bu gün, 16:43 |
|
Mövsümündən əvvəl bazara çıxarılan meyvələrin həm qiyməti, həm də keyfiyyəti ilə bağlı narahatlıqlar artmaqdadır. Xüsusilə son günlərdə alça, çiyələk və kal ərik kimi məhsulların yüksək qiymətlərlə satılması istehlakçılar arasında ciddi müzakirələrə səbəb olub. Mövzu barədə Yenicag.az-a açıqlamasında qida eksperti İlkin Şirinov bildirib ki, istər giləmeyvələr, istərsə də digər meyvələr vaxtından əvvəl satışa çıxarıldıqda, onların insan sağlamlığı üçün faydalı olması hər zaman sual altındadır. Ekspertin sözlərinə görə, hazırda bazarda 30 manatdan 100 manata qədər dəyişən qiymətlər əsasən alıcıların “yeni məhsul” marağından qaynaqlanır: “Bundan istifadə edən işbazlar, məsələn, alçanı xırda qablara yığaraq, içərisinə cəmi 10 ədəd yerləşdirib 15-20 manata təklif edirlər. Bəzən isə ‘kal ərik’ kimi məhsullara süni şəkildə şişirdilmiş qiymətlər qoyulur. Bu, müştərilərin gözünün aldadılması və mövsümdən əvvəl meyvə dadmaq istəyindən psixoloji baxımdan istifadə edilməsidir. Nəticədə qazanan tərəf isə yalnız işbazlar olur”. Ekspert qeyd edib ki, bəzi hallarda yüksək qiymətlər idxal faktorları ilə də əlaqəli ola bilər. Belə ki, daşınma və logistika xərcləri məhsulun qiymətinə təsir göstərir. Lakin onun fikrincə, bu artım heç bir halda bir kiloqram alçanın 100 manata satılmasını əsaslandıra bilməz: “Bu artıq mücərrəd rəqəmdir və burada əsas ziyan çəkən tərəf istehlakçıdır”. İlkin Şirinov diqqətə çatdırıb ki, mövsümündən əvvəl yetişdirilən məhsulların sağlamlıq baxımından riskləri də nəzərə alınmalıdır. Onun sözlərinə görə, istixana şəraitində yetişdirilən meyvələrdə istifadə olunan gübrələrin miqdarı və tətbiq qaydası ciddi nəzarət tələb edir: “Əgər bu proses qeyri-peşəkar şəxslər tərəfindən, aqronom nəzarəti olmadan həyata keçirilirsə, bu, insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Çünki gübrələrin istifadəsi müəyyən norma və qaydalara əsaslanmalıdır”. Ekspert hesab edir ki, belə məhsulların satışına yalnız laboratoriya yoxlamalarından sonra icazə verilməlidir: “Təklif edərdim ki, vaxtından əvvəl istixana şəraitində yetişdirilən meyvə-tərəvəzlərin satışına yalnız Qida Təhlükəsizliyi İnstitutunun laboratoriya nəticələri məlum olduqdan sonra icazə verilsin. Məhsullardakı pestisid miqdarı müəyyən edilməli və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müsbət rəyi olduqdan sonra satış təşkil olunmalıdır”. Mütəxəssislər istehlakçılara tövsiyə edirlər ki, mövsümündən əvvəl satışa çıxarılan meyvə-tərəvəzlərə qarşı daha diqqətli olsunlar, həm qiymət, həm də sağlamlıq baxımından seçim edərkən ehtiyatlı davransınlar. Geri qayıt |