Əsas Səhifə > Güney Press > Uşağın cinayətində əsas günahkar valideyndir
Uşağın cinayətində əsas günahkar valideyndirBu gün, 12:54 |
|
Tərbiyə etmək məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək. Bu, Milli Məclisdə müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 525-1-ci maddədə əksini tapıb. Layihəyə əsasən, valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə iki yüz manat məbləğində cərimə ediləcək. Bu qayda həmin əməl Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib. Uşağa qarşı fiziki və psixi zorakılıq tətbiq edən valideyn cəzalanacaq. Çox yaxşı. Əla. Kimsə, valideyn də daxil, uşağın hüquqlarını pozmaq haqqına malik deyil. Bəs, uşağına düzgün tərbiyə verməyən, onun aqressiv yetişməsinə və nəhayətdə digər uşaqların, böyüklərin də həyatını zəhərə çevirməsinə, faciələr yaşatmasına səbəb olan valideynlər də cəzalandırılırmı? “İdrak” liseyində müəlliməyə atəş açan uşağın, şagirdin sifətini yandıran uşağın valideynləri məsuliyyətə cəlb olunubmu? Sosioloq Mətanət Məmmədova “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bir çox halda uşaqlar üçün yaranan hər bir təhlükədə, onların törətdiyi cinayətdə, vurduğu zərərdə bir günahkar var, o da valideynlərdir: - Uşaqlara fiziki zorakılıq, psixi təzyiq göstərən valideyn, müəllim, psixoloq, tərbiyəçi və sair şəxslərin 200 manat cərimə edilməsi halı təqdirəlayiqdir. Çünki adları sadalanan hər bir şəxs normal insandırsa, bu hala yol verməməlidir. Xəstədirsə, müalicə almalıdır, Yox əgər əsəbini cəmləyə bilmirsə, cərimə ödəmək kimi cəza lap yerinə düşür. Lakin bu məbləğ bir qədər də artıq olmalıdır. O miqdarda ki, zorakılıq tətbiq edən insani hisslərdən uşaq şəxsi heç olmasa bu cərimənin miqdarı əməlindən çəkindirməlidir. Əslində bir çox halda uşaqlar üçün yaranan hər bir təhlükədə, onların törətdiyi cinayətdə, vurduğu zərərdə bir günahkar var, o da valideynlərdir. Uşağa düzgün tərbiyə vermədikdə, nəzarət etmədikdə, uşağa qarşı zorakılıq tətbiq etdikdə, onun yaşına uyğun olmayan filmə baxmasına, oyunlar oynamasına biganə yanaşdıqda, etdiyi bir hərəkəti gözardına vurub düz yolu göstərmədikdə, sabah onlar səhv etdikdə, cinayət törətdikdə, bunun məsuliyyəti uşaqlardan daha çox valideynin üzərinə düşür. M.Məmmədova bildirdi ki, qanunvericiliyə görə, uşağın vurduğu maddi və mülki zərərə görə valideynlər konpensasiya ödəməli olur. Lakin cinayət hadisəsi baş verəndə uşağın özü törətdiyi cinayətə görə cəzasını çəkmək məcburiyyətində qalır: - Əgər uşağın cinayət törədəcək qədər qəddarlaşmasında valideynlərinin günahkar olmasına dəlil gətirən şahidlər olarsa, bu halda valideynlər də cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Ailə bir ağac, uşaq isə onun meyvəsidirsə, ailə bir yazıçı, uşaq onun əsəridirsə, bu halda uşaqların törətdiyi cinayətdə, hər hansı bir səhvində, əlbəttə, ailənin rolu böyükdür. Çünki xarab meyvə yeyilmədiyi kimi, yaxşı olmayan əsər oxunmadığı kimi, tərbiyəsi olmayan övlad da cəmiyyət üçün yaraya çevriləcək. Valideynlərin uşaqların törətdiyi cinayətə görə cəzalandırılması yaxşı olardı, lakin bu, hər cinayət üçün mümkün deyil. Cinayət var, uşaq buna təhrik olunur, cinayət var, uşaq psixoloji vəziyyət altında onu törədir, cinayət var, uşaq ailə tərbiyəsindən asılı olmayaraq onu digər uşaqlarla birlikdə düşünmədən, yəni onların təsirinə düşərək törədir. Bax buna görə valideynə cəza kəsmək insan hüquq və azadlıqlarına kobud yanaşma olar. Odur ki, bütün hallarda deyil, bəzi hallarda uşaqların cinayətinə görə valideynlər də cavabdeh olmalıdırlar. Qanunlarımızda bu, əksini taparsa, düşünürəm ki, valideynlər daha məsuliyyətli olar, uşaqların tərbiyəsinə daha ciddi yanaşar, onların həyatına, davranışına nəzarəti artırarlar. Geri qayıt |