Əsas Səhifə > Güney Press / Partiya > Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər

Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər


Bu gün, 18:00

Mərkəzi Seçki Komissiyasının (MSK) hazırkı tərkibinin səlahiyyət müddətinin başa çatmasına bir həftə qalıb. Qurumun hazırkı heyəti 2021-ci ilin aprel ayının 27-də seçilib. Mövcud qanunvericiliyə görə, MSK-nın səlahiyyət müddəti 5 ildir. Odur ki, aprelin 27-də komissiyanın yeni tərkibi seçilməlidir.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, Milli Məclisdə təmsil olunan və Mərkəzi, dairə və məntəqə seçki komissiyalarının formalaşdırılmasında iştirak hüququ olan bir sıra partiyalar artıq MSK üçün namziədlərini müəyyənləşdiriblər.

Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev saytımıza açıqlamasında deyib ki, MSK-nın yeni tərkibində partiyanı təmsil edəcək şəxsin kimliyi bəllidir:

“Mərkəzi Seçki Komissiyasının yeni tərkibinin müəyyən edilməsi ilə bağlı parlamentdə təmsil olunan siyasi partiyaların iştirakı ilə hər hansı müzakirə aparılmayıb. Hazırda ayrı-ayrı partiyalar öz namizədlərini müəyyən edirlər. Fikrimcə, aprelin 27-si ərəfəsində Milli Məclisdə bu məsələyə baxılacaq. Böyük Azərbaycan Partiyasını MSK-da təmsil edəcək namizədi müəyyən etmişik. Vaxtı çatanda bu barədə geniş məlumat veriləcək”.

Partiya sədri MSK-ya göndərəcəkləri təmsilçinin adını hələlik açıqlamaq istəməyib.

Böyük Quruluş Partiyası da MSK-da təmsil olunacaq nümayəndəsini müəyyənləşdirib. Bunu partiyanın sədri, deputat Fazil Mustafa bildirib.

“MSK-nın tərkibi 3 istiqamətdə formalaşıb: hakim partiya nümayəndələri, bitərəf deputatları təmsil edənlər və müxalifət partiyalarının nümayəndələri. Parlament partiyaları özlərinin daxili qərarı ilə namizədlərini irəli sürürlər. Biz öz namizədimizi təqdim etmişik”.

Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri Natiq Cəfərli təşkilat daxilində bir neçə namizəd ətrafında müzakirələrin aparıldığını diqqətə çatdırıb:

“Hələlik məsələyə dair hər hansı bir iclas təyin edilməyib. Amma görünən və gözlənilən odur ki, yaxın günlərdə yeni tərkibin müzakirəsi ilə bağlı məlumat olacaq. MSK-nın yeni tərkibində partiyamızı təmsil edəcək şəxsin seçilməsi ilə bağlı müəyyən müzakirələr gedir. Bir neçə namizəd var və onlarla görüşlərimiz olur. Partiyadaxili qərar verildikdən sonra, ictimaiyyətə açıqlama verəcəyik”.

Ədalət, Hüquq, Demokratiya Partiyanın baş katibi Niyaməddin Orduxanlı bildirib ki, partiyanın MSK-dakı təmsilçisi Mikayıl Rəhimov yeni tərkibdə də yer ala bilər:

“Partiyamızı MSK-da uzun illər Mikayıl Rəhimov təmsil edib. Hazırda ƏHD Partiyasında bu mövzuda müzakirə aparılır. Yəqin ki, növbəti 5 illik dövrdə də komissiyadakı təmsilçimiz Mikayıl Rəhimov olacaq”.

Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini Samir Əsədli isə söyləyib ki, partiyanın məsələ ilə bağlı yekun qərarı yoxdur:

“Bu barədə VHP Siyasi Şurasının yekun qərarı yoxdur. Proses yaxınlaşanda, biz öz mövqeyimizi ifadə edirik. Hazırda MSK-nın yeni tərkibində partiyanı təmsil edəcək şəxsin müəyyən edilməsi lə bağlı müzakirələr aparılır”.

Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının üzvü, deputat Elman Nəsirov bildirib ki, partiya daxilində bu mövzuda hər hansı müzakirə aparılmayıb:

“Bu barədə hər hansı müzakirə yaxud görüş keçirilməyib. Yəqin ki, aprelin 27-dək parlamentdə MSK-nın yeni tərkibinin formalaşdırılması ilə bağlı müzakirə aparılacaq”.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə və Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə məsələ ilə bağlı sualı cavablandırmaqdan imtina ediblər.

Qeyd edək ki, Seçki Məcəlləsinə görə, MSK-nın 18 yerlik tərkibinin 6 üzvü parlamentdə çoxluq təşkil edən partiyanın, 6 üzvü müstəqil deputatların, 6 üzv isə azlıqda olan partiyaların təqdim etdiyi siyahı əsasında formalaşdırılır. Hazırda Milli Məclisdə YAP daxil olmaqla, 11 partiya var. Ona görə də MSK-da 6 yer YAP-ın təmsilçilərindən ibarət olacaq, 6 yer azlıqda olan digər 10 partiya məxsusdur. Həmin partiyalar 6 namizədi öz aralarında müəyyənləşdirməlidirlər. MSK üzvlüyünə 6 namizədi isə parlamentdəki bitərəf deputatlar təqdim edəcək.


Geri qayıt