Əsas Səhifə > Güney Press > Putinin Ermənistanla bağlı planı nədir?

Putinin Ermənistanla bağlı planı nədir?


Bu gün, 16:38

“Növbəti parlament seçkilərində təkcə Paşinyan hakimiyyətinin deyil, həmçinin Ermənistanın gələcək siyasi taleyi də müəyyənləşəcək”.

Bu sözləri politoloq Elçin Xalidbəyli “Cebheinfo.az” – a şərhində Rusiyanın Ermənistanla bağlı mümkün ssenarisi ilə bağlı fikirlərini bölüşərkən bildirib. Onun sözlərinə görə, seçki ərəfəsində Ermənistanda siyasi vəziyyətin daha da grəginləşməsi gözlənilir:

“Hazırda Moskva Paşinyan hakimiyyətindən ciddi şəkildə narazıdır. Ona görə də Kremldə Ermənistanda mövcud hakimiyyətin dəyişdirilməsi üçün bütün variantlar nəzərdən keçirilir.

Kreml hətta İrəvanı öz orbitinə qaytarmaq üçün öz namizədini də dəyişib. Bildiyimiz kimi, Rusiya əvvəllər Köçəryan-Sərkisyan cütlüyünü dəstəkləyirdi və onların hakimiyyətə qaytarılmasına çalışırdı. Halbuki Ermənistan ictimaiyyətində bu qüvvələrə qarşı geniş narazılıq və nifrət mövcud olduğundan Kreml əsas namizədini dəyişmək məcburiyyətində qaldı.

Rusiya vətəndaşı və milyarder Samvel Karapetyanı Ermənistana öz emissarı kimi göndərdi. Ehtimal olunur ki, Karapetyan Nikol Paşinyanın əsas rəqibi olacaq. Kremlin davranışlarından belə anlaşılır ki, Köçəryan-Sərkisyan cütlüyünə də Samvel Karapetyanı dəstəkləmək tapşırılıb. Xüsusilə qeyd edim ki, bir müddət öncə Robert Köçəryan Moskvaya səfər edərək bu məsələni tabe olduğu şəxslərlə müzakirə edib”.

E.Xalidbəyli vurğulayıb ki, seçki ərəfəsində Ermənistanda vəziyyət daha da gərginləşəcək, ölkədə siyasi böhran və vətəndaş qarşıdurması kifayət qədər böyükdür:

“Təbii ki, Paşinyan hakimiyyəti bütün bunları anlayır. Bu səbəbdən Rusiyaya yönəlik manevrlər etməyə çalışır. Hətta bəzi iddialara görə, Paşinyan Kremlə hakimiyyətinin toxunulmazlığı şərti ilə TRİPP layihəsində genişmiqyaslı güzəştlər təklif edə bilər.

Bir məsələ də var ki, bu layihədə ABŞ-nin iştirakını nəzərə aldıqda, Paşinyan hakimiyyətinin Moskvaya necə güzəştlər edəcəyi müəmmalı xarakter daşıyır. Hesab edirəm ki, iyun ayı Paşinyan və onun komandası üçün çox gərgin olacaq.

Növbəti parlament seçkilərində təkcə Paşinyan hakimiyyətinin deyil, həmçinin Ermənistanın gələcək siyasi taleyi də müəyyənləşəcək. Ermənistan cəmiyyəti ya Paşinyan hakimiyyətini iqtidarda saxlayıb Qərbə inteqrasiyasını davam etdirəcək, ya da Rusiya agenturasına xidmət edən siyasi qüvvələri hakimiyyətə gətizdirib Moskvanın qaranlıq tunelinə qayıdacaq”.


Geri qayıt