Əsas Səhifə > Güney Press > Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil?

Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil?


Bu gün, 11:52

Nəzarət tədbirləri çərçivəsində Rusiyadan idxal olunmuş bitki tərkibli spred yağı məhsulunda uyğunsuzluq aşkarlanıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, yağ “Jirovoy Kombinat” müəssisəsinin istehsalıdır. Laborator sınaq nəticəsində ümumi çəkisi 19 ton olan “Şedroye Leto” əmtəə nişanlı, 82,5 faizlik, 1 kiloqramlıq məhsul partiyasında “3-monoxlorpropan-1,2-diol (3-MCPD)” və “qlisidol şəklində ifadə olunan qlisidil yağ turşusu efirləri” göstəriciləri üzrə uyğunsuzluq müəyyən edilib. Uyğunsuzluq 24.01.2026-cı il istehsal və 21.10.2026-cı il son istifadə tarixli məhsul partiyasına aiddir.

Maraqlıdır ki, belə yağların bazara girişinin qarşısı niyə hələ də tam alına bilmir?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Cebheinfo.az”-a bildirib ki, AQTA üzərinə çox geniş səlahiyyətlər götürdüyü üçün bütün istiqamətləri tam əhatə etməkdə çətinlik çəkir:

"Kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəz, gübrə, bitkiçilik məhsulları və sair. Bu kimi halların aşkar olunması müsbətdir. Mal ölkənin əmtəə bazarına daxil olmamışdan əvvəl gömrükdə aşkarlanması xüsusilə önəmlidir.

Lakin o qeyd edib ki, AQTA bu istiqamətdə ciddi işləsə də, fəaliyyət sahəsi çox geniş olduğuna görə struktur və ştat artımına ehtiyac var”.

E. Hüseynovun fikrincə, AQTA-nın əsasnaməsinə dəyişiklik edilməli, cəld yoxlama imkanları genişləndirilməlidir. Hazırkı prosedurların uzun olduğunu bildirən ekspert qeyd edib ki, yoxlama prosesi daha çevik olmalıdır:

“Belə məhsulların aşkarlanması müsbət haldır və bu malların ya etiketində dəyişiklik aparılmalı, ya da utilizasiyası həyata kecirilməlidir, yəni bilinsin ki, bu mallar məhv olundu”.


Geri qayıt