Əsas Səhifə > Güney Press / Partiya > ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb

ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb


Bu gün, 05:48

“Amerika müxtəlif dövrlərdə müxtəlif regionlarda müharibə və ya hərbi əməliyyatlar həyata keçirib. Lakin müşahidələr göstərir ki, Əfqanıstan, Suriya və İraq istisna olmaqla, ABŞ uzunmüddətli müharibələrə girməməyə çalışır. Daha çox qısamüddətli hərbi əməliyyatlarla məqsədlərinə nail olmağa üstünlük verir. Yəni ABŞ istənilən dövlətlə müharibəyə başlasa da, məqsədlərinə çatdıqdan sonra ya həmin ölkəni tərk edir, ya da müharibəni dayandırır”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ABŞ və İran arasında müharibənin yenidən başlama ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib.

“ABŞ müharibədən əvvəl İranın nüvə silahı məsələsini prioritet kimi müəyyən etmişdi. Yayılan xəbərlərdən belə görünür ki, İran bu məsələdə razılıq verib. Bu baxımdan ABŞ və İran arasında müharibənin uzunmüddətli davam edəcəyinə inanmıram. Eyni zamanda, ABŞ ictimaiyyəti də bu müharibəyə qarşı çıxır. Həmçinin dünya ictimaiyyəti, ümumilikdə ictimai rəy getdikcə ABŞ-ın əleyhinə formalaşır”, - deyə Cəlaloğlu əlavə edib.

Partiya sədri bildirib ki, əslində mətbuatda yayılan xəbərlər və tərəflərin açıqlamaları ilk baxışdan müharibənin davam edə biləcəyini göstərir. Onun sözlərinə görə, bunların hamısı əslində “informativ zibillənmə”dir: “Əksinə, müşahidələr göstərir ki, ABŞ və İran arasında gedən proses tezliklə başa çatacaq. Yəni müharibənin davam etməsi üçün ciddi əsaslar artıq görünmür. İrana kifayət qədər zərbə vurulub. Eyni zamanda, ABŞ-da Donald Trampın İranla bağlı siyasəti artıq dəstəklənmir. Bu baxımdan tərəflər müharibədə maraqlı deyil. Ümid edirəm ki, proses diplomatik istiqamət alacaq və tərəflər hansısa formada razılığa gələcəklər”.


Geri qayıt