Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü
Bu gün, 12:31
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - 1 gündə məşhurlaşan Hüseyn Dəryanın həyatı
Ölkə.Azmərhum reper haqqında maraqlı faktları təqdim edir:
Hüseyn Dərya 1975-ci ildə Bakının Bakıxanov qəsəbəsində anadan olub. Bakı Dövlət Universitetinə qəbul olsa da, Hüseyn Dərya təhsilindən imtina edərək, Birinci Qarabağ müharibəsində iştirak edib. 4 il 2 ay hərbi xidmətdə olub. Yeniyetmə yaşlarından rep yazmağa və bədahətən deməyə başlayıb. Hip-hop karyerası 2000-ci ildən start götürüb. Hüseyn Dəryanı tamaşaçılara sevdirən “Keyf elə” mahnısı olur. Səhnədə olduğu dönəmdə dövrün məşhur reperləri Elşad Xose, Anar Nağılbaz və “Dəyiram” qrupu ilə gərgin bir rəqabət içində idi. Uzun müddət Nağılbazla “Azərbaycan repinin atası” adı uğrunda mübarizə gedib. Həmkarlarının sərt tənqidləri qarşısında qalan Hüseyn Dəryaya o dönəmdə verilən “Göbələk” adını pərəstişkarları indi də xatırlayır. Fakt bu idi ki, Hüseyn Dəryanın səhnədə gözlənilməz yüksəlişi yerli rep dünyasında silkələnmələr və canlanma ilə yadda qaldı. Həyatının son günlərində həmin illər haqda danışanda belə demişdi: “Bu sənətə gələndə əlbəyaxa davaya da hazır idim, yaxşı ki, o dərəcədə olmadı. Bir az qeyri-sağlam rəqabət oldu. Səhnə məni hər zaman, hər halımda qəbul edir”.
Həyatının bir anda əleyhinə dəyişməyə başladığı vaxtlarda efirdə açıq şəkildə narkotikdən istifadə etdiyini etiraf edir, buna görə həbs olunur. Həbs həyatından sonra narkotikdən imtina edir. 2012-ci ildə narkomaniya ilə mübarizə üzrə ölkənin sosial səfiri seçilir.
Sonrakı illərdə isə peşmanlığını belə ifadə edir: “İlk növbədə Allah qarşısında günahkaram, doğmalarım qarşısında da günahkaram, çünki həyatımın ağrı-acılı vaxtlarında doğmalarıma peşmanlıq, məyusluq yaşatdım. Fiziki olaraq məndən heç kim ziyan çəkməyib, sadəcə doğmalarıma mənəvi əzab vermişəm. Zirvəyə qalxan da özüm olmuşam, oradan özümü yuvarlayan da”. Həbsdən sonra - həyatının son illərindəki səhnəyə qayıdışı da qalmaqallarla yadda qaldı, amma Hüseyn əvvəlki şöhrətinin zirvəsinə qalxa bilmədi. Sinirləri gərgilmiş, görünüşü dəyişmişdi.
Reper 2010-cu ildə yayımlanan “Maşın şou” da iştirak edən zaman 99.64% səs toplayaraq veriliş tarixində rekorda imza atmışdı. Onun məşhur qalmaqallarından biri də şouya qonaq kimi gələn Elşad Xose ilə olmuşdu. Hüseyn Dərya həbsdən çıxan kimi, Yaşıl Teatrda böyük bir konsert verir. Halbuki, həmin gün orada Elşad Xosenin konserti olmalıydı. Bilet satılmadığından Elşadın konserti təxirə salınmışdı. Bu konsertin təşkilində Hüseynə Murad dadaşov dəstək olmuşdu.
Reper deyirdi ki, əgər o konsertə insanlar gəlməsəydi, çamadanını yığışdırıb başqa ölkəyə gedəcəkdi. Sənətçi 2014-cü il martın 14-də Bakının Xəzər rayonu ərazisində idarə etdiyi avtomobillə qəzaya düşür. Xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmur. Hadisədən bir neçə saat sonra həyatını itirir.
Həmkarları arasında ilk dəfə meyxana və muğamla repi sintez edən Hüseyn Dərya “Aslanskiy” nominasiyanı 15 respublika arasından Azərbaycana gətirib. Ondan sonra nominasiya MDB-də heç bir reperə verilməyib. Sənətçi şöhrətin ən yüksək zirvəsində olduğu vaxt - 2004-cü ildə Azərbaycanda “İlin ən yaxşı reperi”, “İlin ifaçısı” və “İlin albomu” nominasiyalarını alıb. İlk dəfə “Yaşa, Azərbaycan” adlı prezident mükafatına layiq görülüb.
Hüseyn Dərya iki dəfə ailə qurub. İlk həyat yoldaşı Sevda Məmmədovadan 2003-cü il təvəlüdlü Ayşə adlı qızı, ikinci həyat yoldaşı Sona Muradovadan isə 2006-cı il təvəllüdlü Cahangir adlı oğlu var.
Hüseyn Dərya sonuncu müsahibəsində həyatı haqqında bu sözləri demişdi: “Mənim gözümdə ancaq sənətdir. Mən öləndən sonra da yaşayacağam. Allahın məni bu dünyada cəzalandırması xoşbəxtliyimdir. Bu dünyada cəhənnəm əzabı çəkirəm və o dünyaya aparası günahlarım qalmır...”