Əsas Səhifə > Güney Press > "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər"

"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər"


Bu gün, 15:57

Yaxın Şərqdə gərginliyin yeni mərhələyə keçdiyi bir dövrdə ABŞ, İran və İsrail arasındakı son müharibə regionun siyasi xəritəsini yenidən formalaşdırmaq potensialına sahibdir.

Son hadisələr yalnız hərbi balansı deyil, eyni zamanda diplomatik münasibətləri, enerji təhlükəsizliyini və qlobal güc mərkəzləri arasındakı əlaqələri də ciddi təsir altına alıb.

Münaqişədən sonrakı mərhələdə İranın strateji mövqeyi, regiondakı planları və beynəlxalq ictimaiyyətlə münasibətləri barədə "Cümhuriyət" qəzetinin suallarını Güney azərbaycanlı siyasətçi Məhəmməd Rəhmanifər cavablandırıb:

-ABŞ və İsraillə qarşıdurmanın bundan sonrakı mərhələdə hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırırsınız?

- Təxminən bir il əvvəl, iyun ayında baş vermiş 12 günlük İran-ABŞ-İsrail qarşıdurmasında bu ölkələrin qarşıya qoyduğu müəyyən hədəflər var idi. Birinci hədəf nüvə məsələsini tamamilə həll etmək, yəni İranın nüvə zənginləşdirməsinin qarşısını almaq idi. Bu, açıq şəkildə ifadə olunurdu. İkinci hədəf isə İranın raket istehsalına məhdudiyyətlər tətbiq etmək idi. Həmin dövrdə, xüsusilə Netanyahu tərəfindən İranda rejim dəyişikliyi məsələsi də səsləndirilirdi. Lakin mən bunu əsas hədəflər sırasında görmürdüm. Çünki bu məsələ ilə bağlı ABŞ tərəfindən də ciddi bəyanatlar eşitmədik.

Hazırkı qarşıdurmanın istiqamətini dəyərləndirdikdə belə qənaətə gəlmək olar ki, ikinci mərhələ də məhz həmin məsələlər üzərindən başladı və təxminən 40 gün davam etdi. Bu dəfə rejim dəyişikliyi məsələsini Tramp daha çox vurğuladı. Amma məlumdur ki, əsas məqsədlər nüvə proqramı və raket potensialıdır. Rejim dəyişikliyi isə alternativ vasitələrlə də həyata keçirilə bilər. Bu hədəflərə ya hərbi yol ilə, ya da danışıqlar vasitəsilə nail olmağa çalışacaqlar. İran tərəfi masa arxasında həll yoluna hazır olsa, bu qarşıdurma istənilən an sona çata bilər. Çünki ABŞ və İsrailin əsas məqsədi rejim dəyişikliyi deyil.

- Münaqişədən sonra diplomatik kanalların uğurlu olma ehtimalını necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə, hər bir müharibə sonda diplomatik masa arxasında həll olunur. Hətta tərəflərdən biri tam məğlub olsa belə, proses yenə də danışıqlarla yekunlaşır. Tramp dəfələrlə İranın sərt xətt tərəfdarı olan komandirlərinin və rəhbər şəxslərinin zərərsizləşdirildiyini bildirib. Eyni zamanda, qeyd edib ki, indi İranın daha “yumşaq” fiqurları ilə danışıqlar aparmaq mümkündür. Bu iddianın nə dərəcədə doğru olduğunu söyləmək çətindir.

İranın daxili güc dinamikasına baxdıqda görürük ki, qərarverici mexanizm fərdlərdən çox, sistem üzərində qurulub. Mən bu sistemi SEPAH rejimi kimi xarakterizə edirəm. ABŞ müəyyən generalları aradan götürə bilər, lakin sistem bütövlükdə dağılmayıb və ölkəni idarə edir. Məsələn, bu sistemin nümayəndələrindən biri olan Məhəmməd Baqir Qalibafın Pakistana səfəri bunu göstərir. Qalibaf uzun illər SEPAH sıralarında xidmət edib, müxtəlif cəbhələrdə olub, İran–İraq müharibəsində döyüşüb və yüksək hərbi rütbəsi var. Daha sonra isə polis təşkilatının rəhbəri olub.

Ətrafındakı digər fiqurlara baxdıqda da oxşar mənzərə ilə qarşılaşırıq. Məsələn, İranın Ali Təhlükəsizlik Şurasının katibi də SEPAH mənşəlidir. Bu faktlar göstərir ki, sistem hələ də fəaliyyət göstərir və ABŞ-nin Pakistan üzərindən təmas qurduğu şəxslər də məhz bu struktura bağlıdır.

Bununla yanaşı, SEPAH daxilində müəyyən fikir ayrılıqları da var. Bir qrup danışıqlar yolu ilə razılaşmanı mümkün sayır, digər qrup isə bunu qəti şəkildə rədd edir və özünü qalib tərəf kimi təqdim etməyə çalışır. Hansı tərəfin üstünlük qazanacağını demək çətindir. Mövcud şəraitdə həm cəmiyyət daxilində, həm də SEPAH və onunla bağlı Bəsic qüvvələri arasında gözləntilər yüksəkdir.

Əgər sabah Qalibaf “ABŞ ilə razılaşdıq və nüvə zənginləşdirməsini sıfıra endiririk” desə, bu, SEPAH daxilində ciddi narazılıq yarada bilər. Çünki o, özünü qalib hesab edirlər. Bu vəziyyətdə kompromisə getmək olduqca çətindir. SEPAH daxilində Qalibaf kimi onlarca general var və onların hamısını razı salmaq asan deyil. Bununla belə, ABŞ-nin təklif etdiyi şərtlərlə yanaşı, müəyyən müsbət paketlərin də mövcud olduğu deyilir ki, bu da həm rejim, həm də əhali üçün müəyyən çıxış yolu yarada bilər.

- Atəşkəs dövrüdür və İranda dağıntıların miqyasını müəyyən etmək mümkündür. Vəziyyət necədir?

- Dağıntılar müxtəlif şəhərlərdə geniş miqyas alıb. Əvvəlki 12 günlük qarşıdurmada əsasən hərbi obyektlər hədəf alınmışdısa, bu dəfə infrastruktur vuruldu. Yollar, körpülər, neft emalı zavodları, hava limanları ciddi zərər görüb. Yaşayış binaları da dağıdılıb.

Məsələnin əsas çətin tərəfi ondan ibarətdir ki, bu dağıntıların bərpası mövcud şəraitdə faktiki olaraq mümkün deyil. Hətta müharibə bu gün başa çatsa belə, ölkənin iqtisadi vəziyyəti çox ağırdır. Mövcud resursların isə əsasən hərbi potensialın bərpasına yönəldiləcək. Artıq rəsmi açıqlamalarda da dağılan evlərin bərpasına dövlət dəstəyinin göstərilməyəcəyi bildirilib.

- Güney Azərbaycan türkləri bundan sonra hansı yolu tutacaq?

- Güney Azərbaycan türklərinin əsas xətti illərdir dəyişməyib. Onlar uzun müddətdir ki, fundamental hüquqları uğrunda mübarizə aparırlar, lakin ciddi nəticə əldə edə bilməyiblər. Ana dilində təhsil hüququndan məhrumdurlar, etirazlar ediblər, həbslərlə üzləşiblər.

Urmiya gölünün qurudulması da bu problemlərin simvolik nümunələrindən biridir. Bütün etirazlara baxmayaraq, bu istiqamətdə real addımlar atılmayıb. Hətta Prezident Pezeşkianın azərbaycanlı olmasına baxmayaraq, bu məsələyə ciddi büdcə ayrılmayıb.

Bu səbəbdən demək olar ki, Güney Azərbaycan türkləri mövcud münaqişədə fəal tərəf kimi çıxış etmir. Ümumiyyətlə, ölkə daxilində müxtəlif etnik qruplar daha çox müşahidəçi mövqeyindədir. Lakin uyğun şərait yaranarsa, Güney Azərbaycan türklərinin müstəqillik istiqamətində hərəkət etməsi mümkündür. Tarixən də bu istiqamətdə təşəbbüslər olub. Bununla yanaşı, müəyyən bir qrup federalizm modelini də qəbul edə bilər.

- İranın nüvə proqramı ilə bağlı mövqeyində hər hansı dəyişiklik gözlənilirmi?

-İranın rəsmi ritorikasında sərt mövqe nümayiş etdirilsə də, praktikada bu sahədə geri addımların atıldığını görmüşük. Düşünürəm ki, zərurət yaranarsa, İran yenidən güzəştə gedə bilər. Hətta müəyyən müddət üçün sıfır zənginləşdirmə modelini də qəbul etməsi istisna deyil. SEPAH daxilində bu məsələyə münasibət də birmənalı deyil. Bəzi qruplar kompensasiya müqabilində razılaşmaya meyillidir. Digərləri isə zaman faktoruna ümid edir və ABŞ-də siyasi dəyişikliklər baş verərsə, mövcud razılaşmalar yenidən nəzərdən keçirilə bilər.

Raket məsələsində isə İran daha sərt mövqe nümayiş etdirir. Çünki ölkənin hərbi doktrinası əsasən raket potensialına söykənir. İranın hava qüvvələri və hava hücumundan müdafiə sistemləri zəifdir və münaqişə zamanı bu zəiflik daha açıq şəkildə ortaya çıxdı.

-Bu münaqişə yeni geosiyasi ittifaqların formalaşmasına səbəb ola bilərmi?

-Bu qaçılmazdır. Ərəb ölkələri uzun müddət ABŞ ilə təhlükəsizlik sahəsində sıx əməkdaşlıq ediblər. Lakin son hadisələr bu modelin effektivliyini sual altına alıb. Onlar öz müdafiələrini birbaşa Amerikaya tapşırmışdılar və qorunacaqlarına arxayın idilər. Qəbul etmək lazımdır ki, Amerika Ərəb ölkələrini İrandan qoruya bilmədi. Artıq region ölkələri alternativ tərəfdaşlar axtarmağa başlayacaq. Məsələn, Pakistan və Çin kimi ölkələrlə əməkdaşlıq variantları daha ciddi şəkildə nəzərdən keçirilə bilər.

Münaqişənin nəticəsindən asılı olmayaraq, regionda təhlükəsizlik arxitekturası dəyişəcək. Bu dəyişikliklər yalnız hərbi deyil, iqtisadi sahəyə də təsir göstərəcək. Təhlükəsizlik risklərinin artması investisiya mühitinə mənfi təsir edir və kapitalın bölgədən çıxmasına səbəb olacaq. İranın hər an raket zərbələri endirə bilmə ehtimalı region ölkələri üçün ciddi risk faktorudur. Bu səbəbdən yaxın gələcəkdə yeni ittifaqların, təşkilatların və müqavilələrin formalaşmasının şahidi olacağıq. Eyni zamanda, İran daxilində də sosial narazılıqların artması və etirazların güclənməsi ehtimalı yüksəkdir.


Geri qayıt