Əsas Səhifə > Güney Press > Keçmiş MTN polkovniki: Ramiz Mehdiyev çevriliş planını təkbaşına...

Keçmiş MTN polkovniki: Ramiz Mehdiyev çevriliş planını təkbaşına...


Dünən, 18:32

Uzun illər Prezident Administrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunması, onunla əlaqəli şəxslər barədə də geniş müzakirələrə yol açıb. Xüsusilə Mehdiyevin komandasında yer almış millət vəkilləri, icra başçıları və digər vəzifə sahibləri ilə bağlı müxtəlif fikirlər səsləndirilir.

Məsələ ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşı, polkovnik Cavanşir Vəliyev Gununsesi.info-ya açıqlama verib və Mehdiyevin komandası barədə danışıb.

Onun sözlərinə görə, Azərbaycanda yüksək vəzifə tutan bir çox kadrların təyinatı illərlə Ramiz Mehdiyevin təsdiqindən keçib:

“Bu kadrları Ramiz Mehdiyev öz adamı etmək üçün onların bioqrafiyasında bir “əmma” tapıb bu kadrları özünə işlətməyi bacaran intriqan idi. Ramiz Mehdiyevin əmrlərini yerinə yetirməyən kadrlara qarşı təzyiq mexanizmləri saat kimi işləyirdi”.

Polkovnik bildirib ki, rüşvətxorluq sisteminin təməlini də məhz Ramiz Mehdiyev qoyub:

“O, uzun illər Azərbaycan siyasi sistemində, xüsusilə Prezident Administrasiyasında çox mühüm fiqur olub və kadr siyasətinə böyük təsir göstərib. Mehdiyev həm elmi, həm də siyasi çevrələrdə nüfuzlu şəxs sayılırdı.
Onun çoxsaylı dövlət məmurlarının təyinatında rolu olduğu iddia olunur — yəni müəyyən mənada “kadr məktəbi” formalaşdırmışdı.

Ramiz Mehdiyev rüşvətxorluq mexanizmini yaradan şəxsdir. Rüşvətxorlar isə çox qorxaq olurlar. Yəni rüşvətxorun kəfəni boynundan asıb dövlət çevrilişinə getməsi müşkül məsələdir”.

Cavanşir Vəliyevin fikrincə, hələlik rəsmi məlumatlarda dövlət çevrilişi ilə bağlı plan mövcud deyil:

“Bu qanunsuz fəaliyyətə gəlinc rəsmi və ictimai məlumatlarda hələlik belə bir cəhd və ya plan barədə heç bir sübut mövcud deyil. Azərbaycanın siyasi sistemi çox mərkəzləşdirilmişdir və real səlahiyyətlər prezidentin və təhlükəsizlik strukturlarının nəzarətindədir.

Belə şəraitdə tək bir şəxsin (hətta Ramiz Mehdiyev kimi nüfuzlu birinin) dövlət çevrilişi təşkili və ya genişmiqyaslı dəstək toplaması çox çətin və riskli olardı.

Onun ətrafında formalaşmış kadrlar daha çox bürokratik, rüşvət əvəzinə torpaq zəbt edən icra başçıları və elmdən xəbəri olmayan akademik karyera istiqamətində idi. Yəni Ramiz Mehdiyevin birbaşa siyasi hərəkata keçmək ehtimalları aşağı görünür”.

Polkovnik qeyd edib ki, Əli Həsənov onu tərifləyəndə belə deyirmiş.

“Mehdiyev heç vaxt müstəqil siyasətçi olmayıb. Beləliklə, realist baxışla desək, Ramiz Mehdiyevin dövlət çevrilişi cəhdi üçün potensialı və real imkanları çox az idi.

Onun təsiri daha çox ideoloji və inzibati intriqalar səviyyəsində, yəni hakimiyyət daxilində balans və nüfuz mübarizəsində özünü göstərirdi”, – deyə Cavanşir Vəliyev fikirlərini tamamlayıb.


Geri qayıt