|
Son günlər sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri də “3I/ATLAS” kimi tanınan göy cisminin komet, yoxsa uçan naməlum obyekt (UNO) olmasıdır. Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə belə bir müzakirənin aparılmasının səbəbi Harvard Universitetinin professoru, tanınmış amerikalı astrofizik Avi Loebin iyul ayında verdiyi açıqlama olub. Astrofizik qeyri-adi xüsusiyyətlərinə görə kometin yadplanetli gəmi ola biləcəyini iddia edib. O, kometin trayektoriyasının qəribə düzülüşünü və ilkin müşahidələrdə bəzi kimyəvi maddələrin qeydə alınmamasını əsas gətirib. Qeyd edək ki, 2025-ci ilin 1 iyul tarixində NASA tərəfindən maliyyələşdirilən ATLAS teleskop sistemi Cənubi Amerikanın Çili bölgəsində yerləşən Rio Hurtado rəsədxanasında maraqlı bir göy cismini aşkar edib. Bu obyekt daha sonra “3I/ATLAS” kimi tanınıb və elmi adı “C/2025 N1 (ATLAS)” olaraq qəbul edilib. “3I/ATLAS” Günəş sistemimizdən kənardan gələn, yəni ulduzlararası mənşəyə sahib olan üçüncü rəsmi göy cismi kimi qeydə alınıb. Ondan əvvəl yalnız “1I/ʻOumuamua” və “2I/Borisov” adlı ulduzlararası obyektlər müşahidə olunub. “3I/ATLAS” kometi çox sürətlə – saniyədə 58 kilometr (saatda 208 800 km) sürətlə Günəş sisteminə daxil olub və hiperbolik (cazibə qüvvəsinin təsirindən çıxan – red.) bir trayektoriya ilə hərəkət edir. Bu o deməkdir ki, o, Günəşin cazibəsindən qurtulacaq və bir daha geri dönməyəcək. Onun trayektoriyası Günəş sistemindəki planetlərin hərəkət müstəvisinə çox yaxın olduğu üçün müşahidəsi nisbətən asan olub. Hazırda, “3I/ATLAS” Günəşə ən yaxın nöqtəyə yaxınlaşmaqdadır. Bu tarix 29 oktyabra təsadüf edir və həmin vaxt komet Günəşdən təxminən 203 milyon kilometr məsafədə olacaq. Yerə ən yaxın nöqtəyə isə 19 dekabr 2025-ci ildə çataca. Bu zaman o, Yerdən 268 milyon kilometr uzaqlıqda olacaq. NASA bildirir ki, kometin bu məsafədə olması Yer üçün heç bir təhlükə yaratmır. Kometin nüvəsinin dəqiq ölçüsü hələ tam müəyyən edilməyib, çünki ətrafında geniş bir qaz və toz buludu – koma var. Lakin “Hubble” Kosmik Teleskopunun çəkdiyi görüntülərə əsasən, nüvənin diametri çox güman ki, 1 kilometrdən kiçikdir. Kometa karbon qazı baxımından olduqca zəngindir. “James Webb” Kosmik Teleskopunun verdiyi məlumata görə, o, həm də az miqdarda su buxarı, karbonmonoksid və siyanid qazları da ifraz edir. Bu tərkibə görə, o, Günəş sistemindəki digər kometlərə çox bənzəyir. ATLAS kometi hazırda aktivdir, yəni onun səthindəki buz Günəşin istiliyi ilə qaz halına keçərək tozlarla birlikdə kosmosa çıxır. Bu isə kometin ətrafında böyük bir koma və quyruq yaradır. 2025-ci ilin yay aylarında bu komanın ölçüsü təxminən 26 min kilometrə çatıb. Kometin quyruğu Günəşin əks istiqamətində uzanaraq 100 000 kilometrə qədər böyüyüb. Kometin komasında karbon qazının su buxarına nisbəti çox yüksəkdir. Bu, onun ya formalaşdığı ərazinin soyuq və karbon qazı ilə zəngin olduğunu, ya da səthinin suyu “örtən” qalın bir qabığa sahib olduğunu göstərə bilər. “3I/ATLAS”ın komet olduğuna bir çox beynəlxalq teleskoplardan aparılan müşahidələr sübut edib. Avi Loebin iddiaları elmi ictimaiyyət tərəfindən ciddi şəkildə tənqid olunub və bir çox alimlər bunu “əsassız ehtimal” kimi qiymətləndirir. Avi Loebin açıqlmasından sonra aparılan müşahidələr kometin tipik komet xüsusiyyətləri göstərdiyini tam təsdiqləyib. “James Webb” və “Hubble” kimi kosmik teleskoplar tərəfindən aparılan tədqiqatlar onun buz, qaz və tozdan ibarət olduğunu, yəni tamamilə təbii mənşəli bir komet olduğunu ortaya qoyub. Hazırda ATLAS kometi yalnız güclü teleskoplarla müşahidə oluna bilər və adi gözlə və ya binoklla görünməsi mümkün deyil. Komet, 2026-cı ilin yaz aylarında Günəş sistemindən çıxaraq öz ulduzlararası səyahətinə davam edəcək. NASA-da kometi araşdıran alimlər bildirirlər ki, “3I/ATLAS” möcüzəvi bir elm hadisəsidir. O, bizə Günəş sistemimizdən kənarda baş verən prosesləri anlamaqda mühüm imkan yaradır. Hər hansı təhlükə yaratmır və sadəcə elmi maraq obyekti kimi qalır. Yadplanetli gəmi olması ilə bağlı iddialar isə elmi əsaslardan uzaqdır.
Geri qayıt
|