Əsas Səhifə > Güney Press > Ailə üzvlərinə işgəncə verən, atasını döyərək öldürən şəxs

Ailə üzvlərinə işgəncə verən, atasını döyərək öldürən şəxs


Dünən, 11:57

Ali Məhkəmədə əzab vermədə və qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Namiq Məmmədovun barəsindəki qərardan verilən kassasiya şikayətinin detalları məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə məhkum kassasiya şikayətini onunla əsaslandırıb ki, məhkəmələr işə düzgün hüquqi qiymət verməyib.

Eyni zamanda o, çıxışında nümunəvi ata olduğunu, hadisənin sərxoş olduğuna görə baş verdiyini, qeydə alınan hadisələri arzulamadığını bildirib. Həmçinin təqsirləndirilən şəxs verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş edib.

Məhkəmədə dövlət ittihamçısı isə çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin 23 iyul 2024-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edib.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, Namiq Məmmədov 1948-ci il təvəllüdlü atası zərərçəkmiş Fərmail Məmmədovu, anasını və övladlarını birgə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivi, nömrəsiz ünvanda yaşayıb. O, mütəmadi olaraq spirtli içki qəbul edib, həmin şəxsləri 2017-ci ildən 2023-cü il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda mübahisə zamanı döyərək onlara əzab verib. Namiq 16 avqust 2023-cü il tarixdə, saat 23 radələrində evdə olarkən növbəti dəfə spirtli içki qəbul edib. Atası Fərmail ona sərxoş vəziyyətdə övladlarını və ailəsini döyməsi ilə bağlı iradlar bildirib. Sonra o, aralarında yaranmış münaqişə zamanı yaşadıqları evin pilləkənlərin üzərində dayanan atasına əvvəlcə şillə vurub, daha sonra sinə nahiyəsinə qəsdən təpiklə zərbə endirib. Ağır xəsarət alan yaralı müalicə aldığı xəstəxanada ölüb. Hadisədən sonra Namiq Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib, onun cəzası 12 ildən 11 ilə endirilib.


Geri qayıt