Əsas Səhifə > Güney Press > “İndiyədək Xəzərin statusu ilə bağlı mübahisələri Rusiya yox, İran qızışdırıb...”

“İndiyədək Xəzərin statusu ilə bağlı mübahisələri Rusiya yox, İran qızışdırıb...”


Bu gün, 12:06

Xəbər verildiyi kimi, ötən həftə işğalçı Rusiya diktatoru Vladimir Putin Nikolay Udoviçenkonu Rusiya Federasiyasının MDB-nin qonşu dövlətləri ilə sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi təyin edib. Putin həmçinin Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Udoviçenkonu Xəzər dənizi üzrə çoxtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri təyin edib. Bir sıra siyasi şərhçilər iddia edir ki, Azərbaycanla Rusiya arasında quru sərhədləri tam müəyyənləşdiyindən və 2018-ci ildə Aktau şəhərində keçirilən Zirvə görüşündə Xəzərlə bağlı mübahisələr, demək olar ki, həll olunduğundan Kremldən gələn bu qərarın Azərbaycana hər hansı bir formada təsiri ola bilməz. Amma o da var ki, Xəzərin yekun statusu hələ qəbul olunmayıb. Görəsən, əsil gerçək nədən ibarətdir?..
Siyasi şərhçi Heydər Oğuz mövzu haqda Moderator.az-a açıqlamasında indiyədək Xəzərin statusu ilə bağlı mübahisələrin Rusiya tərəfindən yox, əsasən İran tərəfindən yaradıldığını düşünür. Onun fikrincə, İranın cığallığı olmasaydı, Xəzəryanı ölkələr rahatlıqla bir-biri ilə dil tapar, bu məsələyə son qoyulardı:
“Amma SSRİ dağıldıqdan sonra İranın yadına birdən-birə Xəzərin statusu məsələsi düşdü. Halbuki, 1991-ci ilə qədər İran Xəzər dənizindən tamamilə tədric olunması ilə razılaşmış, cınqırını da çıxarmırdı. Elə ki, SSRİ dağıldı, Türk dövlətləri müstəqilləşdi, İranın da yadına 1921-ci və 1940-cı illərdə SSRİ ilə bağlanmış müqavilələr düşdü. İran bu müqavilələrə uyğun olaraq əvvəl Xəzərin iki dövlət – SSRİ ilə İran arasında bölünməsi məsələsini qaldırdı. Ardınca bunun mümkün olmayacağını görüb Xəzərin 5 sahilyanı dövlət arasında bərabər ölçüdə bölünməsini gündəmə gətirdi. Onun bu təklifinə görə, Xəzər dənizi sahilyanı ölkələr arasında 20%-lik paya əsasən bölünməli idi. İranın bu təklifinə qədər Rusiya digər sahilyanı ölkələrlə apardığı müzakirələrdə quru sərhədlərinə nəzərən bölünməni qəbul edirdi. İranın məlum təklifləri ortaya çıxınca, Moskva da mövqeyini qismən dəyişdi və ona çatası 18,7 faizlik bölgünü 20%-ə çatdırımasını tələb etməyə başladı. Uzun müzakirələrdən sonra 2018-ci ildə, nəhayət, Xəzərin statusu haqqında konvensiya qəbul olundu. Amma bu səfər yenə İran onu ratifikasiya etmədi və nəticədə qeyri-müəyyənlik ortadan qalxmadı”.
Analitikin fikrincə, Rusiyanın Xəzərin milli sektorlara bölünməsi məsələsində razılaşa bilməyəcəyi yalnız bir ölkə var – Qazaxıstan: “Çünki, Xəzərin statusu haqqında konvensiyaya əsasən, ən böyük pay Qazaxıstana düşüb - 29,6 faiz. Azərbaycan 19.5, Türkmənistan isə 20%-lik paya malikdir.
Bundan əlavə, Rusiya ilə Qazaxıstan arasında quru sərhədlərində də bəzi anlaşılmazlıqlar var. Böyük ehtimalla, Nikolay Udoviçenkonun Rusiya Federasiyasının qonşu dövlətlərlə sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi təyin olunmasında da əsas hədəf Qazaxıstan olacaq”.
Siyasi şərhçi onu da vurğuladı ki, Xəzəryanı post sovet ölkələri arasındakı müzakirələrin necə sonuclanmasından asılı olmayaraq, İran bu mübahisələrdən heç nə qazanmayacaq. “Zira, onun Xəzər sahilindəki quru sərhədləri elədir ki, hansı prinsiplə bölürsən böl, İrana ancaq 14%-lik pay düşə bilər. Bununla belə, onun özünü cığallığa qoymasının bir səbəbi var: Xəzər sahili ölkələrinin öz təbii sərvətlərini istismarının və onların iqtisadi inkişafının qarşısını almaq. Bu yolla regionda təsir gücü əldə etməyə çalışan İran müxtəlif zamanlarda Azərbaycanın Xəzər dənizindəki neft və qaz axtarışlarına mane olmağa səy göstərib. “Əsrin müqaviləsi” yeni imzalandığı illərdə İranın Qərb şirkətləri təhdid etmək məqsədi ilə Xəzərdə hərbi təlimlər keçirdiyi məlumdur. Bütün bunlara baxmayaraq, Azərbaycanın strateji tərəfdarları Rusiyadan və İrandan gələn təhdidlərə əhəmiyyət verməyərək öz işlərini davam etdiriblər, yəqin ki, bundan sonra da davam etdirəcəklər. Ölkəmizin inkişafını istəməyən qüvvələr isə boş-boşuna əzələ şişirtməklə öz qollarını yoracaqlar...”

Geri qayıt