Əsas Səhifə > Güney Press / Ana xəbər > İşsizlər tibbi sığortanı necə ödəyəcək?

İşsizlər tibbi sığortanı necə ödəyəcək?


Bu gün, 11:48

Yanvar ayının 1-dən etibarən icbari tibbi sığorta sistemində mühüm dəyişikliklər qüvvəyə minəcək.

Yeni qaydalara əsasən, artıq işsiz və qeyri-rəsmi çalışan şəxslərin sığortasını dövlət deyil, həmin şəxslərin özləri ödəyəcək. Bu isə maddi durumu zəif olan insanlar üçün əlavə yük yarada bilər.

Xüsusilə, bir ailədə bir neçə işsiz üzv olduqda, ödənişlərin hər bir şəxsdən ayrıca tutulması ailənin ümumi xərclərini xeyli artıracaq.

Bakıda bəzi şəxslər müvəqqəti işlərlə müəyyən gəlir əldə edə bilsələr də, rayonlarda iş imkanlarının az olması bu dəyişikliklərin orada yaşayan insanlar üçün daha ciddi çətinliklər yaradacağı ehtimalını gücləndirir. Ümumilikdə, yeni qaydalar bir çox sosial və maliyyə çətinliklərinin yaranmasına səbəb ola bilər.

Bu dəyişiklik işsiz şəxslərin üzərinə ağır maliyyə yükü qoymayacaqmı?

Mövzu ilə bağlı “Cebheinfo.az” – a açıqlama verən iqtisadçı- ekspert Akif Nəsirli bildirib ki, işsiz şəxslərin gəliri məhduddur və icbari tibbi sığorta haqqını ödəmək çətin olacaq:

“Yanvarın 1-dən etibarən işsiz və qeyri-rəsmi çalışan şəxslərin sığortasını dövlət qarşılamayacaq, yəni bu şəxslər onu özləri ödəməlidirlər. Bu, minimum maaşın 48%-i həcmində nəzərdə tutulub və illik 192 manat təşkil edir. Əgər bir ailədə bir neçə işsiz üzv varsa, hər bir üzvün sığorta haqqı ayrıca hesablanır.

Bu halda, ailənin sığorta xərcləri əhəmiyyətli dərəcədə arta bilər. Fərz edək ki, icbari tibbi sığorta haqqı aylıq 16 manatdır. Bir ailədə 3 işsiz üzv varsa, onlar aylıq 48 manat xərcləməlidirlər. Belə ailələr üçün bu, ciddi maliyyə yükü yaradır, xüsusilə də gəlir məhdud və qeyri-stabil olduqda vəziyyət çətinləşir”.

Onun sözlərinə görə, dövlət dəstəyi olmadan bu şəxslər üçün aşağıdakı yollar mövcuddur:

“İşsiz şəxslər üçün icbari tibbi sığortanın ödənişi çətinlik yarada bilər. Bəzi ölkələrdə sığorta haqları rüblük və ya illik yox, aylıq və ya daha kiçik hissələrlə ödənilir ki, bu da işsizlər üçün ödənişi asanlaşdırır.

Həmçinin, işsiz şəxslər sosial yardım proqramlarından (məsələn, müvəqqəti əməkhaqqı, sosial müavinətlər) istifadə edərək ödənişi həyata keçirə bilərlər. Bundan əlavə, sığortanın əhatə dairəsini seçməklə və əgər icbari tibbi sığorta üzrə minimum paket yoxlanılırsa, bəzi xidmətləri seçməklə xərcləri azalda bilərlər”.

Ekspert qeyd edib ki, yeni qayda zəruri sosial bərabərsizlik yaradacaq ki, iqtisadi çətinliyi olan insanlar indi həm də tibbi sığorta üçün pul ödəməyə məcbur qalacaqlar:

“Bu, uzunmüddətli perspektivdə xəstəliklərin vaxtında müalicə edilməməsinə, səhiyyə xərclərinin artmasına, əhalinin sosial narazılığına səbəb ola bilər. Yəni yanvarın 1-dən işsiz və qeyri-rəsmi işləyən şəxslərin sığortasını özləri ödəməsi ciddi maliyyə yükü yarada bilər, xüsusilə bir ailədə bir neçə işsiz üzv varsa.

Dövlətin dəstəyi olmadan, bu şəxslər yalnız şəxsi gəlir və sosial yardım imkanlarına əsaslanaraq ödənişləri həyata keçirə biləcəklər. Sosial bərabərsizlik və tibbi xidmətə çıxış məsələləri nəzərə alınaraq, bu dəyişiklik əlavə sosial mexanizmlərlə dəstəklənməlidir”.


Geri qayıt