Əsas Səhifə > Güney Press > Azərbaycan və İran ortaq baza yaradır

Azərbaycan və İran ortaq baza yaradır


Bu gün, 11:42

İranın Özəl Sektor Nümayəndələr Palatasının vitse-prezidenti Hüseyn Pirmuzan İran və Azərbaycan arasında müştərək logistika bazası və sənaye kəndi yaratmaqla bağlı planları açıqlayıb. Bu barədə o, İranın ölkəmizdəki səfiri Müctəba Dəmirçilu ilə görüşündə bildirib.

Görüş zamanı Pirmuzan Ərdəbil-Bakı dəmir yolunun işə salınmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu, Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracını artıracaq və daşıma xərclərini azaldacaq. Bu həftə isə Tehranda İran-Azərbaycan Müştərək İqtisadi Komissiyasının iclasının keçiriləcəyini deyib.

Müştərək logistika bazasının, sənaye kəndi və Ərdəbil-Bakı dəmir yolunun əhəmiyyəti nədir?

Professor, iqtisadi və siyasi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında İranla Azərbaycan arasında xarici ticarət dövriyyəsinin az olmasına toxundu: “Yaxın qonşu olsaq da, İranla Azərbaycan arasında iqtisadi və ticarət əlaqələri heç də ürəkaçan səviyyədə deyil. Uzun illər ərzində tərəflərin bir çox səylərinə baxmayaraq İranla Azərbaycan arasında xarici ticarət dövriyyəsi 340 milyon ABŞ dolları səviyyəsini ötə bilməyib və bu sırada Azərbaycandan İrana ixracın 2024-cü ildə cəmi 14 milyon dollar olması dediklərimizi bir daha təsdiq edir. Hər iki ölkənin potensial imkanlarını dəyərləndirsək, bu rəqəmlərin çox az olduğuna heç şübhə qalmaz. Bütün bunların kökündə onilliklər boyunca İran hakimiyyətinin Azərbaycana qarşı sərgilədiyi münasibət dayanır. Otuz il torpaqlarımızın işğalı dövründə bizi deyil, erməniləri dəstəkləyən tərəflə iqtisadi və ticarət əlaqələrinin bu səviyyədə olması anlaşılandır. İndi Cənubi Qafqazda geosiyasi müstəvidə baş verənlər İranın da baxışlarında ciddi dəyişikliklərə aparmalıdır. Əslində biz bunu Pezeşkianın İran prezidenti postuna seçilməsindən sonra daha yaxından hiss etməyə başlamışıq. Düşünürəm ki, yeni təşəbbüslər hər iki ölkənin potensial imkanlarından daha yaxşı istifadə etməyə imkan yaradacaq. İran tərəfin Azərbaycanla müştərək logistika bazası və sənaye kəndi yaratmaq təşəbbüsü də bu sıradan olan bir məsələdir. Biz bunu alqışlayırıq. Bu layihə üzrə daha çox kənd təsərrüfatı məhsullarının Azərbaycan üzərindən Rusiyaya daha qısa yolla daşınması nəzərdə tutulur. Düzdür, bu gün Rusiya ilə Azərbaycan arasında yaranmış gərginlik fonunda bunu etmək o qədər də asan görünmür. Lakin düşünürəm ki, Rusiya hakimiyyəti də enində-sonunda ağlını başına yığıb, kürəyində Azərbaycana qarşı daşıdığı kin-küdurət kisəsini yerə qoyaraq təyyarəmizin vurulmasına görə günahını etiraf edəcək və bizdən üzr istəyib münasibətlərin bərpa olunmasına yol açacaq”.

Deputat Azər Badamov ölkəmizin regionda birləşdirici rol oynamasından söz açdı: “Azərbaycanın yaratdığı beynəlxalq logistik nəqliyyat dəhlizləri bütün qonşu ölkələr üçün açıqdır. Düzdür, Ermənistanla Zəngəzur dəhlizinin açılması istiqamətində işlər davam etdirilir. Hazırda isə İranla Azərbaycan arasında Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə daşımalar həyata keçirilməkdədir. Sadəcə, burada Astara-Rəşt dəmir yolunun olmaması İrandan Rusiyaya dəmir yolu vasitəsilə birbaşa daşımaların həyata keçirilməsində müəyyən çətinliklər yaradır. Amma Zəngəzur dəhlizinin yaranması bu çətinliyin də aradan qalxmasına xidmət edəcək. Belə ki, Azərbaycanın dəmir yolları Naxçıvan üzərindən İran dəmir yolları ilə birləşəcək. Bu da İrana Rusiyaya və Avropaya dəmir yolu ilə daşımaların həyata keçirilməsi üçün yeni imkanlar qazandıracaq. İranın Özəl Sektor Nümayəndələr Palatasının vitse-prezidenti Hüseyn Pirmuzanın İran və Azərbaycan arasında müştərək logistik bazası və sənaye kəndi yaratmaqla bağlı planlarını açıqlaması dəmir yolu vasitəsilə İranın kənd təsərrüfatı mallarının Azərbaycan üzərindən Rusiyaya ixrac edilməsi marağından irəli gəlir. Azərbaycan regionda birləşdirici rol oynayır. Beynəlxalq nəqliyyat dəhlizlərimiz region ölkələri arasında iqtisadi-ticari əməkdaşlıq imkanlarını genişləndirir. O cümlədən Azərbaycanın yaratdığı reallıqlar heç bir ölkənin maraqlarına qarşı deyil. Həm də bu, İranla Rusiya arasında əməkdaşlığın dərinləşməsinə yeni bir impuls verəcək. Bu baxımdan yaxın günlərdə Tehranda keçirilməsi nəzərdə tutulan İran-Azərbaycan Müştərək İqtisadi Komissiyasının iclasında Ərdəbil-Azərbaycan dəmir yolunun birləşdirilməsi məsələlərinin müzakirə olunacağının gözlənilməsi əməkdaşlıq imkanlarımızın dərinləşdirilməsinə olan ümumi baxışların göstəricisi olduğunu hesab edirəm”.


Geri qayıt