Əsas Səhifə > Güney Press > Paşinyan partiyasının rəhbərliyindəki TERRORÇU
Paşinyan partiyasının rəhbərliyindəki TERRORÇUBu gün, 14:46 |
ABŞ-da Azərbaycanla Ermənistan arasında sülh sənədinin paraflanması ilə iki ölkə arasında münasibətlər yeni bir mərhələyə adlayıb. Toqquşmalardan çox, sakit və müharibəsiz bir mərhələyə, quruculuq mərhələsinə. Açılan unikal imkanlar pəncərəsi əsasında bunu deyirik. Pezident Donald Trampın da imzası duran üçtərəfli Birgə Bəyannamənin qəbulu bu mərhələnin tarixdə müsbət işarə ilə qalacağına ümidləri artırır... Paraflanmış sənədin VIII maddəsində deyilir: “Tərəflər dözümsüzlük, irqi nifrət və ayrıseçkilik, separatizm, zorakı ekstremizm və terrorizmin bütün təzahürlərini pisləyirlər və özlərinin müvafiq yurisdiksiyaları çərçivəsində bu hallarla mübarizə aparacaqlar və özlərinin bununla bağlı müvafiq beynəlxalq öhdəliklərinə əməl edəcəklər”. IV bənddə isə bildirilir ki, “tərəflər bir-birinin daxili işlərinə müdaxilədən çəkinəcəklər”. Digər bənddə ölkələr arasında qarşılıqlı etimad tədbirlərinin vacibliyindən söz açılır. Nə yaxşı ki, bu yöndə artıq pozitiv siqnallar, real işlər var. Əsasən də Ermənistan tərəfdən. Bu da təbidir, çünki “ocağa” zaman-zaman “odun” atan, “yağ” tökən, milli-irqi nifrəti, o sırada Türkə nifrəti yaşadan və körükləyən məhz ermənilər olub. Ayrı sözlə, qarşılıqlı etimadın yaradılması böyük ölçüdə İrəvandan, ümumən erməni toplumundan asılıdır... Pozitivlərə gəlincə, az öncə Paşinyan hökumətinin göstərişi ilə Ağrı dağının möhürlərdən silinməsini xatırlatmaq olar. Bu günlərdə isə ölkənin Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyan ilk erməni rəsmi şəxs kimi Bakı Beynəlxalq Təhlükəsizlik Forumunda (19-21 sentyabr) iştirak edib. Həmçinin bəlli olub ki, Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyası özünün sentyabrın 20-də keçirilmiş qurultayında İdarə Heyətinin üzvlərinin siyahısından Sasun Mikaelyanın adı çıxarılıb. Mikaelyan Azərbaycan xalqına qarşı hərbi cinayətlərdə əli olan “Yerkrapa” terror təşkilatının rəhbəridir. Ümid edək ki, tezliklə “Yerkrapa”nın qeydiyyatının ləğvinin də şahidi olacağıq. İrəvanda separatçıların sonuncu “qalası” olan “nümayəndəlik” binasının əllərindən alınması ilə bağlı məhkəmə davası da ümid edək uzun çəkməyəcək. Bədnam Minsk Qrupunun de-yure ləğvindən sonra belə bir “təxribatçı yuva”nın qalması qarşılıqlı etimad prosesinə daha sağalmaz zərbə vura bilər... Sonra. Yenə eyni gündə başqa bir diqqətçəkən olay baş verib: Qazaxıstanda mahnı müsabiqəsində Azərbaycan və Ermənistan bir-birlərinə ən yüksək xalı verib. Bu işğal dövründən bəri ilk belə hadisədir. Mədəni-humanitar tədbiri olsa da, şübhəsiz, burada ikitərəfli siyasi mesaj var. Nəhayət, bu da maraqlıdır ki, dünən - sentyabrın 21-də - Ermənistanın Müstəqillik Günündə nə baş nazir Nikol Paşinyan və prezident Vaaqn Xçatryan, nə də spiker Alen Simonyan və müdafiə naziri Suren Papikyan 1-ci və 2-ci Qarabağ müharibələrində öldürülən işğalçı- separatçı-terrorçuların dəfn edildiyi İrəvandakı “Erablur” hərbi panteonuna ilk dəfə olaraq baş çəkməyiblər. Rəhbərlik yalnız əklil göndərib... Əlbəttə, iki qonşu nə vaxtsa düşmənçilik səhifəsini bağlamaq zorundadırlar. Bu mənada sadalananlar təqdiredicidir, amma yetərli sayılmaz. O zaman yetərli sayılacaq ki, iki xalqın barışığına ən böyük əngəl aradan qalxacaq – Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası ilə bağlı müddəa çıxarılacaq. Paşinyan və komandası bunun öhdəsindən gələ biləcəkmi? Özünün təbliğ elədiyi 29.7 min kv km-lik “Real Ermənistan” ətrafına əksər erməniləri toplaya biləcəkmi? Əsas sual budur. Çünki bu suala cavab erməni ictimai şüurunda kardinal dəyişikliyi, “mitasum”dan həmişəlik imtinanı diktə edir. Deməli, baş nazirin müharibə tərəfdarları ilə - radikal-revanşistlər, kilsə və lobbi ilə sonuncu, ən böyük davası qabaqdadır. Əgər o, həqiqətən və səmimi şəkildə barışıq prosesini başa çatdırmaq, Azərbaycanla sülh müqaviləsini imzalamaqda qərarlıdırsa... Geri qayıt |