Əsas Səhifə > Güney Press > “Bu addım Trampın sülh səylərinə açıq sabotajdır"

“Bu addım Trampın sülh səylərinə açıq sabotajdır"


Bu gün, 16:46

ABŞ Konqresinin Nümayəndələr Palatasının ermənipərəst üzvü Bred Şerman H.R. 5299 qanun layihəsinə düzəliş təqdim edib. Bu düzəlişə əsasən, ABŞ Beynəlxalq İnkişaf Maliyyələşdirmə Korporasiyasının (DFC) Türkiyə və Azərbaycana dəstəyi dayandırmalıdır - Türkiyənin guya "Ermənistanı blokadadan çıxarana" və Azərbaycanda həbsdə olan erməni əsilli hərbi cinayətkarların azad edilənə qədər.Bu barədə Amerika Erməniləri Milli Komitəsi (ANCA) məlumat yayıb.

Məlumata görə Şerman deyib: "Mən çalışacam ki, bütün bunlar təmin olunmayana qədər Türkiyə və Azərbaycana bir qəpik də göndərilməsin".

Qeyd edək ki, ABŞ-ın erməni lobbi hərəkatının əsas fiqurlarından biri olan Frank Pallone də Azərbaycanla bağlı bu cür düzəlişlər təqdim etsə də qəbul olunmamışdı. Bu məsələ Ermənistanda böyük məyusluqla qarşılanmışdı.

Bəs bu düzəliş qəbul oluna bilərmi, olarsa Azərbaycanın diplomatik strategiyasına hansı təsirlər yarada bilər?

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a danışıb:

"Bu konqres və müəyyən komitələr daima erməni lobisinin istəyinə uyğun hərəkət edib, onların diktəsinə əməl edib və bu, ABŞ–Azərbaycan münasibətlərinə ciddi şəkildə təsir etmir. Təbii ki, Dövlət Departamenti, həmçinin Ağ Ev və Pentaqon Azərbaycanla sıx siyasi əməkdaşlıqda maraqlıdır və ABŞ Prezidenti Donald Trampın Azərbaycana münasibəti yüksək səviyyədədir, 907-ci düzəliş də ləğv olunur. Düşünürəm ki, Ağ Ev, Pentaqon və Dövlət Departamenti bu prosesə mane olacaq.

Bu, birbaşa erməni lobisinin maraqlarına xidmət edir və ABŞ-ın Cənubi Qafqaz siyasətini, Trampın Azərbaycan–Ermənistan arasında sülh səylərini sabotaj edir. Yəni erməni lobisi birbaşa Rusiyanın maraqlarına xidmət edir. Hələ prosesdə ABŞ-ın geosiyasi mövqelərinə də təhdid yaradır, sülh prosesinə mane olur. Amma bir daha qeyd etmək istəyirəm ki, bu, ABŞ–Azərbaycan əlaqələrinə zərbə vura bilməz".


Geri qayıt