Əsas Səhifə > Güney Press > Bu gün Oleq Bakinskinin məhkəməsidir
Bu gün Oleq Bakinskinin məhkəməsidirBu gün, 12:11 |
Bakı Apellyasiya Məhkəməsində Azərbaycanda daha çox Oleq Bakinski kimi tanınan Oleq Andreyeviç Krapivinin və Ukraynada nazir müşaviri olmuş Konstantin Kuçerin apellyasiya şikayətlərinə baxılır. Musavat.com xəbər verir ki, bu gün, sentyabrın 18-də hakim Murad Məmmədovun sədrliyi ilə şikayət üzrə araşdırmalar davam edəcək. Ötən prosesdə Konstantin Kuçerin vəkili Elşad Əliyev çıxış edib. Vəkil deyib ki, Konstantin Kuçerə dələduzluq ittihamı verilsə də, bu ittiham birinci instansiyada sübut olunmayıb. Onun sözlərinə görə, müvəkkilinə verilmiş digər ittiham - silahdan istifadə etməklə xuliqanlıq etmə istintaqın uydurmasıdır. Vəkil müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. O, iş üzrə müstəntiqin barəsində xüsusi qərardad çıxarılmasını xahiş edib. Konstantin Kuçer də vəkili ilə razı olduğunu bildirib. Oleq Bakinskinin vəkil Xeyransa Babayeva çıxışında bildirib ki, müvəkkilinə verilən cəza ilə razı deyil. O da Oleq Bakinskiyə bəraət istəyib. Oleq Bakinski isə çıxışında deyib ki, onu şərləyiblər. Ona böhtan atıldığını deyən Oleq Bakinski barəsində bəraət qərarının çıxarılmasını xahiş edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Oleq Bakinskinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 6 ay sınaq müddəti olmaqla 2 il 6 ay şərti cəza verilib. Digər təqsirləndirilən Konstantin Kuçerə isə ittiham olunduğu maddələrdən biri - Cinayət Məcəlləsinin 178.4-cü maddəsi üzrə bəraət verilib. O, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib və qəti olaraq ona 2 il 6 ay təyin olunub. Konstantin Kuçerin "Günay Bank"dakı hesabına qoyulmuş həbs götürülüb. Qeyd edək ki, ittihama görə iş üzrə zərərçəkən kimi tanınan Valeriy Zaxarenkonun lisenziyası ləğv edilmiş "Günay Bank"da bir neçə milyon avro pulu olub. Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı Valeriy Zaxarenko vəsaiti götürmək üçün Bakıya gəlib, ancaq bank bağlandığından həmin pulları çıxarmaqda problem yaranıb. Oleq Bakinski, Konstantin Kuçer və Valeriy Zaxarenko məsələni yoluna qoymaq üçün Bakının Xətai rayonunda yerləşən Babək Plazada görüşüblər. Lakin tərəflər ortaq məxrəcə gələ bilməyiblər və aralarında mübahisə düşüb. Oleq Bakinski şüşə butulka ilə Valeriy Zaxarenkoya xəsarət yetirib. Sonuncuya tibbi yardım göstərmək üçün Yeni Klinikaya aparıblar. Cinayət işi üzrə Valeriy Zaxarenko zərərçəkmiş kimi tanınıb. Eyni zamanda, daha iki şirkət zərərçəkmiş sayılır. Bunlar “Aviazapchast” Açıq Səhmdar Cəmiyyəti və “Promyshlennye Postavki Kazakhstan” Məhdud Məsuliyyətli Cəmiyyətdir. Geri qayıt |