Əsas Səhifə > Güney Press > Keçmiş qondarma rəhbər imzasını danır

Keçmiş qondarma rəhbər imzasını danır


Bu gün, 16:16

Musavat.com xəbər verir ki, qondarma “dağlıq qarabağ respublikası”nın son “prezidenti” Samvel Şahramanyan Ermənistanda məhkəməyə müraciət edib. O, yeni nəşr olunmuş 9-cu sinif tarix dərsliyində yer alan məlumatın təkzibini tələb edir. Həmin dərslikdə qeyd olunub ki, 2023-cü ilin 28 sentyabrında Şahramanyan “dağlıq qarabağın” ləğvi barədə fərmana imza atıb.

Şahramanyanın vəkili Roman Eritsyanın təqdim etdiyi vəsatətdə isə bildirilir ki, belə bir sənəd mövcud olmayıb. Buna görə də o, Ermənistanın Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyindən, dərsliyin müəlliflərindən və məsul şəxslərdən bu məlumatın rəsmi şəkildə təkzib olunmasını tələb edir.

Xatırladaq ki, məhz həmin gün – 28 sentyabr 2023-də “qarabağ informasiya ştabı” adlı qurum Şahramanyanın geydirmə “dağlıq qarabağ respublikası”nın ləğvi haqqında fərman imzaladığını rəsmən açıqlamışdı.

Amma reallıq odur ki, artıq “dağlıq qarabağ” adlı ərazi vahidi yoxdur, artıq “artsax” avantürası da yoxdur. Ermənistanın və onun lobbi dairələrinin Azərbaycana qarşı onillərlə örgütlədiyi layihələr iflas edib. Qarabağda separatçıların qurduğu saxta rejimin rəhbərliyi bu gün Bakı həbsxanalarında və məhkəmə zallarında cavab verir.

Sadəcə, Samvel Şahramanyan imzasının dərdini çəkir. Allahına şükür etsin ki, o da Bakıda müttəhimlər kürsüsündə deyil, İrəvanda dərsliklə dava edir. Ən azı bu səbəbdən bir kənara çəkilib susmağı ona yaraşar.

Bu gün Azərbaycanın maraqları tam-tamana təmin olunub və “dağlıq qarabağ” anlayışı tarix zibilliyinə birdəfəlik atılıb.

İndi Zəngəzur var və hədəf də odur.


Geri qayıt