Əsas Səhifə > Güney Press > İran Fələstini niyə dəstəkləmədi

İran Fələstini niyə dəstəkləmədi


Bu gün, 11:47

Dünən BMT Baş Assambleyasının Fələstin-İsrail münaqişəsi ilə bağlı toplantısında maraqlı bir hadisə yaşanıb.

BMT-nin rəsmi saytının yaydığı siyahıdan aydın olur ki, Fələstin-İsrail münaqişəsinin ikidövlətli həllini nəzərdə tutan Nyu-york bəyannaməsinə bu beynəlxalq təşkilatın 193 ölkədən 162-si səs verib. Onlardan 142-si bəyannamənin lehinə, 10 ölkə əleyhinə olub. 12 ölkə isə bitərəf qalıb.

Adətən belə həssas məsələlərin müzakirəsində “yağlı əppək” olub ərşə çəkilən və bu yolla məsuliyyətdən yayınan Azərbaycan diplomatiyası bu dəfə dəfə aktivliyi ilə seçilib. Ölkəmiz Fələstin məsələsinin iki dövlətli çözümünü, necə deyərlər, iki əlli dəstəkləyib. Bəyannaməyə qarşı çıxan 10 ölkə isə bunlar olub: ABŞ, İsrail, Argentina, Macarıstan, Mikroneziya, Nauru, Palau, Panama, Papua, Paraqvay. Bitərəfləri də sadalayıb, dəyərli zamanınızı almaq fikrində deyiləm.

Mənə maraqlı gələn əsas məsələ odur ki, Azərbaycan diplomatiyasının kəşf edib beynəlxalq münasibətlərə töhfə verdiyi “igidlik ondur, doqquzu qaçmaq, biri isə ümumiyyətlə gözə görünməmək” metodundan bu zamanadək bizi tənqid atəşinə tutan dövlətlər də yararlanmağa başlayıb. Söhbət ilk öncə İrandan gedir. Zira BMT-nin rəsmi siyahısından belə anlaşılır ki, İran da səsvermədə iştirak etməyən 31 ölkə arasında yer alıb. Onunla bərabər İranın proksisinə çevrilmiş İraq da var.

Açığı, sirri-Xudanın səbəbini aydınlaşdırmaq üçün İRNA agentliyinin yaydığı məlumata baxdım. Səsvermə barədə geniş məqalə dərc edən İranın rəsmi informasiya agentliyi nədənsə İranın bu prosesdən yayınmasının səbəbindən 1 cümlə də yazmamışdı. Görünür, dünənə qədər bizim Cəbrayıl rayonumuzun diliyox camışlarına MOSSAD agenti damğası vuran Tehran dünənki səsvermədən sonra utandığından “danışmaq gümüşdürsə, susmaq qızıldır” aforizmini beynəlxalq siyasətinin əsas strategiyasına çevirib.

Heydər Oğuz - "DİA-AZ"


Geri qayıt