Əsas Səhifə > Güney Press > Şirvanda torpaq mübahisəsi zəminində qətl: Cəza ağırlaşdırıldı

Şirvanda torpaq mübahisəsi zəminində qətl: Cəza ağırlaşdırıldı


Bu gün, 10:59

Şirvan şəhərində qətl hadisəsi törətməkdə ittiham olunan 1972-ci il təvəllüdlü Elşən İslamovun barəsində cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, Şirvan şəhərində Elşən İslamov 1963-cü il təvəllüdlü həmyerlisi Yavər Bağırovu qətlə yetirib.

Elşən 2019-cu ildə “Anar” mağazasının yaxınlığında yerləşən, dövlət mülkiyyətində olan 188 kvadrat metr ölçüdə tullantılarla çirkləndirilmiş torpaq sahəsini istifadə etmək məqsədi ilə torla hasarlayıb. O, əraziyə kənardan torpaq daşıtdırıb, həmin sahəyə ağaclar əkərək yararlı vəziyyətə gətirib.

Lakin “Anar” mağazasının sahibkarı Yavər Bağırov həmin torpaq sahəsinin mağazasının yanında yerləşməklə ona aid olduğunu bildirib və onun torpaq sahəsindən istifadə etməsinə maneçilik törədib. Belədə Elşən İslamov mağaza sahibindən həmin torpaq sahəsinin abadlaşdırılmasına xərclədiyi 2 min manatı, daha sonra isə 4 min manat pulu ödəməsi şərtini irəli sürüb.

Lakin Yavər Bağırov ona heç bir məbləğdə pul ödəməyib, torpaq sahəsini öz adına rəsmiləşdirmək istəyib.

Elşən torpaq sahəsinin qanunsuz olaraq zəbt edilməsi barədə aidiyyəti dövlət orqanlarına müxtəlif vaxtlarda şikayət edib.

Sonda Elşən İslamov yaranmış mübahisə zəminində Yavər Bağırovu öldürmək qərarına gəlib. Sentyabrın 3-də günün ikinci yarısında evdə 300 qram spirtli içki qəbul edib, mətbəx bıçağını cibinə qoyub və saat 19 radələrində “Anar” mağazasına gəlib. Bıçağı çıxararaq kassa arxasında olan Yavərin sol boyun nahiyəsinə bir zərbə vurub.

Yavər Bağırov aldığı zərbə nəticəsində vəfat edib.

İstintaq orqanı tərəfindən E. İslamovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsüf edilib və o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. O, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, Yavər Bağırovun Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilinməsini, barəsində həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş edib.

Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən də apellyasiya şikayəti verilib. Vəkil də təqsirləndirilən şəxsin barəsində olan cəzanın ağırlaşdıərılmasını istəyib.

Şikayətçi qeyd edib ki, təqsirləndirilən şəxsin cinayət əməlini törətməsinə səbəb torpaq sahəsi üzrə pul mübahisəsinin yaranması olsa da, onun hadisədən sonrakı davranışı əməlində xuliqanlıq və tamah niyyətinin olduğu tam aydın olub: “Təqsirləndirilən şəxs mağazanın kassasından pul oğurlayıb və mağazadan çıxarkən götürdüyü pivə butulkasının əvəzini ödəməyib. Mağazanın gəlir dövriyyəsi hesablandıqda hadisə günü əldə edilmiş gəlirin satılan mallara mütənasib olmadığı, kassadakı pulun əskik çıxdığı cinayət işinin materialları ilə tam müəyyən olunub”.

Hər iki şikayətə Şirvan Apellyasiya Məhkəməsində baxılıb. Həm dövlət ittihamçısının protesti, həm də zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilən şikayət təmin olunub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib və Elşən İslamovun barəsində yeni ittihamedici hökm çıxarılıb. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilinib və 17 il müddətinə azadlıqdan məhrum edilib.

Bu hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi kasasiya şikayəti verib. Şikayətdə onun cəzasının yüngülləşdirlməsi istənilib.

Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrlik etdiyi heyət kasasiya şikayətinin dəlillərini araşdırıb.

Yuxarı instansiya məhkəməsinin hakimlər heyəti müdafiəçilərin şikayətlərini əsaslı hesab etməyiblər.


Geri qayıt