Əsas Səhifə > Güney Press > Azərbaycanda problemli kreditlər artır
Azərbaycanda problemli kreditlər artırDünən, 13:20 |
Son zamanlar Azərbaycanda problemli kreditlərin həcmi nəzərəçarpacaq dərəcədə artıb. Bu, həm bank, həm də qeyri-bank kredit təşkilatlarının portfellərinə birbaşa təsir göstərir. Rəsmi məlumatlara əsasən, 2025-ci ilin ilk yarısında ölkə üzrə vaxtı keçmiş kreditlərin ümumi məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli artım nümayiş etdirib. Problemli kreditlərin artmasının bir neçə əsas səbəbi var: - Makroiqtisadi çətinliklər: Son dövrlərdə dünya bazarlarında baş verən qiymət dəyişiklikləri, xarici valyuta məzənnələrində dalğalanmalar və bəzi sahələrdə iqtisadi aktivliyin azalması borcalanların ödəmə qabiliyyətinə mənfi təsir göstərib. - Ailə büdcələrində yükün artması: İstehlak səbətli xərclərin yüksəlməsi, xüsusilə ərzaq və kommunal xidmətlərdə bahalaşma, vətəndaşların kredit ödənişlərinə prioritet ayırmasını çətinləşdirib. - Maliyyə savadlılığının aşağı səviyyəsi: Bəzi borcalanlar kredit götürərkən aylıq gəlirlərinə və uzunmüddətli ödəniş qabiliyyətlərinə uyğun planlama aparmırlar. Problemli kreditlərin çoxalması yalnız maliyyə qurumları üçün deyil, həm də ölkə iqtisadiyyatı üçün risk yaradır. Çünki ödəmə intizamının zəifləməsi, kredit təşkilatlarının yeni kreditlər ayırmaq imkanlarını məhdudlaşdırır və nəticədə biznes aktivliyi azalır. Təbii ki, normalda nə kredit götürən tərəf, nə də banklar üçün bu mənzərə arzuolunan deyil. Çünki hər iki tərəf nəticədə problemlərlə üzləşir, ciddi konfliktlər yaranır, bəzən məsələ məhkəmələrə qədər yol gedir. Odur ki, qarşıdakı dövrdə problemli kreditlərin idarə olunmasında daha çox fərdi yanaşmaya, maliyyə savadlılığının artırılmasına və borclularla açıq kommunikasiya qurulmasına ehtiyac var. Kredit alanlar ehtiyatlı davranmalıdırlar. Kredit verənlər də ciddi araşdırmalardan sonra prosesə start verməlidirlər. Maliyyə sektorunun sabitliyinin qorunması üçün bütün tərəflərin – dövlət qurumları, maliyyə təşkilatları və borcalanların – məsuliyyətli davranması vacibdir. Nair Talıbov, modern.az Geri qayıt |